*
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü
il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm həyati
əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" təsdiq olunub.
*
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2014-cü il iyulun 24-də "Azərbaycan Respublikası Təhsil
Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında"
sərəncam imzalayıb. Sərəncamla respublikamızda mövcud
rayon (şəhər) təhsil şöbələrinin bazasında Təhsil
Nazirliyinin 15 regional idarəsi yaradılıb.
*
Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər
Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel
tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.
*
Bu il ilk dəfə olaraq maksimum adda və sayda - 271 adda
7,8 milyon nüsxə dərslik çap olunub.
*
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "2014-2015-ci
tədris ilində Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında" sərəncamına uyğun olaraq 102 nəfər
ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü
verilib.
*
Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə
olaraq ali məktəblərdə təhsil alan, xüsusi istedadı və
təlim uğurları ilə fərqlənən tələbələrdən ibarət "SABAH"
qrupları yaradılıb. Bu məqsədlə Təhsil Nazirliyi
tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən
738 tələbə "SABAH" qruplarına qəbul olunub.
*
Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində məktəb
direktorları və gələcəkdə direktor olmaq istəyən
müəllimlər üçün müsabiqə yolu ilə təlimlər keçirilib.
Təlimlərdə iştirak üçün 547 pedaqoji kadr müraciət edib.
4 aylıq təlimlərdən müvəffəqiyyətlə keçən 42 nəfər "Uğur
sertifikatı" əldə edib. "Uğur sertifikatı"
sahiblərindən 14 nəfəri Bakı şəhərindəki məktəblərə
direktor təyin olunub.
*
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" çərçivəsində "Sağlam təhsil -
sağlam millət" layihəsi həyata keçirilməyə başlanılıb.
Layihə çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin
15 sinfində pilot olaraq "Sağlam təhsil sinfi"
fəaliyyətə başlayıb.
*
Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq Bakı
şəhərində fəaliyyət göstərən bütün pedaqoji heyətin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb.
Sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin
28.825 müəllimi - bütün müəllimlərin 96 faizi iştirak
edib. Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin
14,4 faizi zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib.
Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş
müəllimlərdir.
*
İlk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən "Ümumi
təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin
yerləşdirilməsi və işə qəbulu Qaydaları"na müvafiq
şəkildə işləyən müəllimlərin bir rayondan (şəhərdən)
digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini
dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib.
Onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə
buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini
dəyişmək hüququ qazanıb.
*
2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə və
peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə
keçirilib. İlk dəfə olaraq müsahibə mərhələsində
müəllimlərin kommunikativ qabiliyyətləri də
qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1692
nəfər işə qəbul olunub. Onlardan 1405 nəfərinə
həvəsləndirmə tədbirləri tətbiq olunub.
*
Bakıda "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin
Beynəlxalq Forumu" ictimai birliyinin (ASAİF) XII Forumu
keçirilib.
*
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə
ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 176
nəfər XI sinif məzunu qızıl medalla, 25 nəfər isə gümüş
medalla təltif olunub.
*
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2014-cü il 7 may tarixli fərmanı ilə Bilik Fondu
yaradılıb. Fondun fəaliyyətində məktəbli gənclərlə bağlı
layihələr də xüsusi yer tutur. Bu baxımdan Bilik
Fondunun "İlboyu təhsil" layihəsinə artıq start verilib.
Layihə çərçivəsində "Qardaşlaşmış məktəblər" proqramı
həyata keçirilir.
*
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2014-2015-ci
dərs ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə
keçirdiyi qəbul imtahanlarında 9 nəfər ən yüksək nəticə
- 700 bal toplayıb. Onlardan 5-i I, 2-si IV, 2-si isə II
ixtisas qruplarında imtahan verən gənclərdir.
*
Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya
qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif
otaqları tikilib. 56 məktəb əsaslı təmir edilib, 64
məktəbdə cari təmir işləri aparılıb. 265 fizika, kimya
və biologiya laboratoriyası müasir avadanlıqlarla təchiz
olunub, 70-dən artıq yeni məktəb İnternet şəbəkəsinə
qoşulub.
*
Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinə
qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas
seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk
300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi
haqqında qərar qəbul olunub.
*
Məktəblilər arasında keçirilən fənn olimpiadalarının ilk
- rayon (şəhər) mərhələsinin I turunda 36908 şagird
iştirak edib. Bu turda qalib gələn 6374 şagird II turda
mübarizə aparıb. Həmin turun nəticələrinə görə 849 nəfər
respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Respublika mərhələsinin nəticələrinə əsasən 189 şagird
I-IV yerləri tutub. Olimpiadada 20 şagird I, 27 nəfər
II, 61 nəfər isə III yerə çıxıb. 81 şagird 4-cü -
həvəsləndirici yerə layiq görülüb.
*
Azərbaycan məktəbliləri ötən dərs ilində beynəlxalq fənn
olimpiadalarında 7 medal qazanıblar. Medallardan biri
qızıl, qalanları isə bürüncdür.
*
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən müxtəlif şəhər və rayonlarda yaşayan
gənclərin digər bölgələrə "Ölkəmizi tanıyaq" devizi ilə
maarifləndirici tur-aksiyaları keçirilib.
Avqust-sentyabr aylarında reallaşdırılan həmin
tur-aksiyalarda minlərlə məktəbli iştirak edib.
*
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may
2014-cü il tarixli 600 nömrəli əmri ilə "Müəllimlərin
etik davranış qaydaları" təsdiq olunub. "Qaydalar"da
hər bir müəllimin işə ilk dəfə qəbul olarkən içməli
olduğu "Müəllim andı" təsbit olunub.
*
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata
keçirilir. Ötən il Dövlət Proqramı çərçivəsində 787 gənc
dünyanın aparıcı ölkələrinin ali məktəblərində təhsil
almaq hüququ qazanıb.
*
Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili
müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və
dövlət-biznes tərəfdaşlığına əsaslanan sosial xarakterli
"Müasir Azərbaycan Peşəkarları Layihəsi"nin icrasına
başlanıb. Bu layihə çərçivəsində müxtəlif dövlət və
özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq
qurularaq bir sıra ilk peşə-ixtisas təhsili
müəssisələrinin bazasında müasir resurs mərkəzləri
yaradılıb.
*
5 yaşlı uşaqların məktəb təliminə hazırlığının təmin
olunması istiqamətində müsbət addımlar atılıb. Bakı
şəhəri üzrə 72 məktəbdə hazırlıq qrupları açılıb.
Hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |