İyunun 24-də Sumqayıt Dövlət Universitetində Təhsil
Nazirliyi və MƏDƏD təşkilatının birgə dəstəyi ilə ali
məktəblərdə kurikulum islahatlarının tətbiqi ilə bağlı
nəzərdə tutulmuş kurslar öz işinə başlamışdır.
Sumqayıt Dövlət Universitetində keçirilən kursun əsas
məqsədi kurikulum haqqında müəllimləri ətraflı
məlumatlandırmaq, pedaqoji və metodika sahəsi üzrə
təhsil alan tələbələrdə ümumi təhsilin fənn
kurikulumlarını aşılamaqdır.
Qeyd edək ki, 2014-2015-ci illərdə SDU-da ibtidai sinif
müəllimliyi üçün nəzərdə tutulmuş əlavə fənlər tədris
olunacaq. Kurikulum müasir dərs modelinin əsas
çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin
məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini,
nailiyyətlərini, onların qiymətləndirilməsini əks
etdirəcək.
Kursda universitetin müxtəlif ixtisaslar üzrə tədrisin
metodikası kafedralarının müəllim heyəti iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri
İnstitutunun böyük elmi işçisi, kurikulum üzrə təlimçi
Nurlanə Məmmədova tədbirin əhəmiyyətindən danışıb.
Bildirmişdir ki, kurikulumların, ümumilikdə təhsildə
aparılan inkişafyönümlü addımların daha uğurlu
alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin
rolu danılmazdır. Təlimçi Nurlanə Məmmədova kurikulum
anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat
verərək bildirib ki, kurikulum mənşəcə latın sözü olub,
mənası "yol", "istiqamət" deməkdir. Diqqətə çatdırılıb
ki, bizim tutduğumuz yol Azərbaycan təhsilinin
inkişafına uğurlu töhfələr verəcəkdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin "Təhsil hər bir
dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə
bilməz" müdrik kəlamı vurğulandı.
Həmçinin diqqətə çatdırılıb ki, 24 gün davam edəcək
kursda hər gün yeni mövzu seçiləcəkdir. Kursun sonunda
iştirak edən müəllimlərə sertifikat verilməsi nəzərdə
tutulur.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Mətbuat xidməti |