Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Beynəlxalq Bakalavriat Proqramı: bu günün və sabahın təhsili

 

Qloballaşmanın getdikcə artdığı, rəqabətin gücləndiyi müasir dövrümüzdə inkişafın əsas hərəkətverici qüvvəsi olan təhsilin keyfiyyətinin yüksəldilməsi ən prioritet məsələlərdən hesab olunur. Bununla əlaqədar demək olar ki, bütün ölkələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq standartların təhsilə tətbiqinə hədəflənmiş islahatlar aparılır. Ölkəmizdə də bu sahədə ardıcıl və sistemli işlər görülür. Dünyanın ən qabaqcıl ölkələrinin təhsil təcrübəsi öyrənilərək tətbiqi yönündə addımlar atılır, təhsil sahəsində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir. Belə qurumlardan biri də Beynəlxalq Bakalavriat Təşkilatıdır. Bu qurumun ölkələrin məktəblərinə  təklif etdiyi Beynəlxalq Bakalavriat Proqramı indi dünyada böyük nüfuz və populyarlıq qazanmışdır. Proqram dünya üzrə 1 milyondan artıq təhsil alanı əhatə edir və tədrisin keyfiyyətli təşkilinə zəmin yaradır. 

Beynəlxalq Bakalavriat Proqramı nədir? 

Böyütmək üçün şəkili seçinBeynəlxalq Bakalavriat Təşkilatı (International Baccalaureate-IB) qeyri-hökumət təşkilatı (daha dəqiqi qeyri-kommersiya təhsil fondu) olub UNESCO və Avropa Şurasında məsləhətçi statusa malikdir. Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə Cenevrədə (İsveçrə) Cenevrə Beynəlxalq Məktəbi və Nyu-Yorkda BMT Məktəbinin təşəbbüsü ilə  beynəlxalq təhsilin standartlaşdırılması məqsədi ilə yaradılıb. Hazırda Beynəlxalq Bakalavriat Təşkilatına dünyanın 144 ölkəsindən 3557 məktəb daxildir və həmin məktəblərdə təşkilatın təklif etdiyi 4 proqramdan biri və ya bir neçəsi üzrə tədris aparılır. 3 yaşdan 19 yaşadək uşaqları və məktəbliləri əhatə edən həmin proqramlar aşağıdakılardır:

I- Kiçik (erkən) yaşlı uşaqlar üçün Beynəlxalq Bakalavriat Proqramı (The IB Primary Years Proqramme). Bu proqram 3-12 yaşlı uşaqlarda tədqiqatçılıq keyfiyyətini inkişaf etdirməyə istiqamətlənib.

II-Yeniyetmələr (ümumi orta məktəblər) üçün Beynəlxalq Bakalavriat Proqramı (The IB Middle Years Proqramme). Bu proqram 11-16 yaşlı şagirdlər üçün nəzərdə tutulur və onların ənənəvi öyrənilən fənlərlə real aləm arasında əlaqələri dərk etmələrinə, tənqidi düşünən  və mühakimə yürüdən insanlar kimi yetişmələrinə kömək edir.

III - Beynəlxalq Bakalavriat Diplom Proqramı (The IB Diploma Proqramme). Bu 16 yaşdan  19   yaşadək   şagirdlər   (X-XII siniflər) üçün motivasiyalı və balanslaşdırılmış proqram olub onları ali məktəblərə hazırlayır.

Böyütmək üçün şəkili seçinIV - Beynəlxalq Bakalavriatın Peşəkar Sertifikatı (The IB Career - related Certifikate). Bu 16-19 yaşlı şagirdlər üçün yeni proqram olub onların peşə hazırlığını nəzərdə tutur.

Beynəlxalq Bakalavriatın qeyd olunan proqramlarından üçüncüsü - Beynəlxalq Bakalavriat Diplom Proqramı daha ilkin olub qabiliyyətli şagirdlər üçün ikiillik universal kurs proqramı (IB-nin "universitetöncəsi" və ya diplom proqramı) kimi ötən əsrin 20-60-cı illərində işlənib hazırlanmışdır. Sonralar "Beynəlxalq Bakalavriat" adını almış həmin proqram bizim günlərdə müntəzəm olaraq yeniləndirilir.

Digər iki proqram - I və II proqramlar ötən əsrin 90-cı illərindən tətbiq olunur. Sonuncu - 4-cü proqram isə cəmi 2 ildir ki, reallaşdırılmağa başlanıb.Yüngülləşdirilmiş bu proqramda əsasən uşaqların peşəyönümü əsas götürülüb.

Yalnız Beynəlxalq Bakalavriat Təşkilatı (IBO) tərəfindən tanınan məktəblər bu proqramlarla tədris hüququna malikdir.

Beynəlxalq Bakalavriat Proqramının əsas məqsədi şagirdlərin intellektual, sosial, emosional, tədqiqat, müstəqil öyrənmə və mədəniyyətlərarası anlaşma bacarıqlarını inkişaf etdirməkdir. BBP üzrə tədrisin ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə BBP fransız, alman, Çin və rus dillərində də tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər 5 ildən bir monitorinq aparılır. IB-nin hər üç təhsil prosesi (ilk üç proqram) varislik prinsipi əsasında fəaliyyət göstərir. Hər üç proqram ən yaxşı dünya təhsil praktikasını əks etdirən məzmuna malik geniş fənlər spektrinin öyrənilməsini tələb edir, dilin mənimsənilməsi və inkişafına xüsusi diqqət yetirir.

Proqramın üstün cəhəti ondan ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP-nin hər biri) ayrılıqda tətbiq oluna bilir. Beynəlxalq Bakalavriat Diplom Proqramı (X-XII sinif şagirdləri üçün) dünyanın bütün ölkələrində universitetlərə daxil olmağa hazırlığı təmin edir. Bu baxımdan IB-nin diplomu prestijli ali təhsil almaq üçün, bir növ, pasportdur.

Beynəlxalq Bakalavriat Diplom Proqramı beynəlxalq birliyə daxil olan bütün məktəblər üçün ümumi imtahan sistemi ilə başa çatır. Bu imtahan sistemi bütün məktəblər və məzunlar üçün mərkəzləşdirilmiş yoxlama və vahid kriteriyalar üzrə qiymətləndirməni nəzərdə tutur. Diplom müdafiəsi (bütün kurs işləri və imtahanların verilməsi) zamanı toplanan maksimum bal 45-dir. Nəzərə alsaq ki, dünya universitetlərinin reytinq cədvəlində ilk onluğa daxil olan universitetlər abituriyentlərdən (gələcək tələbələrindən)  38 və daha çox, ilk yüzlüyə düşənlər  isə  35-36 bal tələb edir, onda IB balının nə qədər keçərli olduğu aydın görünür. IB proqramlarının ilkin tətbiqindən sonra onun təqdim etdiyi diplomun, bizim dildə desək, attestatın, dünya universitetləri tərəfindən tanınması prosesi başlanıb.

Hazırda IB-nin diplomu dünyanın 102 ölkəsindəki 2500 universitet, o cümlədən Kembric, Oksford, Harvard və Yel kimi ən nüfuzlu və məşhur universitetlər tərəfindən tanınır.

IB-nin Diplom Proqramının məzunları topladıqları ballara uyğun olaraq həmin universitetlərə, əgər xüsusi tələblər nəzərdə tutulmayıbsa, birbaşa imtahansız  daxil ola bilərlər. Lakin bəzi ölkələrdə universitetlər xüsusi qaydalar (testlər) tətbiq edir ki, şagirdlər məktəbi qurtarmamışdan öncə bu testi verməlidirlər. Ondan sonra istənilən halda həmin universitet IB diplomunun nəticələrini qəbul edir. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-da  və bir çox digər ölkələrdə IB diplomu çox yüksək səviyyəli diplom hesab olunur.

Beynəlxalq Bakalavriat Proqramı Azərbaycanda 

İrəlidə qeyd etdiyimiz kimi, Beynəlxalq Bakalavriat Proqramını ancaq bu quruma daxil olan məktəblər tətbiq edə bilərlər. Beynəlxalq Bakalavriat Təşkilatına üzvlük isə o qədər də sadə məsələ olmayıb bir sıra çətin prosedurları nəzərdə tutur. Belə ki, bu proqramın tətbiq edildiyi məktəblər həm maddi-texniki baza, həm də pedaqoji heyətin hazırlığı baxımından yüksək tələblərə cavab verməlidir.

Azərbaycanda IB proqramlarının tətbiqinə ötən əsrin 90-cı illərinin ortalarında başlanıb. Ölkəmizdə "Əsrin müqaviləsi" adlandırılan neft müqavilələri imzalandıqdan (1994-cü il) sonra bu sahədə təşəbbüslər edilməyə başlanıb. Bunu zəruri edən səbəblərin biri də ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatların əməkdaşlarının övladlarının təhsili üçün beynəlxalq məktəblərin yaradılması olub. Bu baxımdan demək olar ki, IB proqramı ölkəmizdə təxminən 16-17 ildir tətbiq olunur. İndiyədək bir neçə təhsil müəssisəsi bu proqrama qoşulub. Rusiya Federasiyası kimi böyük bir ölkədə 16 tədris ocağının Beynəlxalq Bakalavriat Təşkilatı ilə əməkdaşlıq etdiyini nəzərə alsaq, bu, o qədər də pis nəticə deyil. Əsas məsələ isə odur ki, belə məktəblərin sırası artmaqdadır. 

6 nömrəli məktəb-lisey IB proqramını ölkəmizdə tətbiq edən ilk dövlət məktəbidir 

2010-cu ildən Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseydə də bu proqramın tətbiqi istiqamətində hazırlıq işlərinə başlanmışdır. 2011-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə bu təhsil ocağında BBP tətbiq olunur.  Son 3 ildə toplanan təcrübə əsas götürülərək bu il martın 13-də məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının geniş təqdimatı keçirilib. İndiyədək əsasən ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP- V-IX siniflər üzrə də qəbul aparılacaqdır. Bu barədə artıq KİV-də də müvafiq elan verilmişdir.

Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər çalışır. Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri Assosiasiyasının üzvüdür. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər. Bu isə onu deməyə əsas verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı həm də Beynəlxalq Məktəb (International School) statusuna malikdir. Tədris ocağında tətbiq olunan kurikulum Milli Kurikuluma inteqrasiya olunub. Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur. IB Proqramının qəbul olunması, icazə alınması, tədrisə başlanması üçün müəllimlər müxtəlif treninqlərdə, beynəlxalq seminarlarda, Work Shorlarda (İsveçrə, İtaliya, Almaniya və Rusiyada) iştirak etmiş, öz üzərlərində çalışaraq müəyyən təcrübə qazanmışlar.

6 nömrəli məktəb-lisey Beynəlxalq Bakalavriat Proqramı üzrə artıq ilk uğurlarını əldə edib. Belə ki, məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanıblar. Məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramı ilə təhsil almış 11 şagirdinin hamısı qiymətləndirmədən uğurla keçərək 27-38 arasında bal toplayıblar ki, bu da nüfuzlu xarici universitetlərə daxil olmaq üçün kifayət qədər yüksək nəticədir. Şagirdlərdən Eldar Rəhimov daha yüksək - 38 bal toplayıb. O, artıq sənədlərini Şeffild Universitetinə verib. Digər məzunlar da ali təhsil  almaq üçün Toronto, Birminhem, Edinburq və b. universitetləri seçiblər. 

Proqramın ölkəmizdə tətbiqi perspektivləri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, kurikulumların daha da təkmilləşdirilməsi, təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması xüsusi qeyd olunub və bu istiqamətlərdə strateji hədəflər müəyyənləşdirilib. Əgər biz bu gün IB diplomunun dünyanın əksər universitetləri tərəfindən qəbul olunmasından danışırıqsa, deməli bu, elə təhsilin keyfiyyətinə dəlalət edir. IB proqramlarının ölkəmizdə tətbiqinin genişləndirilməsini bu baxımdan təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yaxşı zəmanət hesab etmək olar. Digər bir tərəfdən, IB proqramları sırf proqram deyil, çərçivə sənədləridir. Deməli, bunlar Azərbaycanın ümumtəhsil kurikulumlarına daxil edilə bilər. Belə halda Azərbaycan kurikulumları da birbaşa beynəlxalq standartlara cavab verən kurikulumlar olar. Ona görə də IB proqramları ilə işləyən təhsil mütəxəssisləri bu proqramların tətbiqinin ölkəmizdə yaxşı perspektivlərə malik olduğunu qeyd edirlər. Onlar belə hesab edirlər ki, bu proqramların tətbiqi Azərbaycan təhsilinin inkişafına, təhsilin keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verəcəkdir. Proqramın ölkəmizdə tətbiq dairəsinin genişlənməsi insan resurslarının, kurikulumların və tədris resurslarının inkişafına gətirib çıxaracaqdır ki, bu da təhsilimizin inkişafı və keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov