Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

"Azərbaycan müəllimi" qəzeti Ali Media Mükafatına layiq görülüb

 

Böyütmək üçün şəkili seçinİyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mərasimi açaraq son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.

V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən keçirilmiş fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə müəllifləri 66 redaksiyanı təmsil edən 116 yazı təqdim olunub. Yazılar fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək 30 jurnalistin müsabiqə qalibi olması, 10 nəfərin isə  həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Böyütmək üçün şəkili seçinSonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  çıxış edərək mərasim iştirakçılarını, bütün Azərbaycan jurnalistlərini milli mətbuatın yaranmasının 139-cu ildönümü münasibəti ilə təbrik edib, milli mətbuatımızın təşəkkülündən, keçdiyi inkişaf yolundan, ölkəmizdə mətbuatın inkişafına, jurnalistlərə göstərilən dövlət qayğısından danışıb, ölkə Prezidenti İlham Əliyevin medianın problemləri ilə daim maraqlandığını, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atdığını bildirib, müasir şəraitdə milli mətbuatın qarşısında duran vəzifələrdən söz açıb.

Sonra müsabiqənin qaliblərinə fondun mükafatları təqdim edilib. Daha sonra mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan Milli Mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın həyatında  oynadığı rolu vurğulayıb.

Sonra Ali Media Mükafatları təqdim olunub. Məlumat üçün bildiririk ki, bu mükafat Mətbuat Şurası tərəfindən təsis olunub. Hər il Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə jurnalistikanın inkişafında rol oynayan kütləvi informasiya nümayəndələrinə və media təmsilçilərinə verilir. Ali Media Mükafatı ildə bir dəfə - Mətbuat günündə məhdud sayda jurnalist və media orqanlarına təqdim olunur. Bu il bu mükafatı ölkə mediasında fəaliyyət göstərən 5 jurnalist və 2 qəzet alıb. "Azərbaycan müəllimi" qəzeti də milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 2014-cü ilin Ali Media Mükafatına layiq  görülüb. Mükafatı qəzetimizə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.

Böyütmək üçün şəkili seçinMərasimə yekun vuran Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb, dövlətimizin mətbuatın inkişafına bundan sonra da diqqət və qayğı göstərəcəyini bir daha vurğulayıb.

Mükafatların təqdim olunma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.

Mərasim konsert proqramı ilə davam edib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov