Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Əlli dörd il sonra məzunlar "Son zəng" günü  bir araya gələcəklər

 

Hər birimizin həyatında unudulmayan hadisələrdən biri də "Son zəng" günüdür. Yaşımızdan, cəmiyyətdə tutduğumuz mövqeyimizdən asılı olmayaraq üstündən neçə-neçə illər keçsə də həmin  gün bizim yaddaşımızda unudulmaz anları ilə yadda  qalıb. Xüsusilə insan yaşlaşdıqca  kövrəkləşir, ötən illərində qoyduğu  uşaqlığını bir daha yaşamaq istəyir, vaxtilə dərs demiş müəllimlərinin xoş sözlərini, nəsihətlərini eşitmək, onlarla yenidən görüşüb həyatda qazandıqları, əldə etdikləri uğurlarını birlikdə paylaşmaq arzusunda olur. 54 il bundan qabaq Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbini bitirmiş məzunlar da yenidən o günləri, məktəb illərini yada salmaq üçün mayın 31-də "Son zəng" günü  vaxtilə onlara dərs demiş, tanınmış pedaqoq, təcrübəli təhsil işçisi Həmid Tağıyevin adını daşıyan Sabirabad kənd 2 nömrəli tam orta məktəbində bir araya gələcəklər. Artıq bununla bağlı istər adıçəkilən məktəbdə, istərsə də məktəbi 54 il bundan qabaq bitirmiş məzunlar tərəfindən ciddi hazırlıq işləri görülməkdədir. Tədbirin əsas təşkilatçılarından biri Nadir Eminovla söhbətimiz zamanı ağsaqqal "məzun" 54 il əvvələ qayıdaraq bunları qeyd etdi:

- Biz 1960-cı ildə 12 nəfərlə orta məktəbi bitirdik. Əksəriyyətimiz ali təhsil alaraq müxtəlif sahələrdə uzun illər çalışmışıq. Artıq təqaüdə çıxmışıq. 12 nəfərdən 5-i dünyasını dəyişib. İllərlə bir yerdə təhsil aldığımız yoldaşlarımız təəssüf ki, artıq aramızda yoxdur. Bu bizi çox kədərləndirir.

Sağ qalan yoldaşlarımızla belə qərara aldıq ki, 70 yaşlı biz məzunlar bir araya gələk. Arayıb-axtarıb müəllimlərimizi də tapmışıq. Vaxtilə bizə dərs demiş Azərbaycan dili və ədəbiyyat müəllimi, uzun illər  məktəbimizin direktoru olmuş Həmid Tağıyevin  həyat yoldaşı 82 yaşlı  Sevil Tağıyevanı, kimya müəllimimiz, hazırda Tovuz rayonunun Əlimərdanlı kəndində yaşayan 81 yaşlı  Hümbət Həsənovu da görüşə dəvət etmişik. Onları aramızda görmək bizə o qədər xoşdur ki...

Bu tədbiri keçirməyimizdə digər məqsədimiz vaxtilə bizim məktəbdə direktor işləmiş Həmid Tağıyevin əziz xatirəsini ehtiramla anmaqdır. 1994-cü ildən Cəlilabad rayonunun Sabirabad kənd 2 nömrəli tam  orta məktəbi bu təcrübəli pedaqoqun adını daşıyır. Bu il həmin məktəbə Həmid Tağıyevin adının verilməsinin 20 ili tamam olur.

Doğma müəllimlərimizlə, sinif yoldaşlarımızla göruşümüzü həyəcanla, səbirsizliklə gözləyirəm.  Ümid edirəm ki, müəllimlərimizlə, sinif yoldaşlarımızla  təkrar 54 il sonra bir araya gəlməyimiz, dünyasını dəyişmiş sevimli pedaqoqlarımızı, direktorumuz Həmid Tağıyevi, sinif yoldaşlarımızı xatılamağımız, məktəb illəri ilə bağlı xoş xatirələrimizi, təəssüratlarımızı həmin günü "Son zəng"i olacaq neçə-neçə yeniyetmə oğul və qızlarımızla bölüşməyimiz  onlar üçün bir örnək, bütövlükdə tədbirdə iştirak edəcək hər bir kəs üçün maraqlı olacaqdır.   

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov