Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Naxçıvan Dövlət Universitetində beynəlxalq simpozium

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan-9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris" mövzusunda beynəlxalq simpozium keçirilib. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları, təhsil nazirlərinin, türkiyəli qonaqların iştirak etdiyi beynəlxalq simpoziumdan əvvəl elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilib. Elektronika sərgisində nümayiş olunan, universitetin memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələrlə tanışlıq olub. Müəllim və tələbələrin əl işlərindən ibarət, rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi də maraqla qarşılanıb.

Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin İKT-nin inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, regionda qazanılan uğurlar barədə məlumat verib. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir. Rektor ölkə rəhbərliyi tərəfindən tədrisdə İKT-nin tətbiqi məsələsinin daim diqqət mərkəzində saxlanmasından, Ali Məclisin Sədrinin "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli sərəncamının əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra Universitet Televiziyasının hazırladığı "Elektron Naxçıvan" sənədli filmi nümayiş etdirilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu canlı bağlantı vasitəsilə beynəlxalq simpoziuma qoşularaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və bilavasitə rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən ənənəvi "Elektron Naxçıvan" layihəsinin reallaşmasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Təhsil Nazirliyinin rolundan, layihənin əhəmiyyətindən danışılıb.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənın və çoxsaylı kollektivin simpozium iştirakçılarına salamlarını çatdırıb. AMEA-nın vitse-prezidenti son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirərək  "Elektron Naxçıvan" hərəkatının humanitar-siyasi əhəmiyyətindən də danışıb. Akademik İsa Həbibbəyli  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ilk dəfə bugünkü  beynəlxalq simpoziuma canlı bağlantı vasitəsilə qoşulmasını "Elektron Naxçıvan" hərəkatının humanitar siyasətinin mühüm uğuru kimi qiymətləndirib.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Türkiyə Cümhuriyyətinin İqdır Universitetinin prorektoru, professor Mehmet Farik Yılmaz iki qardaş ölkənin ali məktəbləri arasında İKT sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyəti, təmsil etdiyi universitetdə müasir texnologiyalardan istifadə imkanları barədə məlumat verib.

Beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi ən müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılmışdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Cənubi Koreya Respublikasının Kiber Universitetinin  professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, Erasmus Mundus layihələrinin koordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniil Yuryev, İnformasiya hesablama Mərkəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşulmuş, virtual əlaqələrin inkişafı,  İKT-nin geniş imkanlarından birlikdə faydalanmaq barədə konkret təkliflərlə çıxış etmişlər.

"Elektron Naxçıvan-9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris" beynəlxalq simpoziumu incəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatmışdır.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov