Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Azərbaycanlı alim dünyanın görkəmli alimlərinin siyahısında yer alıb

 

Dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan "Tompson Röyter"  beynəlxalq miqyasda  tanınan  və  elmi məqalələrindən  ən  çox  sitat  gətirilən  görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib. Bütün dünya üzrə 3215 alimin yer aldığı siyahıda Azərbaycan təhsilinin yetirməsi, Bakı Dövlət Universitetinin məzunu, hazırda ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışan  Asəf Salamov da var. Nobel mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf  Salamov  2 istiqamət -  kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox sitat gətirilən alimlərdən biridir.

Asəf  Salamov 1961-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. O, təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Müəyyən müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib. 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1993-cü illərdə AMEA Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kompaniyasında işləyib. 2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş Genom İnstitutunda çalışır. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf  Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələri dəfələrlə yüksək impakt-faktora malik çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir.

Adıçəkilən siyahıda ABŞ-dan 1717, Böyük Britaniyadan 340, Almaniyadan 164, Çindən 160, Fransadan 100, İsraildən 10 alimin adı yer alıb. Həmyerlimizin dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan  "Tompson Röyter"in reytinq siyahısında yer alması təhsil və elmimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov