Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Bakıda müəllimlərin sınaq qiymətləndirilməsi davam edir

 

Sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin imtahanla bağlı təəssüratları 

Böyütmək üçün şəkili seçinİyunun 10-da Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə başlanıldı. Sınaq qiymətləndirilməsində iştirak edən müəllimlərin rahatlığının təmin edilməsi üçün seçilmiş mərkəzlərdə hər cür şərait yaradılıb.

Qeyd edək ki, sınaq qiymətləndirilməsi Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərini əhatə etməklə  10-13 iyun 2014-cü il tarixlərində keçirilir. İyunun 10-da  rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin sınaq qiymətləndirilməsi aparıldı. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix,  gənclərin çağırışaqədərki hazırlığı, biologiya fənlərini tədris edən müəllimlərin sinaq qiymətləndirməsi başa çatdı. İyunun 13-də isə fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilik və bacarıqları yoxlanılacaq.

İmtahanlar Bakı şəhərində 4 zona üzrə məktəblərdə, 2 növbədə (10:00 - 12:00, 15:00 - 17:00) keçirilir. Bu məqsədlə 30 mərkəz müəyyən edilib.

Sınaq qiymətləndirilməsində Bakı şəhəri üzrə ümumilikdə 357 məktəbin 30070 müəlliminin iştirakı gözlənilir.

 

 

"Tam obyektiv bir imtahan keçirildi" 

Sürəyya Bağırova, Səbail rayonu, 239 nömrəli tam orta məktəbin müəllimi: "Mənə "A" variantı düşmüşdü. Sualların hamısını cavablandırdım. Amma nə dərəcədə düzgün olduğunu imtahanın nəticələri məlum olanda biləcəyəm. İxtisasdan ümumiyyətlə, çətinliyim olmadı. Düzdür, bəzi suallarda çətinliklərlə qarşılaşdım. İmtahanın keçirilməsi üçün hər bir şərait yaradılmışdır. Tam obyektiv bir imtahan keçirildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini düşünürəm. Yuxarı siniflərdə dərs dediyim üçün kurikulum təlimindən hələ keçməmişəm. Lakin buna baxmayaraq kurikulum haqqında özüm oxumuşam və demək olar ki, 80-90 faiz mənimsəmişəm".

 

 

 

"Sual kitabçaları paylanmamışdan qabaq həyəcanlanmışdım"

 Səbinə Səmədova, Səbail rayonu, 162 nömrəli tam orta məktəbin müəllimi: "Sual kitabçaları paylanmamışdan qabaq həyəcanlanmışdım. Lakin suallara baxandan sonra bu həyəcanım keçdi. Çünki sualların demək olar ki, əksəriyyətini əminliklə yazdım. Ümumilikdə təxminən 5-7 sual arasında şübhələrim oldu. İmtahanın normal şəraitdə keçirildiyini düşünürəm. Metodiki suallar da bir o qədər çətin deyildi. Əgər müəllim öz üzərində işləyərsə, bilik və bacarığını artırmağa cəhd göstərərsə asanlıqla hər bir maneəni dəf edə bilər. Bu bizim özümüzü yoxlamaq üçün yaxşı fürsət oldu".

 

"Suallar bir o qədər də çətin deyildi"

Nigar Abbasova, Binəqədi rayonu, 115 nömrəli tam orta məktəbin müəllimi: "Sualların demək olar ki 95%-nə cavab verdim. Bir az yeni dövr ədəbiyyatından olan suallardakı şeirlərlə bağlı tərəddüd etdiklərim oldu. Ümumiyyətlə, suallar bir o qədər də çətin deyildi. Azərbaycan dilindən olan sualları çox sərbəst və rahat şəkildə yazdım. Kurikulum təlimindən keçməməyimə baxmayaraq bununla bağlı da yaxşı hazırlaşmışdım. Düşünürəm ki suallara düzgün cavablar yazmışam. Sınaq qiymətləndirilməsinin keçirilməsi müəllimlərin həm də özlərinə hesabat verdiyi bir qiymətləndirmədir".

 

"Sınaq qiymətləndirilməsinin hər 3 ildən bir keçirilməsinin tərəfdarıyam" 

Asif Salmanov, Binəqədi rayonu, 314 nömrəli tam orta məktəbin müəllimi:  "İmtahan çox normal keçdi. Suallar da asan idi. Təbii ki, bilənlər üçün. Fənn tədris edən müəllimlər üçün sualları cavablandırmaq adi haldır. Mənə "D" variantı düşmüşdü. Sualların hər birini cavablandırdım. Düzdür, bir az ədəbiyyatdan çətinliyim oldu, amma düşünürəm ki, öhdəsindən gələ bildim. Sınaq qiymətləndirilməsinin hər 3 ildən bir keçirilməsinin tərəfdarıyam. Məncə bu, müəllimlərdə məsuliyyəti daha da artırar".

 Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov