Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Fransanın Miluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvinin adını daşıyan mərkəzin açılışı olub

 

Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı, bu sahədə aparılan tədqiqatların nəticəsi göstərir ki, hazırda inkişaf etmiş  Avropa ölkələrinə inteqrasiya olunmaq, Avropada yaşayan xalqlarla ünsiyyət yaratmaq, həmçinin müasir tələblər baxımından qabiliyyətli kadrlar hazırlamaq üçün milli təhsil sistemində əsaslı dəyişikliklər etmək aktuallaşmışdır.

Ulu öndər Heydər Əliyevin xarici siyasətinin parlaq nümunəsi olaraq Azərbaycan və Fransa dövlətləri arasında ikitərəfli diplomatik münasibətlər mövcuddur. İki ölkə arasında əlaqələrin inkişaf etdiyi  bir dövrdə Gəncə Dövlət Universiteti də beynəlxalq əlaqələrin genişlənməsinə böyük önəm verir.

Bu məqsədlə bu günlərdə Fransanın Miluz şəhərində, Miluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvinin adını daşıyan mərkəzin açılışı olub. Açılışda Azərbaycan nümayəndə heyətinin tərkibində Gəncə Dövlət Universitetinin   rektoru, professor Yusif Yusibov, filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov və fransız dili kafedrasının müdiri Məhərrəm Orucov da iştirak edib.

Səfər çərçivəsində Gəncə Dövlət Universiteti ilə Miluz Yuxarı Elzas Universiteti arasında yeni müqavilə imzalanıb. İmzalanma mərasimində Azərbaycan tərəfindən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, GDU-nun rektoru Yusif Yusibov, Fransa tərəfindən Miluz şəhərinin meri Jam Rother, senator Jan Mari Bokel və həmin universitetin rektoru xanım Kristina Qanqlov-Zeyqler,  digər rəsmi şəxslər iştirak ediblər.        

Tədbirdə Yuxarı Elzas Universitetinin rektoru xanım Kristina Qanqlov-Zeyqler çıxış edərək Məhsəti Gəncəvinin adını daşıyacaq mərkəzin rəhbərlik etdiyi ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığın yeni səmərəsi kimi qiymətləndirib. Rektor Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı dinlənilən məruzələr sayəsində Azərbaycan ədəbiyyatına daha yaxından bələd ola biləcəklərini və iki universitet - Gəncə Dövlət Universiteti ilə Yuxarı Elzas Universiteti arasında mühüm sənədlərin imzalanacağını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan rektor 2013-cü ildə Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetində olduğunu vurğulayıb. Məhsəti Gəncəvi zalının yenidən qurulmasına yaxından köməklik göstərən Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun  direktoru, akademiyanın müxbir üzvü Teymur Kərimli "Məhsəti Gəncəvi - Azərbaycan poeziya məktəbinin nümayəndəsi kimi", AYB-nın Gəncə Bölməsinin sədri Məmməd Alim "Məhsəti Gəncəvi - dünyanın solmayan sənət çiçəyi", Fransa Dövlət və Mədəniyyətləri İnstitutunun Azərbaycan dili müəllimi Aygün Eyyubova "XI-XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi bəşəri ideyaların və qadın hüquqlarının təşviqatçısı kimi", Fransanın Beynəlxalq Diplomatiya Akademiyasının əməkdaşı, şərqşünas alim Şirin Məlikova "Orta əsr lirik poeziyanın ulduzları-Məhsəti Gəncəvi və Mari de Frans" mövzusunda çıxışlar ediblər.

Daim inkişafda və yeniliklər axtarışında olan Gəncə Dövlət Universitetində xarici ölkələrin təhsil və elmi müəssisələri ilə əməkdaşlığa geniş imkanlar yaradılmışdır. Universitetdə gənc nəslin təhsilinin, elmi fəaliyyət dairəsinin müasir tələblər baxımından yeniləşməsi üçün fəaliyyət proqramı hazırlanmış və bu proqramın həyata keçirilməsi üçün müvafiq işlər görülməsi nəzərdə tutulmuşdur.

Gələcəyin layiqli qurucuları olan gənclərin hərtərəfli inkişafı yolunda bu gün mühüm addımlar atan Gəncə Dövlət Universiteti Qərb regionunda özünün flaqman olduğunu  sözdə deyil, əməli işlə nümayiş etdirir. 

Ümbülbanu HACIYEVA,
GDU-nun əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov