Hər il olduğu kimi, bu il də Azərbaycan Müəllimlər
İnstitutunun Sumqayıt filalında ibtidai sinif
müəllimləri üçün təşkil olunmuş iyunun əvvəlindən
başlanan məşğələlər ayın sonuna kimi davam edəcəkdir.
Şəhərimizin tam orta məktəblərində çalışan və Qubadlı
Rayon Təhsil Şöbəsi tərəfindən göndərilmiş ibtidai sinif
müəllimləri bu kursun dinləyiciləridir.
Filialda kursda iştirak edən dinləyicilər üçün sinif
otaqları və geniş auditoriyalar ayrılmışdır. Kurs
məşğələlərinin keçirilməsində əsas məqsəd ibtidai
siniflərdə tədris olunan fənlər üzrə fənn
kurikulumlarının öyrədilməsi, kurikulumun məzmunu,
strukturu, tətbiq edilməsi və tələblərinin öyrədilməsi
məsələləri ilə əlaqədar müəllimlərə köməklik
göstərməkdir. Bu sahədə Azərbaycan Müəllimlər
İnstitutunun pedaqogika və psixologiya üzrə tanınmış
alimləri və filialın müəllimlərindən - Lalə Əliyeva,
Əhliman Dadaşzadə, Tahirə Qasımova və başqaları
dinləyicilərə əyani şəkildə köməklik göstərirlər.
Beləliklə, mühazirə və həm də seminarları aparan
müəllimlər ayrı-ayrı fənlərin tədrisi zamanı dərslərin
müasir tələblərə cavab verəcək və şagirdlər tərəfindən
dərk ediləcək səviyyədə kurs dinləyicilərinə daha
ətraflı məlumat verirlər. Həmçinin şəhərimizin orta
ümumtəhsil məktəblərində çalışan qabaqcıl və təcrübəli
müəllimlərdən Almaz Namazova, İbrahim Kazımov, Çingiz
Salmanov, Rəşid Hümmətov və Fikrət Nəzərov da kurslarda
mühazirə və seminar dərsləri aparırlar.
Əlhəddin PAŞAYEV,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti |