İyunun 25-də Azərbaycan Müəllimlər İnstitutunda
"Məzun-2014" adlı tədbir keçirilib. Tədbirdə institut
rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə
yanaşı, qonaqlar, o cümlədən Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısının müavini İradə Mahmudova,
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf
Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
nümayəndəsi Samir Kazımov da iştirak ediblər. Əvvəlcə
tədbir iştirakçıları tərəfindən institutun nəzdində
fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ziyarət olunub,
ümummilli liderin büstü önünə əklil qoyulub.
Tədbiri institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı açaraq məzunları təbrik edib
və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor
qeyd edib ki, 2014-cü ildə Azərbaycan Müəllimlər
İnstitutu və onun filialları üzrə, ümumilikdə, 1856
bakalavr və baza institutunda 24 magistr məzun olur.
Vurğulanıb ki, məzun olmaq təkcə yüksək şərəf deyil,
Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq
borcudur. Məzun olmaq həm də yüksək ictimai
məsuliyyətdir. Çətin və şərəfli olan müəllim peşəsinə
yiyələnmiş məzunlar məhz gələcək nəslin tərbiyə
edilməsində əsas rol oynayacaqlar.
Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin
"Mən dünyada müəllim adından yüksək ad tanımıram" fikri
müəllimlərə verilən ən yüksək qiymətdir. Ulu öndərin
ideyaları indi də yaşayır, inkişaf edir. Ölkəmizdəki
bütün quruculuq işləri məhz bu ideyaların həyata
keçirilməsi istiqamətində gedir. Heydər Əliyev siyasəti
cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Bu il institutda əlamətdar bir hadisənin - Azərbaycan
Müəllimlər İnstitutunun yaradılmasının 85 illiyinin qeyd
ediləcəyini bildirən A.Naxçıvanlı tədbir iştirakçılarını
"Məzun günü", eyni zamanda 26 iyun - Azərbaycan
Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik
edib.
Dövlət himni səsləndirildikdən sonra çıxış edən
qonaqlar məzunları təbrik ediblər. Çıxışlarda qeyd
olunub ki, bu gün gənclərin inkişafı üçün yaradılan
şərait onların cəmiyyətin bütün sahələrində təmsil
olunmasına imkan yaradır. Təməli ulu öndərimiz
tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Daha sonra təhsildə və institutun ictimai işlərində
fəallığı ilə fərqlənmiş məzunlara fəxri fərmanlar təqdim
edilib.
Mətbuat xidməti |