Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Qafqaz Universiteti XVII buraxılışını bayram etdi

 

İyunun 11-də Qafqaz Universitetində bu ali təhsil müəssisəsinin XVII buraxılşına həsr olunmuş "Məzun-2014" mərasimi keçirildi. "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi ilə düzənlənən tədbirdə  məzunları təbrikə gəlmiş dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, ölkəmizin və Türkiyənin  bir sıra ali məktəblərinin nümayəndələri, valideynlər iştirak edirdilər. Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonaqlara təşrif üçün minnətdarlığını bildirdi və məzunları təbrik etdi. Rektor  3700 tələbəsi olan universitetlərinin ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ildə fəaliyyətə başladığını və indiyə qədər ölkəyə 4 minədək məzun verdiyini, ildən-ilə inkişaf edən təhsil ocaqlarına Azərbaycan Prezidenti İlham Əliyevin diqqət göstərdiyini  qeyd etdi. Bildirdi ki, texnologiyalar və innovasiyalar əsri olan XXI əsrdə dövrün tələbləri və çağırışlarına cavab verən yüksəkixtisaslı mütəxəssislər  hazırlanmasını əsas hədəfi sayan universitet dünyanın çoxlu sayda universiteti ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Qeyd olundu ki, bu il Qafqaz Universitetini 660 gənc bitirir. Onlardan 170-i magistratura pilləsinin məzunudur. Bu il universitetə 930 plan yeri ayrılıb ki, bu da ötən ildəkindən 128 yer çoxdur. Plan yerlərinin 530-u dövlət sifarişli yerdir.

Tədbirdə illərlə davam edən ənənəyə uyğun olaraq  təhsil aldıqları dövrdə bilik yarışlarında, olimpiadalarda, yaradıcılıq müsabiqələrində fərqlənmiş, bölmə, fakültə, universitet birincisi olan məzunlara hədiyyələr təqdim edildi. ARDNŞ-ın vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi İdarə Heyətinin sədri Xalik Məmmədov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, "Azərkimya" İstehsalat Birliyinin direktoru Muxtar Babayev, Türkiyənin Hacettepe Universitetinin dekanı Mehmet Dəmir Həsən, Milli Məclisin deputatı Arif Əşrəfov və başqaları çıxış edərək məzunlara təbriklərini çatdırdılar, onlara  uğurlar arzuladılar.

Mərasim tələbələrin hazırladıqları  bədii hissə ilə davam etdirildi.    

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov