İyulun
6-da Təhsil Nazirliyi tərəfindən SABAH qruplarına qəbul
imtahanı keçirilib.
İmtahan Azərbaycan Dövlət İqtisad və Naxçıvan Dövlət
Universitetlərində təşkil olunub. İmtahan saat 10:00-da
başlayıb və 11:30-da başa çatıb. Tələbələr imtahanda
ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla,
ümumilikdə 50 sualı cavablandırıblar. Hər bir sual 1
balla qiymətləndirilir və səhv cavablar düz cavabları
ixtisar etmir.
İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə
ərzində elan olunacaqdır. Nəticələr Təhsil Nazirliyinin
rəsmi internet səhifəsində və
www.sabah.edu.az saytında yerləşdiriləcəkdir.
İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə
yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq.
Hər iki mərhələdən-test imtahanı və müsahibədən keçən
tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun
olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil
müəssisələrində davam etdirəcəklər.
Qeyd edək ki, ali təhsil sistemində yeni yaradılan
SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın
12-dən iyunun 15-dək aparılıb. Bu müddət ərzində
imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən
çox tələbə qeydiyyatdan keçib.
Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil
edilən SABAH qrupları müasir tələblərə cavab verən
mütəxəssislərin hazırlanması işinə böyük təkan
verəcəkdir. Növbəti tədris ilindən 1300 tələbə II
kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı
ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin
olunacaqlar. |