Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Təhsilin uğurları

 

Təhsil Nazirliyinin musiqi məktəbləri yeni uğura imza atıb

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi Qran-Pri mükafatına layiq görülüb

İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi Zərifə Alxazova violin ixtisası üzrə Qran-Pri mükafatına layiq görülüb. Məktəbin VIII sinif şagirdi Elarə Əliyeva fortepiano üzrə II yerə, hər ikisi violin ixtisası olmaqla IX sinif şagirdi Cəmilə Əsgərzadə II yerə, VII sinif şagirdi Əsədova Ləman III yerə layiq görülərək laureat adını qazanıblar.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri də müsabiqənin qalibləri sırasındadır. Kollecin bu festivala qatılmış 5 nəfərdən ikisi fortepiano ixtisası üzrə - II kurs tələbəsi Günel Rizvanova diplomant və II kurs tələbəsi Eldəniz Ələkbərzadə III yerə layiq görülərək laureat adını qazanıblar.

Musiqi festivalında Türkiyə, Mərakeş, Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, İndoneziya və Azərbaycan nümayəndələri iştirak edib. İfaçılar 2 yaş qrupu - 15 yaşadək və 15-20 yaş arası qruplar üzrə yarışıblar.  

www.edu.gov.az


Qafqaz Universitetinin  komandası İKT üzrə beynəlxalq yarışmanın qalibi olub

Böyütmək üçün şəkili seçinAzərbaycanlı tələbələrin hazırladığı robot bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb

Qafqaz Universitetinin  İnformasiya-Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzinin  robototexnika qrupunun "QUsumo" komandası 8-12 may 2014-cü il tarixlərində Rumıniyada keçirilən  "İnfomatrix" beynəlxalq yarışında iştirak edib. Müxtəlif ölkələrdən çoxlu sayda komandanın qatıldığı yarışda "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləşi robotu bütün "rəqib"lərini (digər komandaların anoloji robotlarını) məğlub edərək qızıl medala layiq görülüb.

Universitetdə kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirlinin iştirak etdikləri bu olimpiada robot sahəsində dünyada ən səviyyəli yarışmalardan hesab olunur. Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və müvafiq dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanırlar. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"


31 yaşlı gənc "Microsoft" şirkətinin ən yüksək mükafatını alıb

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Aydın Əliyev üçüncü dəfə "Ən dəyərli mütəxəssis" mükafatına sahib olub

31 yaşlı istedadlı gənc Aydın Əliyev son 3 ildə ardıcıl olaraq "Microsoft" şirkəti tərəfindən Excel proqramı üzrə "MVP Award" ("Most Valuable Profisional Award" - "Ən dəyərli mütəxəssis" mükafatı) sertifikatına layiq görülüb.

Aydın Əliyev bu sertifikatı ilk dəfə 2012-ci il yanvarın 1-də, ikinci dəfə 2013-cü il yanvarın 1-də, üçüncü dəfə isə bu il alıb. A.Əliyev 3 MVP sertifikatı  alan yeganə  azərbaycanlıdır. İstedadlı gəncin bu uğuru son illər elm və texnologiya sahəsində bir sıra uğurlara imza atan ölkəmizə dəyərli töhfədir.

Aydın Camadin oğlu Əliyev 1983-cü il avqustun 23-də Qərbi Azərbaycanda, Masis rayonunda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2006-cı ildə isə magistraturanı fərqlənmə diplomu ilə başa vurub. Aydın Əliyev hələ tələbə ikən intellektual yarışmalarda iştirak edib və qalib olub. Həmçinin elmi konfranslarda fəal iştirak edib.

Qeyd edək ki, "Microsoft" şirkəti "Ən dəyərli mütəxəssis" ("Most Valuable Profisional") mükafatını 1990-cı ildən MVP adına layiq gördüyü şəxslərə təqdim edir.

MVP-lər heç bir təmənna  olmadan sahib olduqları dərin biliklərini, real dünya təcrübələrini və tərəfsiz, obyektiv əks-əlaqəni paylaşaraq insanların istifadə etdiyi texnologiyanın inkişafı yolunda onlara kömək edirlər.

MVP-lər "Microsoft"dakı adamlarla sıx əlaqələr qurmaq təklifləri alan müstəqil ekspertlərdir. "Microsoft" onlara öz məhsullarına erkən girişi təmin edir və həmçinin onların məhsulların dizaynı və inkişafı  barədə öz tövsiyələrini verə bilmələri üçün imkanlar qazandırır.

MVP-lər aktiv surətdə onlayn və oflayn fəaliyyətləri ilə ictimaiyyətə yardımçı olurlar. MVP-lər "Microsoft"un istehlakçı bazasına və texnologiyasının genişlənməsinə təsir edirlər. 20 il bundan əvvəl "Microsoft"un MVP-lərinin sayı 34 nəfər idi. Dünyada 100 milyon istifadəçi texnoloji qruplarda iştirak edir və onlardan yalnız 4 min nəfərə yaxını "Microsoft"un MVP-ləri adına layiq görülüb. MS Excel proqramı üzrə "MVP Award" mükafatına layiq görülənlərin sayı isə 100-ə yaxındır. Bu statistik rəqəmlər "Microsoft" un təqdim etdiyi "MVP Award" mükafatının nə qədər dəyərli və nadir bir mükafat olmasından xəbər verir.

Məlumat üçün onu da bildirək ki, MVP-lər dünyanın 90-dan çox ölkəsində yaşayır, təqribən 40 dildə danışırlar. Onlar tərəfindən hər il 10 milyondan artıq sual cavablandırılır. MVP-lər təcrübələrini "Microsoft"un 90-a yaxın texnologiyası üzrə bölüşürlər.

Bu mükafat bir il ərzində davam edir. Bu müddət ərzində "MVP Award"  mükafatına layiq görülən hər bir kəs "Microsoft"un MVP-ləri adlandırılır. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov