İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron
ərizələrin qəbulu başa çatıb.
15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas
təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər
ərizə verib.
Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis
dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190),
riyaziyyat (1477), tarix (1156) və informatika (1113)
müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub.
İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant
yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı
şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi
yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə
800-dən artıq ərizə qeydə alınıb.
Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il
tarixində başa çatdıqdan sonra 18 iyul 2014-cü il
tarixində imtahan qrupları formalaşdırılacaq.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci
mərhələsi - test imtahanları iyul ayının 21-də
başlanacaq və bir həftə davam edəcəkdir. Test
imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər
bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə
göndəriləcəkdir.
Test imtahanları Azərbaycan Dövlət İqtisad
Universitetinin əsas və 2-ci korpusunda keçiriləcəkdir.
İmtahanın gedişinə video-nəzarət ediləcəkdir.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə
qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü
il tarixindən müsahibələr təşkil olunacaq və onların
şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcəkdir.
Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet
saytının "Müəllimlərin işə qəbulu" səhifəsində
yerləşdiriləcəkdir. |