Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Bakı Dövlət Universitetində tyutor hazırlığının 6-cı mərhələsi başa çatıb

 

İyulun 11-də Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və "Virtual universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. Əvvəlki buraxılışlarda Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqları üçün tyutor hazırlanıb. Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə universitetlər üçün tyutor hazırlığı davam edir. Rektor onu da deyib ki, Azərbaycan Respublikası təhsil nazirinin ali təhsil müəssisələrinin rəhbərlərinə göndərilən müvafiq məktubu əsasında BDU-da aparıcı ali təhsil ocaqları üçün təşkil olunmuş tyutor hazırlığı kursları 1 noyabr 2013-cü il tarixindən 30 iyun 2014-cü il tarixinədək öz işini davam etdirərək 6-cı buraxılışını başa vurub. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 32 nəfəri A sertifikatına (qırmızı), 10 nəfəri B sertifikatına (göy), iki nəfəri isə C sertifikatına (dinlədi) layiq görülüb. Sertifikata layiq görülənlərin 25 nəfəri respublikanın digər ali məktəblərini təmsil edib. Kursun BDU-dan olan 19 nəfər iştirakçısının hər biri namizədlikləri irəli sürülmüş fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediləcəklər. Onu da qeyd edək ki, indiyədək tyutor kursunun 5 buraxılışını bitirmiş hər bir tyutor universitetdə işlə təmin olunub.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov tədbirdə çıxış edərək tyutor hazırlığı kursları sahəsində Bakı Dövlət Universitetinin təcrübəsini xüsusi vurğulayıb və müdavimlərə uğurlar arzulayıb.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimat edib.

Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Samirə Süleymanova, Əmək və Sosial Münasibətlər Akademiyasından Xaqani Məmmədov çıxış edərək yaradılmış şəraitə görə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinə minnətdarlıq ediblər.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov