Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Beynəlxalq müsabiqələr qalibi

 

Hər dəfə beynəlxalq müsabiqə və festivallarda qalib adını qazanan yeniyetmə və gənclərin xoş sorağını eşidəndə qürur hissi keçiririk. Belə gənclər cəmiyyətdə öz sözlərini deməyi bacaran,  dünyagörüşləri, intellektual səviyyələri, həyata baxışları və istedadı ilə seçilən fəal gənclərdir. Haqqında danışmaq istədiyimiz Vurğun Vəkilov da  nümunəvi gənclərdəndir. 1998-ci ildə  Bakı  şəhərində  anadan olan Vurğun 2004-cü  ildə Bülbül  adına  Orta  İxtisas  Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil  olub. O, 2005-ci  ildə   keçirilən  "Kövkəb Səfərəliyeva  adına  gənc ifaçıların  III  festivalı"nda fəxri  fərmanla  təltif edilib. V.Vəkilov Heydər Əliyev Sarayında keçirilən  Səməd Vurğunun 100 illik, filarmoniyada keçirilən Asəf Zeynallının 100 illik, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən Qara Qarayevin 90 illik  yubileylərinə həsr  olunmuş  konsertlərdə,  2007-ci  ildə R.Mustafayev adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  keçirilən "İsmayıl  Hacıbəyov"  kitabının  təqdimat mərasimində, "Səməd  Vurğun", "Niyazi", "Rostropoviçlər" ev-muzeylərində, "Kapellhaus"da  və  bir  çox  konsert  salonlarında  çıxış edib. Həmin il   R.Mustafayev  adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  keçirilən "İsmayıl  Hacıbəyov" kitabının  təqdimat   mərasimində  iştirak edən yeniyetmə 2007-ci ildə "Səməd Vurğun fondu"nun prezidenti Aybəniz Vurğun qızı tərəfindən klassik musiqi əsərlərini məharətlə ifa etdiyinə görə "Səməd Vurğun mükafatı"na layiq görülüb. O, 2008-ci il aprelin  22-də solo konsert verib və  ulu  öndər  Heydər  Əliyevin anadan olmasının  85  illik  yubileyinə  həsr  olunmuş  gənc  ifaçıların  I  Respublika  müsabiqəsində  birinci  yerə  layiq  görülərək diplomla mükafatlandırılıb. Vurğun Azərbaycan Respublikasının xalq artisti maestro Rauf  Abdullayevin müşayiətilə filarmoniyada "Qala konsert"də V.A.Motsartın fortepiano və orkestr üçün 23 nömrəli konsertinin I hissəsini ifa edib. 2011-ci ilin mayında İtaliyanın Pesaro şəhərində keçirilən VIII "Çitta di Pesaro" Beynəlxalq müsabiqəsində birincilik qazanaraq diploma layiq görülüb. Musiqi sahəsində qazandığı nailiyyətlər nəzərə alınaraq onun adı 2009-cu il mayın 5-də Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq sərəncamına  əsasən  Azərbaycanın  gənc  istedadlarının  "Qızıl  kitabı"na  daxil olunmaqla o, xüsusi  aylıq  təqaüdə  layiq  görülüb. Ümumiyyətlə, onun musiqi sahəsində qazandığı uğurları sadalamaqla qurtaran deyil. Hələ yeniyetməlik dövrünü yaşayan bu musiqiçi kifayət qədər diplom və mükafatların sahibidir və bütün bunlar musiqiçiyə hədsiz sevinc bəxş edir. İstər beynəlxalq, istərsə də  klassiklərin yubiley  tədbirlərində Vurğunun çıxışları həmişə alqışlarla qarşılanıb. Ən böyük uğurları hələ  qabaqda olan Vurğuna gələcəkdə  bu müqəddəs sənətin korifeyləri sırasında olmağı arzulayırıq.  

Hazırda o, XI  sinif  şagirdidir. İxtisas  müəllimləri Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi Oqtay Abasquliyevdən dərs alır.   

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov