Zəngin
biliyi, dünyagörüşü, xarakteri və xoş davranışı ilə
hamıya nümunə olan müəllimlər gənc nəslin tərbiyəsində
müstəsna rol oynayır. Xoşbəxt o müəllimdir ki, onu
şagirdləri bir ömür boyunca hər zaman xatırlayır. İlk
gənclik illərindən yorulmadan hər səhər dərsə,
şagirdlərinin yanına tələsən təcrübəli pedaqoqlarımızdan
biri də Bakıdakı 129 nömrəli tam orta məktəbdə çalışan
İsfəndiyar Əliyevdir. 1981-ci ildən bu məktəbdə
gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyən
İsfəndiyar Əliyevin dərs dediyi şagirdlərin səsi bu gün
səriştəli mütəxəssis kimi neçə-neçə elm ocaqlarından,
hərbi hissələrdən gəlir. Ömrünü gənclərin vətənpərvərlik
tərbiyəsinə həsr edən İsfəndiyar müəllimin ən ali
məqsədi işlədiyi illər ərzində torpağını sevən,
vətəninin müdafiəsinə daim hazır olan vətənpərvər
gənclər yetişdirməkdən ibarət olub. Ürəyi vətənə,
şagirdlərinə məhəbbət hissi ilə döyünən İsfəndiyar
müəllim həm də maraqlı müsahibdir:
- Doğulduğum Lənkəran rayonunun Vilvan kəndi təbiətinə
görə respublikamızın ən axar-baxarlı yerlərindən
biridir. İllərdir ki, paytaxtda yaşasam da, ürəyim hər
zaman ilk beşiyim olan Vilvanla döyünür.
- Yəqin ki, kənddən uzaq düşməyinizin əsas səbəbi ali
təhsil almağınızla bağlı olub?
-
Əslində, qısa həyat tarixçəm belədir: 1968-ci ildə orta
məktəbi bitirəndən sonra kəndimizdəki 8 illik məktəbdə
pioner baş dəstə rəhbəri işləyirdim. Bir gün ordu
sıralarına çağırıldım və Almaniya Demokratik
Respublikasına göndərildim. Xidmət illərim mənim üçün
çox yaddaqalan oldu. Hər şeydən əvvəl dünyagörüşüm
zənginləşdi. Orta məktəbdə oxuduğum illərdə Böyük Vətən
müharibəsi barədə kitablardan oxumuş, yaşlıların,
müharibə iştirakçılarının söhbətlərini dinləmiş,
kinofilmlərə baxmışdım. Amma Almaniyada qulluq edərkən
çox mətləblər mənə aydın oldu...
Elə o illərdə məndə hərb sənətinə güclü bir meyil
oyandı. Adam silahların dilini öyrəndikcə, texnikaya
dərindən bələd olduqca insanpərvərliyə daha çox
köklənir. Həyatın, insanlığın, humanizmin dəyərini daha
çox anlayır.
Beləliklə, mən Almaniyadan vətənə gənc zabit kimi
qayıtdım. Xarici Dillər İnstitutunun ingilis dili
fakültəsinə qəbul olundum. Ali məktəbi bitirdikdən sonra
1981-ci ildə 129 nömrəli tam orta məktəbdə əmək
fəaliyyətimə başladım. Artıq 34-cü ildir ki, bu məktəbdə
gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyirəm.
- "Vətənpərvərlik insanda südlə-sümüklə yoğrulur"
deyiminə münasibətiniz?
- Vətənpərvərlik ata-ananı sevməkdir. Ata-ananı sevmək
vətəni sevməkdir. Torpağının, vətəninin qədrini bilməyən
övlad təbii ki, valideyninin də qədrini bilməyəcək.
Azərbaycan övladı mərddir, qorxmazdır. Əgər belə
olmasaydı, bu gün respublikamızın hər bir rayonunda,
şəhərində şəhidlər xiyabanı olmazdı. Bu gün o
xiyabanlarda uyuyan şəhidlərin başdaşları bizi hər zaman
vətənimizi qorumağa, tökülən qanların qisasını almağa
səsləyir. Heç təsadüfi deyildir ki, Heydər Əliyev
Fondunun 10 illik yubileyində Fondun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
vətənpərvərlik mövzusunu dövrün tələbi kimi
səsləndirmişdir.
- Gənclərin çağırışaqədərki hazırlığı fənninin
tədrisində illərin təcrübəsinə maliksiniz.
- Təkcə son bir ildə qazandığım nailiyyətlərim göz
qabağındadır. Gənclərin çağırışaqədərki hazırlığı
dərsliyinin hazırlanmasında, araya-ərsəyə gəlməsində,
proqramın tərtib edilməsində ekspert şurasının
tərkibində mən də iştirak etmişəm.
İsfəndiyar müəllimin yaratdığı baza-kabinet
129 nömrəli tam orta məktəbdə İsfəndiyar müəllimin
rəhbərlik etdiyi gənclərin çağırışaqədərki hazırlıq fənn
kabineti 2005-ci ildən Nizami və Nərimanov rayonları
arasında baza-kabinet kimi fəaliyyət göstərir. Bu,
respublikamızda ən nümunəvi baza- kabinetlərdən sayılır.
İsfəndiyar müəllimin uzun illər ərzində min bir zəhmət
bahasına, böyuk şövqlə, peşəsinə sonsuz məhəbbətlə
qurub-yaratdığı, müasir tələblərə cavab verən bu
baza-kabinet məktəblilərin ibtidai hərbi hazırlığının
yüksək səviyyədə təşkil olunmasına təminat verir. Heydər
Əliyev Fondunun dəstəyi ilə çap olunaraq kabinetə
hədiyyə edilmiş plakatlar və digər əyani vəsaitlər də
ilbəil yeniləşir və təkmilləşdirilir. Fənn üzrə bütün
yeniliklər şagirdlərə bu baza-kabinet vasitəsilə
çatdırılır. Respublika və rayondaxili təhsil ocaqları
arasında keçirilən "Şahin", "Cəsurlar" hərbi idman
yarışlarında İsfəndiyar müəllimin yetirmələrinin
qazandığı uğurlar məhz bu baza-kabinetdə öyrəndikləri
hərbi biliklərin və vərdişlərin sayəsindədir. Təcrübəli
müəllim otən bu illər ərzində əldə etdiyi yüksək bilik
və bacarığını yeniyetmələrdən əsirgəməyib, onların
fiziki cəhətdən sağlam, vətənə gərəkli, vətənpərvər gənc
kimi yetişməsinə xüsusi səy göstərib və bu sahədə həmişə
uğur qazanıb.
Bu günün şagirdi sabahın əsgəridir
Vətən uğrunda vuruşan, canından keçən mərd igidlərimizin
şərəfli ömür tarixçəsini, həmçinin vətənə məhəbbət,
torpağa sevgi kimi ülvi hissləri yetişməkdə olan gənc
nəslə aşılamaq İsfəndiyar müəllimin əsas iş
prinsiplərindəndir. Onun tədris etdiyi hərbi dərslər
təkcə nəzəri biliklər, silah növləri, qumbaralar,
minalar və zirehli texnikalar haqqında, həmçinin Silahlı
Qüvvələrimizin nizamnaməsi barədə məlumat verməklə
bitmir. Eyni zamanda hər ilin payız aylarında Nizami
Rayon Hərbi Komissarlığı ilə rayon icra hakimiyyətinin
birgə razılığı əsasında məktəblilər hərbi hissələrə
aparılır. Şagirdlər burada əsgər və zabitlərlə görüşür,
onların gündəlik xidməti vəzifələri ilə maraqlanır, hərb
sənətinin sirləri, zirehli texnika ilə əyani şəkildə
tanış olurlar. Beynəlxalq aləmdə silah növlərinin daim
yeniləşdiyi və təkmilləşdiyi bir zamanda İsfəndiyar
müəllimin fikrincə bu cür praktiki dərslərin əhəmiyyəti
çox böyükdür. Çünki gənclərin hərbi hazırlığının
təkmilləşdirilməsi onların bilavasitə dünyagörüşlərinin
formalaşmasına güclü təkan verir. Bu bir faktdır ki,
onun yetirmələri məhz hərbi biliklərin yüksək səviyyədə
öyrənilməsi, aparılan dərslərin səmərəliliyi sayəsində
əldə etdikləri bilik və bacarıqları ilə Azərbaycan
Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə görə hər
zaman fərqlənirlər.
Çəkilən zəhmət səmərəsiz qalmır
Qarşımda müxtəlif təşkilatlardan İsfəndiyar Əliyevin
adına ünvanlanmış xeyli sayda diplomlar, təşəkkür
məktubları, fəxri fərmanlar var. Onları bir-bir nəzərdən
keçirirəm. Müxtəlif illər ərzində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin "Pedaqoji sahədə səmərəli fəaliyyətinə
və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara
görə" fəxri fərman, Respublika Təhsil Nazirliyinin
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı, həmçinin Nizami rayon Hərbi Komissarlığı, Nizami
Rayon İcra Hakimiyyəti tərəfindən verilən diplomlar,
təşəkkür məktubları, çalışdığı təhsil ocağından verilmiş
neçə-neçə fəxri fərmanlar ehtiyatda olan zabit
İsfəndiyar Əliyevin əməyinə verilən qiymətdir. Bu
təşəkkür məktublarında, fəxri fərmanlarda və diplomlarda
təcrübəli pedaqoqun gənclərin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunmasında hərbi bilik və bacarığını
əsirgəməyərək üzərinə düşən vəzifəni layiqincə yerinə
yetirməsi, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri
kimi neçə illik səmərəli fəaliyyəti yüksək
dəyərləndirilir. Yeniyetmələrin RHK-da çağırış
məntəqəsinə təhkim edilməsində, çağırışçıların
sənədlərinin vaxtında toplanıb verilməsində İsfəndiyar
müəllimin xidmətləri nəzərəçarpandır. C.Naxçıvanski
adına hərbi liseyə və ali hərbi məktəblərə namizədlərin
seçilməsində şagirdlər arasında dəqiq araşdırmalar
aparan İsfəndiyar müəllimin yetirmələrinin çoxu orduda
nümunəvi xidmət edərək zabit peşəsinə yiyələnir.
"Müəllim adımla fəxr edirəm"
Bu il fevralın 15-də İsfəndiyar müəllimin 63 yaşı tamam
oldu. Geridə nələr qaldı? Şərəfli müəllim ömrü!
İsfəndiyar müəllim bu barədə özü belə deyir:
- Çalışdığım məktəbdə təlim-tərbiyənin, tədrisin
səviyyəsi çox yüksək vəziyyətdədir. Müəllim peşəsindən
söhbət düşəndə ulu öndərimizin vaxtilə dediyi: "Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram" kəlamını qürurla
xatırlayıram. Bu sözlər hər zaman məni daha həvəslə,
daha gərgin işləməyə ruhlandırır. Bunu etiraf etmək çox
xoşdur ki, işimdən zövq alır, şərəfli və müqəddəs peşə
olan müəllim adımla fəxr edirəm.
Həyat yoldaşım Kifayət xanım da müəllimdir. Oğullarımız
Taleh və Araz halal müəllim çörəyi ilə böyüyüb. İki
nəvəmiz var, böyüyü birinci sinifdə oxuyur.
Məqsədim vətənə sədaqətlə qulluq etmək, torpaqlarımızın
erməni işğalından azad olunmasında gənc vətənpərvərlər
yetişdirməkdən ibarətdir. Dönüb geriyə boylananda 34
illik müəllimlik fəaliyyətimi, işıqlı, nurlu, zəkalı
şagirdlərimi görürəm. Amma daha çox qarşıya, sabaha
boylanmaq istəyirəm. Çünki qarşıda Ali Baş
Komandanımızın rəhbərliyi sayəsində qazanacağımız
Qələbə günümüz var.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |