Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan hökuməti sədrinin dəvəti ilə Batumidə olub. Səfər çərçivəsində Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze, Acarıstan Ali Sovetinin sədri Avtandil Beridze ilə görüş keçirilib.

Rəsmi görüşlərdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri nəticəsində ilbəil genişlənir. Ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əməkdaşlıq, elm və təhsil müəssisələri arasındakı əlaqələr  böyük potensiala malikdir. Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən qarşılıqlı tələbə və elmi informasiya mübadiləsi həyata keçirilir.

Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə də görüşüb.

Mərasimi Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze açaraq universitetin fəxri doktoru - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən görüşdən məmnunluğunu ifadə edib. İrakli Baramidze Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın, aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb, ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib.

Qeyd olunub ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq, hər iki ali təhsil müəssisəsi 2012-ci ildən sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxış etmələri humanitar sahədə əlaqələri daha da genişləndirmişdir. Batumi Dövlət Universitetində yaradılmış "Acarıstan-Naxçıvan Muxtar Respublikası" dostluq auditoriyası dərinləşən dostluğun və təhsil əlaqələrinin gözəl nümunəsidir.

Ali Məclisin Sədri Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru adını daşımağın onun üçün fəxr olduğunu bildirib, Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür edib.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov, Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı Baş konsulu Hüseyn Nəcəfov və Acarıstan Muxtar Respublikası Parlamentinin Sədri Avtandil Beridze çıxış edərək universitetlər arasındakı əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivlərindən bəhs ediblər.

Batumi Dövlət Universitetinin müəllimləri və bu universitetin mübadilə əsasında Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələri ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Vasif Talıbova minnətdarlıq ediblər.

Sonra Ali Məclisin sədri Batumi Dövlət Universitetinin müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.

Görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibə verən Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin məmnunluq doğurduğunu bildirib, bu əməkdaşlığın gələcək perspektivləri barədə verilən sualları cavablandırıb. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov