Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

"Məktəb: tariximiz, taleyimiz"

 

"Gələcəyimiz məktəb və maarifə bağlıdır. Hakim bir millətin məhkum düşməsi, məhkum bir millətin yox olması məktəbsizlikdən irəli gəlir".

Məşhur maarifçi və mühərrir, istedadlı publisist İsmayıl Qaspıralıya məxsus olan və təhsilin, məktəbin əsas tərəqqi aləti olmasını çox dəqiq və aydın ifadə edən bu fikirləri  dəyərli alim, məhsuldar tədqiqatçı Abid Tahirli  oxuculara təqdim etdiyi son kitabı "Məktəb: tariximiz, taleyimiz"ə epiqraf seçmişdir. Doğrudan da  təhsilin və məktəbin əhəmiyyətinin dərk edildiyi  vaxtdan  keçən qərinələr, əsrlər inkişaf və tərəqqinin onlarsız  mümkün olmadığını çoxdan sübut edib. Lakin  təhsil və məktəb nə qədər mükəmməl olsalar da özü-özlüyündə tərəqqini təmin edə bilməzlər. Onlar yalnız insanların vasitəsi ilə, insanların şəxsində məhsuldar qüvvəyə çevrilməklə inkişaf vasitəsi olurlar. Bu baxımdan təhsil, məktəb həm də hər birimizin taleyində, inkişafında böyük önəm kəsb edən vasitələrdir. Çünki həyat yolumuzda hər birimizi istiqamətləndirən bilik və təcrübəni məktəbdən, təhsil vasitəsi ilə alırıq. Buna görə də uzun illər qoynunda pərvəriş tapdığımız, bizə tərəqqi açarını verən bu müqəddəs məbədi unutmuruq.

Kitabın yazılma səbəbi də, müəllifin qeyd etdiyi kimi, məhz bu - təhsil ocağına məzun sevgisidir. "Məktəb yolu-nicat yolu", "Bir məktəbin tarixi və taleyi", "1973-cü il məzunları: illər, talelər, izlər..." və "Əlavələr" adlı dörd hissədən ibarət olan kitab ilk sətirlərində onun yazılması ideyasının təsvir olunduğu "Məktəb tarixinin tədqiqinə qısa bir nəzər" adlı məqalə ilə açılır. A.Tahirli burada eyni zamanda türk alimi, professor Yahua Akyüzün "Türk egitim tarihi" adlı kitabı ilə tanışlığın onda Azərbaycanda məktəb, təhsil, pedaqoji fikir tarixinə dair aparılan araşdırmalara marağı artırdığını və onu toxunulan məsələlərə qısaca da olsa nəzər salmağa sövq etdiyini bildirir. Məqalədə daha sonra XIX əsr məktəb və təhsil tarixinə  qısa ekskurs edilir, yeni məktəblər açmaq sahəsində edilən  təşəbbüslər müvafiq mənbələrə istinadən şərh olunur. Müəllif habelə Qəbələdə məktəb və təhsil tarixinə də xeyli yer ayırır, rayonun coğrafi mövqeyi, əhəmiyyəti, XIX əsrin 80-ci  illərində Qəbələdə açılan məktəblər haqqında məlumat verir, rayon haqqında, burada təhsilin  inkişafı barədə dərc olunmuş məqalələr, çapdan çıxmış kitablar haqqında söz açır, onların müəlliflərinin xidmətlərini dəyərləndirir.

Qəbələ barədə qələmə alınmış əsərlərin  indiyədək tam siyahısının tərtib edilmədiyini təəssüf hissi ilə  qeyd edən A.Tahirli burada  Qəbələ ensiklopediyasını yazmaq, yaratmaq kimi maraqlı bir təklif də irəli sürür, bu ideyanı gerçəkləşdirmək üçün  özünün də iştirakı ilə artıq müəyyən addımlar atıldığına diqqət çəkir, Qəbələyə dair  bəzi məxəzləri təqdim edir.

Qəbələnin tanınmış insanları haqqında qısa bioqrafik məlumatlar da kitabda mühüm yer tutur  və böyük tərbiyəvi-ensiklopedik dəyərə malikdir. Onlar "Qəbələdən pərvazlananlar, Qəbələ ünvanlılar" başlığı altında təqdim olunub.  Bu bölmədə müəllif məşhur həmyerliləri İsmayıl bəy Qutqaşınlının həyatı və irsinin tədqiqi məsələlərini də araşdırmış və onun "Səfərnamə" əsəri haqqında  geniş məlumat vermişdir.

Kitabın ikinci - "Bir məktəbin tarixi və taleyi" adlı hissəsi isə bütövlükdə müəllifin özünün də məzunu olduğu Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbinə həsr olunub. Burada öncə məktəbin hazırkı direktoru Yaqub Tahirovun tədris ocağının fəaliyyəti və son illər əldə etdiyi uğurlarından, 2006-cı ildə məktəb üçün tikilmiş yeni binanın açılışında iştirak  etmiş ölkə Prezidenti İlham Əliyev  və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə, məktəb quruculuğu işinə  göstərdikləri diqqət və qayğıdan söz açılan yazısı verilmişdir. Ondan sonra gələn "Nohurqışlaq məktəbinin neçə yaşı var", "Vətən mənə oğul desə..." və s. başlıqlı yazılarda məktəbin fəaliyyətə başlaması və keçdiyi şərəfli tarixi inkişaf yolundan,  xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi yolunda mübarizələrdə şəhid olmuş məzunlarından bəhs olunur.

Nohurqışlaq məktəbini bu kitabın yazılıb çap olunduğu 2013-cü ildən 40 il öncə - 1973-cü ildə bitirən məzunlar haqqında məlumatlar, onların bəzilərinin bədii yaradıcılığından nümunələr, xatirələr, təbriklər, kənd, onun məktəbi  haqqında faktlar, rəqəmlər, eləcə də  kitabın müəllifinin qısa tərcümeyi-halı və əsərlərinin biblioqrafik göstəricisi kitabın üçüncü hissəsində yer alıb. "Əlavələr"də isə hikmət xəzinəsi olan kitablardan, klassik şair və yazıçılarımızın  əsərlərindən seçmələr, fotolar, məktəb haqqında müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş yazılarn surətləri cəmlənmişdir.

Zəngin mündəricəyə malik, axıcı publisistik dildə qələmə alınmış kitabın tanınmış alim-publisist Abid Tahirlinin  çoxsaylı digər kitabları kimi  sahənin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunacağı zənnindəyik. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov