Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Təhsil mütəxəssisləri müəllimlik ixtisaslarına qəbul olunmuş tələbələr üçün stimullaşdırma proqramını dəstəkləyirlər

 

Stimul keyfiyyət amilidir 

Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
  

Son zamanlar bir qayda olaraq müəllimlik ixtisasına qəbul imtahanında aşağı bal toplayanlar gəlirlər. Hətta bəzi valideynlər arasında övladının bir ixtisas qazana bilməyəcəyi təqdirdə, heç olmasa, müəllim olmasını arzulayanlar vardır. Bu cür düşüncələrin nəticəsində müəllim hazırlığının keyfiyyəti həqiqətən aşağı düşür. Son bir neçə ildə isə vəziyyət nisbətən dəyişməyə başlamışdır. Müəllimlik ixtisasını seçənlər arasında 500-dən yuxarı bal yığanlar vardır.

Mən bu qənaətə Qafqaz Universitetinin tələbələrinin nümunəsində gəlirəm. Bu universitetdə 500 və 500-dən yuxarı balla müəllimlik ixtisasını seçənlər ödənişsiz təhsil alırlar.

Ötən tədris ilində pedaqoji fakültəyə qəbul olunan 338 tələbənin əksəriyyəti 500 dairəsində, 33 nəfəri 600-dən yuxarı, 1 nəfəri isə 700 bal toplamış abituriyentlərdir.

Təcrübə göstərdi ki, qəbulda yüksək bal toplamış abituriyentlərə ödənişsizlik missiyasının verilməsi onların pedaqoji fakültəyə gəlmələrini stimullaşdırmışdır. Bu, bir universitetin təcrübəsidir. Yaxşı haldır ki, Təhsil Nazirliyi pedaqoji kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə yeni layihələr irəli sürür. Bu layihələr bütün pedaqoji təhsil verən ali məktəblərə aiddir.

Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində təqaüdün verilməsinin Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilməsi, heç şübhəsiz, stimullaşdırıcı təsir göstərəcəkdir. Fikrimcə, yaxşı olardı ki, bu tələbələrin təlim-tərbiyə fəaliyyəti izlənilsin, nəticələr qaneedici olduqda sonrakı fəaliyyət mərhələlərində də (işlə təminat və s.) onların stimullaşdırılacağı öncədən bilinsin.

Düşünürəm ki, hər bir ali məktəbin özünün də stimullaşdırıcı layihələr tətbiqi abituriyentlərin pedaqoji ixtisaslara həvəslə gəlmələrinə kömək edə bilər. Hamıya bəllidir ki, hər hansı sahədə fəaliyyətin stimullaşdırılması keyfiyyət göstəriciliyi ilə diqqəti cəlb edir. 

 


Stimullaşdırıcı proqramıtəqdirəlayiq hesab edirəm 

Buludxan XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

2014-2015-ci  tədris  ilindən  müəllimlik ixtisasına  qəbul  olunmuş  tələbələr  üçün  xüsusi stimullaşdırma  proqramının həyata keçirilməsini təqdirəlayiq hesab edirik. Bu stimullaşdırıcı  proqramlardan  biri  də  müəllimlik  ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazların tətbiq ediləcəyi ilə bağlıdır. Belə ki, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən 500 və daha yüksək bal toplayan ilk 300 tələbənin  hər  birinə  100  manat  məbləğində  əlavə təqaüd veriləcəkdir. Belə tələbələrin sayı 300 nəfərdən az olarsa, onda ixtisas seçimində müəllimlik  ixtisasını  ikinci yerdə qeyd edən tələbələr  arasında  da  seçim aparılacaqdır. Təhsildə  islahatyönümlü  bu cür tədbirlərin həyata  keçirilməsi  böyük əhəmiyyət kəsb edir. Birincisi, müəllim peşəsinin nüfuzunu artırmaq, gənclərin gələcəkdə müəllim peşəsini seçməsi üçün bu tədbir çox böyük önəm daşıyır.

İkincisi, artıq uşaqlar orta məktəbdə oxuduğu müddətdə gələcəkdə peşə seçimi zamanı müəllim peşəsini seçmək həvəsində olacaqlar.

Üçüncüsü, qəbul zamanı abuturiyentlər müəllim peşəsini üçüncü, dördüncü, beşinci... yerlərdə yazır, ilk yerdə isə başqa ixtisasları qeyd edirdilər. Abituriyentlər topladıqları balla ilk qeyd etdikləri ixtisaslara düşmədikdə istək və arzu ilə seçmədikləri müəllimlik ixtisasına düşürdülər. Nəticədə  belə tələbələr istək və məhəbbət olmadan müəllimlik ixtisasında təhsil alırdılar. Eyni zamanda müəllimlik peşəsinin sirlərini dərindən öyrənmirdilər. Təbii  ki, ali təhsil aldıqdan sonra bu sahədə işləmir, sadəcə olaraq diplom almaqla başqa sahələrdə özlərinə iş axtarırdılar. İndi isə, hər halda bəri başdan müəllim ixtisasına gələnlər öz istək və həvəsləri ilə fərqlənənlər olacaqdır. Bu da müəllimlik peşəsinə qəlbən bağlı olanları başqalarından fərqləndirəcəkdir.

Dördüncüsü, bəzən görürsən ki, tələbə  topladığı balla ilk seçdiyi ixtisaslara düşmədiyi üçün müəllim ixtisasına düşür. Bu da tədris prosesinə də ciddi zərbə vurur. Belə ki, həmin tələbələr (yəni ya təsadüfən, ya da məcburən müəllimlik ixtisasını seçənlər) yaxşı oxumur, öz peşələrini dərindən öyrənmirlər. Bu mənada belə hallar da aradan qaldırılacaq və tələbələrin tədris prosesinə marağı artacaqdır.

Beşincisi, bu gün ali məktəblərdə SABAH qruplarının yaradılması peşəkar kadrların hazırlanması sahəsində uğurlu addımlardan biridir. Bu mənada ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən və qəbulda yüksək bal toplayan tələbələr üçün universitetlərdə daxili qaydada SABAH qrupları yaratmaq olar. Bu da peşəkar müəllim hazırlığı işinə müsbət təsir göstərə bilər. 


Gələcək müəllimlərə dövlət qayğısı 

Mirzəli MURQUZOV,
ADPU-nun fizika fakültəsinin dekanı, fizika-riyaziyyat  elmləri doktoru, professor,  "Şöhrət" ordenli, əməkdar müəllim

Məlumdur ki, dövlətimizin təhsil siyasətində gənclərə qayğı xüsusi yer tutur. Bu qayğının təzahürlərinə  (dövlət xətti ilə qabaqcıl xarici ölkələrdə təhsil, yüksək bal toplayanlara Prezident təqaüdü, nisbətən uzaq yerlərə təyinatla göndərilənlərə əlavə vəsait ödənilməsi və s.) dair çoxlu misallar göstərmək olar.

Bu günlərdə dövlətin gənclərə növbəti qayğısının təzahürünə şahid oluruq. Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində müəllimlik ixtisasını 1-ci qeyd edən  ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüdün  verilməsi qərara alınmışdır.

Hazırda ali məktəblərə qəbul imtahanlarının getdiyi və ardınca ixtisas seçiminin aparılacağı bir dövrdə belə qərarın verilməsi,  fikrimizcə, vaxtında atılan təqdirəlayiq bir addımdır. 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafi üzrə Dövlət Strategiyasının tələblərinə uyğun peşəkar bilik və kompetensiyalara malik yüksək ixtisaslı müəllim və təhsil menecerlərinin hazırlanması qarşıya mühim bir məqsəd kimi qoyulmuşdur. Gələcəyə yönəlmiş belə perspektivli məqsədin həyata keçirilməsində aparılan əsaslı  islahatlarla  yanaşı qabiliyyətli gənclərin müxtəlif müəllim ixtisaslarına cəlb olunması da son dərəcə önəmlidir. Qeyd olunan məsələləri alqışlamaqla yanaşı, buna dair öz mülahizələrimizi də bildirmək isdərdik. Yaxşı məlumdur ki, müəllim sənəti şərəfli olduğu kimi həm də olduqca çətin, mürəkkəb və məsulyyətli bir işdir. Bunları nəzərə alaraq tələbə qəbulunda müəllim sənətinə seçim məlum ümumi qaydalardan fərqlənməli və yeni qaydada aparılmalıdır. Biz bunu aşağıdakı şəkildə təklif edirik.

1. Şagirdin məktəbdə təhsil aldığı müddətdə onun bütün müvəfəqiyyət göstəriciləri (bilik, bacarıq, nizam-intizam, fiziki və psixolojı durumu, nitqi və məntiqi) haqda həmin məktəbin pedaqoji şurasının qərarı və zəmanəti qəbul komissiyasına təqdim olunur.

2. Qəbul iki mərhələdə (test və müsabiqə) aparılır.

3. Gənc tələbə olduğu və yaxud müəllim işlədiyi zaman onun əməyinin stimullaşdırılması üçün oxuduğu ali təhsil müəssisəsi və Təhsil Nazirliyi tərəfindən əlavə tədbirlər görülə bilər.

4. Oğlanların qızlara nisbətən müəllim peşəsinə daha çox cəlb edilməsinə diqqəti artırmaq yaxşı olardı.

Təhsil Nazirliyinin pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində təhsil proqramının məzmununa yenidən baxılmasını təqdirəlayiq hesab edirəm. Çünki bu istiqamət təhsil sahəsində aparılan islahatların ən vacib tərkib hissəsidir.

Artıq  tələbələr hər cür biliklər toplusu ilə deyil, hadisə və obyektləri bütövlüyə və keyfiyyətə aparan real biliklər sistemi ilə silahlandırılmalıdır. Müəllimlər dərketmənin  ən müasir strategiyasına (sistemlik, özünütəşkil,  qlobal təkamülçülük və s.) yiyələnməlidirlər. Başqa sözlə, bu günun, sabahın müəlliminin dünyaya baxışı konseptual səviyyədə olmalıdır. Onlar  yeni proqram və dərsliklərin yaradılması və tətbiqində fəal mövqe tutmalıdırlar. Əks halda, təhsilin  yeniləşməsi baxımından ali pedaqoji təhsil orta təhsil məktəblərindən geri qalmış olardı.

Təhsil Nazirliyi tərəfindən aparılan islahatyönümlü tədbirləri dəstəkləyir və ümid edirik ki, təhsilin bütün sahələrini əhatə edən bu işlər çox yaxın bir zamanda gözlənilən uğurlu  nəticələrini  verəcəkdir. 


Təhsil Nazirliyinin yeni qərarı düşünülmüş addımdır 

Mircəfər HƏSƏNOV,
AMİ-nin kafedra müdiri, professor, əməkdar müəllim

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda pedaqoji kadrların səriştəliliyi, elmi-metodiki hazırlığının yüksəldilməsi əsas vəzifələrdən biri kimi vurğulanmış və təhsilin inkişafında müəllimlərin əməyi xüsusi qeyd edilmişdir. Bu baxımdan ilkin müəllim hazırlığı çox böyük əhəmiyyət kəsb edir. Təəssüf hissilə qeyd etmək lazımdır ki, son illərdə müəllim olmaq arzusunda olmayan və qəbul imtahanlarında aşağı bal toplayan gənclər pedaqoji institut və universitetlərə qəbul olurlar ki, bu da iki cəhətdən özünü doğrultmur. Birincisi, həmin gənclərin intellektual səviyyələri aşağı olduğu üçün yüksək səviyyəli mütəxəssis kimi yetişə bilmirlər. Digər tərəfdən, müəllimlik peşəsini sevmədikləri üçün alababat kadr kimi yetişən gənclər çox vaxt digər sahələrdə çalışırlar.

Təhsil Nazirliyinin yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi haqqında qərar qəbul etməsi çox düşünülmüş bir addımdır və mənə elə gəlir ki, sadaladığımız qüsurların aradan qaldırılmasına köməklik göstərəcəkdir.

Sözsüz ki, son bir ildə respublikamızda təhsilin inkişafı sahəsində həyata keçirilən pedaqoji və ümumiyyətlə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan tədbirlər kimi Təhsil Nazirliyinin bu qərarı da hamı tərəfindən müsbət qarşılanacaqdır.


Yüksək səviyyəli müəllimlərin hazırlanmasına xidmət edən qərar 

Nazim QASIMOV,
Bakıdakı 70 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiqindən sonra Təhsil Nazirliyində bir sıra uğurlu islahatlar həyata keçirilməyə başlanıb. Belə  addımlardan biri də pedaqoji ixtisasa üstünlük verən gənclərə, sabahkı tələbələrə oxuduqları müddətlərdə əlavə 100 manat məbləğində təqaüdün verilməsi haqqında qərardır. Fikrimizcə bu, yüksək bilik və ixtisas vərdişlərinə malik müəllimlərin hazırlanmasına, eləcə də müəllim peşəsini seçmiş tələbələrin, bütövlükdə cəmiyyət arasında müəllim peşəsinin nüfuzunun artmasına xidmət edəcəkdir.

Məlum olduğu kimi, müəllim nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi son bir ildə bir sıra uğurlu yeniliklər tətbiq edib. Qiyabi pedaqoji təhsilin ləğvi, kolleclərdə müəllim hazırlığının dayandırılması, Bakı şəhərinin təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi, eləcə də ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin sosial durumlarının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycan cəmiyyətində müsbət qarşılanır.

Bu il ali təhsil müəssisələrinə qəbulda 500 və daha çox bal toplayan, ixtisas seçimində birinci  müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi çoxdan gözlənilən addımlardan biridir.

Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilməsi nəzərdə tutulan bu layihə həm də onu göstərir ki, Dövlət Strategiyasının strateji hədəflər içərisində nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə həyata keçirilməkdədir. Bu da hər bir məktəbdə işləyən müəllimlər arasında yaxşı mənada canlanma yaradır. Bu tədbirlər bütovlükdə öz gələcəyini müəllimlik peşəsinə istiqamətləndirmiş gənclərin dövlət tərəfindən daim diqqətdə olmasını nəzərdə tutur.

Sonda onu da qeyd etmək istəyirəm ki, istedadlı müəllimlərin daha da peşəkar olmaları üçün onların stimullaşdırıcı layihələrdə iştirakı, eləcə də qabaqcıl təhsil sahəsinə malik olan dövlətlərə təcrübə mübadiləsinə göndərilmələri müəllim nüfuzunun artmasına xidmət edər.

Mənim fikrimcə, Təhsil Nazirliyinin xətti ilə həm şagirdlərin, həm də müəllimlərin reytinqini müəyyənləşdirmək üçün dekabr və may aylarında sınaq testlərinin keçirilməsi onların məsuliyyətini xeyli artırardı. 

Hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov