Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

ABŞ, İsveçrə və Çində təhsil alan tələbələrin aylıq təqaüdləri artırılıb

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.

Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam etməkdədir.

Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda Nazirlik tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.

Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb.

Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/

Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər.

Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov