Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Beynəlxalq təhsil xəbərləri

 

Beynəlxalq Riyaziyyat Olimpiadası başa çatıb

Cənubi Afrika Respublikasında  keçirilən məktəblilərin  55-ci  Beynəlxalq  Riyaziyyat Olimpiadası  çinli şagirdlərin qələbəsi ilə başa çatıb. Amerika məktəbliləri 2-ci, Tayvan məktəbliləri isə 3-cü olub. Rusiya olimpiadada 4-cü,  Yaponiya 5-ci  yeri tutub. Olimpiadada 101 ölkədən  560  şagird  iştirak edib.

Qaliblərə  bütövlükdə  49 qızıl, 113 gümüş, 133  bürünc  medal təqdim olunub. Növbəti olimpiada  2015-ci il  iyulun  3-15  tarixlərində Tailandda keçiriləcək.


Rusiya elektron dərsliklərə keçir

2015-ci il yanvarın 1-dən Rusiya elektron dərsliklərə keçir. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, bütün nəşriyyatlar məktəb dərsliklərinin həm elektron, həm də çap variantını təqdim etməlidirlər. Rusiya Təhsil və Elm Nazirliyinin məlumatına əsasən bu, federal dərsliklərin siyahısına daxil olmaq üçün məcburi şərt olacaq.

Nazirlik bundan əvvəl elektron dərsliklərə olan əsas tələbləri müəyyən edib. Onlar kağız dərsliklərin strukruruna uyğun olmalı və zəruri multimedia elementlərini özündə cəmləşdirməlidir.

Təhsil və elm naziri Dmitri Livanovun sözlərinə görə, elektron dərsliklərin yaradılmasını kağız dərsliklərin dəyişdirilməsi kimi qiymətləndirmək olmaz. Söhbət yalnız məktəbin tədris imkanlarının genişləndirilməsindən gedir.


Ümumrusiya valideyn iclası keçiriləcək

Rusiyanın  təhsil  və  elm naziri  Dmitri  Livanov  2014-2015-ci  yeni  dərs ili ərəfəsində ümumrusiya  valideyn  iclası  keçirəcək.  "Uçitelskaya  qazeta"nın yazdığına görə, valideynlər birbaşa  öz sualları  ilə  nazirə  müraciət etmək imkanı qazanacaqlar. 

Tədbir bütün  regionların  iştirakı ilə  telekonfrans formatında baş  tutacaq. Telekörpüdə  nazir son  illərdə  Rusiya  təhsil  sistemində   baş  verən  dəyişikliklər  barədə danışacaq, valideynlər  isə nazirə  öz suallarını  ünvanlaya biləcəklər. Valideynlər avqustun 30-na kimi  suallarını  [email protected] elektron poçtuna göndərməklə  müzakirələrdə  iştirak  edə  biləcəklər.


Özbəkistanda məktəbəqədər təhsil sistemi yenidən qurulur

Bu  barədə  ölkə  parlamentində  keçirilən dinləmələrdə çıxış edən Özbəkistanın xalq təhsili naziri Uluqbek İnoyatov açıqlama verib.  Nazir  2015-2020-ci illərdə məktəbəqədər təhsil sisteminin  inkişafına  dair  Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görülən işlər barədə  danışıb.  Proqram respublikada uşaq bağçalarının yenidən qurulmasını  nəzərdə tutur.  Nazir  qeyd edib ki,  cari ilin sonlarına kimi bütün məktəbəqədər  təhsil müəssisələri dövlət hesabına uşaqların məntiqi  təfəkkürünü, intellekt səviyyəsini  inkişaf  etdirən  bütün  zəruri vəsaitlərlə təmin olunacaq. 

Komplektə əyani vəsaitlər, didaktik materiallar, məntiqi oyuncaqlar  və  oyunlar daxildir.  Yaxın  vaxtlarda  məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin  optimallaşdırılması  yolu ilə  onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması  nəzərdə tutulub.  Bütövlükdə məktəbəqədər təhsil sisteminin keyfiyyətinin  artırılması üçün müasir pedaqogikanın tələblərinə uyğun olaraq  defektoloq vəzifəsi  təsis olunacaq.


ABŞ-da bir milyondan artıq əcnəbi tələbə təhsil alır

Amerikanın  miqrasiya-gömrük  xidmətinin məlumatına əsasən, beynəlxalq  tələbə mübadilə proqramı çərçivəsində  ölkədə  bir milyondan  artıq  əcnəbi  tələbə  təhsil alır. 

Bu, 2014-cü ilin ilk rübü  ilə  müqayisədə  2 faiz  artıqdır.  "F-1"  və ya "M-1" vizaları üzrə ölkə universitetlərində  təhsil  alanların sayı  1015178  nəfər  təşkil edib. Bu  rəqəm cari ilin yanvarında  991957 olub.  Bundan başqa,  "J-1"  vizası  ilə  ölkəyə 188382 xarici tələbə gəlib. Asiya  ölkələrindən  gələnlərin sayı  762198 nəfərdir.  Bu isə  ötən  rübdəkindən  3 faiz artıqdır. Asiyalı  tələbələr Amerikada təhsil alan xarici tələbələrin 75 faizini təşkil edir. 

Cənubi Amerika və  Afrikadan olan tələbələrin sayı  4 faiz artsa da, Avropa və  Şimali Amerikadan olan təhsilalanların  sayı azalıb.

Məlumata görə, ABŞ-ın ən çox  əcnəbi  tələbə  qəbul  edən  ali  məktəbləri bunlardır:

1.Loc-Ancelesdəki  Kaliforniya  Universiteti  (72676 nəfər), 2.Nyu-York Universiteti (57552 nəfər), 3.Pensilvaniya ştat  Universiteti (47552 nəfər), 4.Şimal-Qərb  Universiteti (47364   nəfər), 5.Miçiqan Universiteti (4613 nəfər). Ən az əcnəbi tələbə kontingentinə malik olan ali məktəblərə isə Alyaska Universiteti (3062), Bayominq Universiteti (4181), Cənubi Dakota (4851), Şimali Dakota (5812), Havay  Universitetini (6901) misal göstərmək olar.


"Erasmus" tələbə proqramı rekord populyarlıq əldə edib

Avropa  Komissiyasının  son statistik hesabatına  əsasən,  son 2 il ərzində  270 min tələbə xaricdə təhsil  qrantı  əldə edib. 55 min tələbənin yararlandığı,  ali təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi üzrə "Erasmus" proqramı daha çox populyarlıq qazanmaqdadır.  İspaniya, Almaniya  və  Fransa xaricdə təhsil  üçün ən yaxşı  ölkələr hesab olunur. 

Avropa Komissiyasının təhsil üzrə komissarı Androulla Vassilio bildirib ki, 2012-2013-cü illərdə 270000 tələbənin təhsilini maliyyələşdirən "Erasmus" proqramı, bu il öncəkindən 15000 artıq tələbənin təhsilini maliyyələşdirməklə  rekord  həddə çatıb. Onun sözlərinə görə, bu göstərici layihənin davamlı inkişafı və  populyarlığının nəticəsidir. Məlumatı "EUobserver" xəbər portalı yayıb.  1987-ci ildə fəaliyyətə başlayan  tələbə mübadilə proqramı ümumilikdə  3 milyondan artıq tələbənin təhsilinin inkişafında vasitəçi olub.

Hazırda proqram çərçivəsində müəllim hazırlığı üçün də tələbələrin maliyyələşdirilməsi genişlənməkdədir.   "Erasmus" proqramında iştirak edən 5 tələbədən biri işlə təmin olunma  təqaüdünü  seçir. "Erasmus+" proqramının maliyyələşməsi üçün 15 milyard  avro  miqdarında  maliyyə  yardımı ayrılıb.  Bu proqram  2020-ci ilə kimi 2 milyon tələbənin təhsil, təlim və iş təcrübəsi qazanmasına imkan yaradacaq.


Danimarka daha çox əcnəbi tələbə cəlb etmək niyyətindədir

Danimarka  hökuməti  Avropa  Birliyinə  daxil olmayan  ölkələrdən  olan  əcnəbi tələbələr üçün ayrılan maliyyə  vəsaitlərinin  həcmini  artırmaq  niyyətindədir. Digər tərəfdən əcnəbi tələbələr üçün viza rejiminin sadələşdirilməsi  və  ölkənin ali məktəblərini  bitirən  tələbələrə  işlə  təmin olunmaları  üçün  verilən  icazələrin sayının genişləndirilməsi  nəzərdə  tutulur.  Bu hədəflərə  çatmaq  üçün  təqaüd proqramlarına  25 milyon  Danimarka kronu  həcmində  vəsait  ayrılması nəzərdə tutulub. 

Danimarkada  magistr  və  ya doktor elmi dərəcəsi almış  xarici  tələbələr 2 il ərzində  ölkə ərazisində işləmə icazəsi almaq üçün  müraciət edə  və  ya  öz biznes fəaliyyətlərini  qura bilərlər.

2012-ci ildə Danimarkanın ali məktəblərində 22260 əcnəbi tələbə təhsil alıb, bu, 2011-ci illə müqayisədə 10,9 faiz artıqdır. Əcnəbi tələbələrin sayı ölkə üzrə bütün tələbələrin 9 faizini təşkil edir.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov