Sentyabrın
15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı
"Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir
işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin aprelində
Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq
bağçasında əsaslı təmir işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya məlumat verildi ki,
1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4
min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı
bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və
90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni
korpus tikilib.
Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib,
hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci
xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün
otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx
və yardımçı otaqlar tamamilə yenilənib. Divarları
uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri
ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun
hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri,
soyuducular, televizorlar, uşaq oyuncaqları və digər
avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara
diqqət və qayğısını əks etdirən fotostendlər
quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti
Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr
olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə
kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi
quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni
istilik sistemi qurulub. Balacaların gün ərzində
keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu
tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4
kölgəlik, oyun meydançaları və idman qurğuları
quraşdırılıb.
Mehriban Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara
yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança
yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir
edilən bağçada yaradılmış şərait uşaqların
təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan
verəcək.
AzərTAc |