Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Universitetin güclü tədqiqat mərkəzinə çevrilməsi əsas prioritetlərimizdən biridir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovla müsahibə 

Böyütmək üçün şəkili seçin*  2014/2015-ci tədris ilində ADİU-ya daxil olan 3273 tələbənin 12 nəfəri 650-dən çox bal toplayıb. Bu göstərici ötən ilə nisbətən 2 dəfədən də çoxdur. 93 tələbə 600-dən çox bal toplayıb. Ötən il isə 600-dən çox bal toplayan tələbələrin sayı 49 nəfər olub. 500-dən çox bal toplayan tələbələrimizin sayı 669 nəfərdir, ötən il isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan tələbəmiz Emil Alıyev Prezident təqaüdünə layiq görülüb.

*  ADİU-da ənənəvi statik mühazirə-məşğələ təhsil modelindən dinamik interaktiv dərslərə keçid başlayıb.

*  Universitetimizdə insan resurslarının müasirləşdirilməsi istiqamətində böyük işlər görülür - xarici universitetləri bitirmiş, kreativ düşüncəli gənc müəllimlər tədrisə cəlb olunur, müəllimlərin diferensial əməkhaqqının yaradılması və tətbiqi üzrə real addımlar atılır, professor-müəllim heyəti üçün xarici dil kursları təşkil edilir, ixisasartırma kurslarında və təlimlərdə fəal iştirakı üçün lazımi təminat verilir.

*  ADİU-da İnnovativ Biznes-İnkubator təsis edilib və bu layihə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nda nəzərdə tutulan respublikada ilk təcrübədir.

*  "SABAH" qruplarına qəbul olunan 738 tələbədən 225 nəfəri təhsillərini davam etdirmək üçün İqtisad Universitetini seçiblər.

*  ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

*  2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən, ADİU-da dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrimiz arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük təşkil edir.

*  Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi "TEMPUS" proqramını qeyd etmək olar. Belə ki, ADİU IV Mərhələ 6-cı çağırış "TEMPUS" proqramı çərçivəsində koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim etmişdir. Sevindirici haldır ki, ADİU-nun "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" mövzusunda "TEMPUS" layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 avro məbləğində qrant ayrılmışdır. Bununla da ADİU ilk dəfə olaraq "TEMPUS" proqramının qalibi olmuşdur.


- Cənab rektor, sizi və rəhbətlik etdiyiniz kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir və ilk sualımızı da bununla bağlı ünvanlandırmaq istəyirik: Universitet yeni dərs ilinə hansı nailiyyətlərlə başlayır?

- Ən böyük nailiyyətimiz onu hesab edirəm ki, bu il universitetimizə yüksək balla qəbul olunan tələbələrin sayı artıb. 2014/2015-ci tədris ilində ADİU-ya daxil olan 3273 tələbənin 12 nəfəri 650-dən çox bal toplayıb. Bu göstərici ötən ilə nisbətən 2 dəfədən də çoxdur. 93 tələbə 600-dən çox bal toplayıb. Ötən il isə 600-dən çox bal toplayan tələbələrin sayı 49 nəfər olub. 500-dən çox bal toplayan tələbələrimizin sayı 669 nəfərdir, ötən il isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan tələbəmiz Emil Alıyev Prezident təqaüdünə layiq görülüb. 

- Artıq bir ilə yaxındır ki, ölkə Prezidenti tərəfindən "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunub. Ali təhsilin inkişafı ilə bağlı Strategiyada göstərilən hədəflərə çatmaq üçün universitetdə hansı addımlar atılır?

- Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çox əhəmiyyətli və gələcəyə yönəldilmiş bir sənəddir. Strategiyada müəyyən olunmuş məqsədlər, vəzifələr, istiqamətlər, hədəflər və konkret tədbirlər milli təhsil sisteminin keyfiyyətli və dinamik inkişafı üçün fundamental əsasları və platformanı təşkil edirlər. Dövlət Strategiyasının reallaşması çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində kompleks, sistemli, ardıcıl tədbirlər və islahatlar həyata keçirilir. İlk növbədə, bütün ixtisaslar üzrə tədris planlarına yenidən baxılıb və onların dünyanın qabaqcıl universitetlərinin tədris proqramlarına uyğunlaşdırılması istiqamətində zəruri işlər aparılıb, bütün tədris binalarında vahid müasir İKT texnologiyaları ilə təchiz olunmuş təlim infrastrukturu yaradılıb, interaktiv dərslərin təşkili, tədris prosesinin elektron resurslarla təmin edilməsi üzrə geniş hazırlıq işləri aparılmışdır. Strategiyanın birinci istiqaməti - şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasıdır. ADİU-da ənənəvi statik mühazirə-məşğələ təhsil modelindən dinamik interaktiv dərslərə keçid başlayıb, nəticədə müəllimlər və tələbələr tədris prosesinin bərabər fəal iştirakçılarına çevriləcək, bütövlükdə isə təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.

Universitetimizdə insan resurslarının müasirləşdirilməsi istiqamətində böyük işlər görülür - xarici universitetləri bitirmiş, kreativ düşüncəli gənc müəllimlər tədrisə cəlb olunur, müəllimlərin diferensial əməkhaqqının yaradılması və tətbiqi üzrə real addımlar atılır, professor-müəllim heyəti üçün xarici dil kursları təşkil edilir, ixisasartırma kurslarında və təlimlərdə fəal iştirakı üçün lazımi təminat verilir.

İqtisad Universitetində şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması istiqamətində də tədbirlər reallaşdırılır. Belə ki, ADİU-da hər ay "Açıq qapı" günü keçirilir, hər həftə tələbələrin və əməkdaşların qəbulu aparılır, mütəmadi olaraq sosial şəbəkələrdə rektorun birbaşa kommunikasiya xətti təşkil edilir və tələbələrin bütün sualları onlayn rejimində cavablandırılır. Həmçinin, ADİU-da "qaynar xətt" xidməti yaradılıb. Bu xidmətdən iradı, şikayəti və təklifi olan hər kəs istifadə edə bilər.

- Universitetdə aparılan kadr islahatları haqqında nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan təhsil sistemində, xüsusilə də onun ali təhsil pilləsində çox ciddi islahatlar gedir və bu prosesin qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Bizim universitetimizdə apardığımız kadr islahatları da məhz ölkə ali təhsil sistemində həyata keçirilən bu islahatların tələblərinə daha yaxşı cavab vermə istəyimizdən irəli gəlir.

- Ali təhsil ocağının əsas strateji məqsədi ADİU-nun elmi-innovasiya universitetinə çevrilməsidir. Bu istiqamətdə universitetin qarşısında hansı məsələlər prioritet sayılır?

- "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn yeni vəzifələri rəhbər tutaraq ADİU-nun yenilənmiş strateji inkişaf proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var. Bu sənədin hazırlanması üzrə peşəkar işçi qrup yaradılıb və qısa zamanda yenilənmiş strateji plan ictimaiyyətimizə təqdim olunacaq. Əlbəttə ki, ADİU-nun güclü tədqiqat mərkəzinə çevrilməsi - əsas prioritetlərimizdən biridir. Universitetin dünya reytinqlərində yeri birinci növbədə onun akademik gücündən, aparılan elmi-tədqiqat işlərindən, indeksli jurnallarda çap olunmuş məqalələrdən asılıdır. Bizim də universitet olaraq əsas hədəfimiz - Times Higher Education və QS kimi nüfuzlu akademik reytinqlərə düşməkdir. Biz yaxşı başa düşürük ki, İqtisad Universiteti sahəvi tədris müəssisəsidir və bir elmi istiqamət üzrə (iqtisadiyyat) fundamental elmlərlə müqayisədə impakt təsirli jurnalların sayı o qədər də çox deyil. Lakin bu hədəfə çatmaq üçün bütün səylərin və işlərin aparılmasına hazırıq. Bununla yanaşı, universitemizdə elmi tədqiqatlarla tədris prosesinin sıx inteqrasiyasının təmin edilməsi, ekspert-konsaltinq xidmətinin yaradılması, iqtisadyönümlü qanunvericilik prosesində  fəal iştirakı, universitetin yeni elmi biliklərinin innovasiya sahibkarlığı ilə bağlığını əks etdirən keyfiyyətcə yeni sisteminin formalaşdırılması, sosial-iqtisadi inkişaf sahəsində dövlət qərarlarının elmi əsaslandırılmasında fəal iştirakı istiqamətində müvafiq işlər aparılır.

ADİU-da İnnovativ Biznes-İnkubator təsis edilib və bu layihə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nda nəzərdə tutulan respublikada ilk təcrübədir. İnnovativ Biznes-İnkubatorun əsas məqsədi - tələbə startapların yaradılması və universitemizin professor-müəllim heyətinin innovativ layihələrə cəlb edilməsidir.

Hazırda İqtisad Universitetində bir sıra innovativ layihələr reallaşmaqdadır - yeni internet sayt-portalının yaradılması, elektron sənəd dövriyyəsi sisteminin tədbiqi, "Elektron Universitet" layihəsi, keyfiyyətli menecment sisteminə keçid, smart (ağıllı) təlim və idarəetmə infrastrukturunun qurulması.

- Keyfiyyətli təhsilin təmin olunması məqsədilə  professor-müəllim və tədris-köməkçi heyəti arasında hansı stimullaşdırıcı tədbirlər nəzərdə tutursunuz?

- Universitetimizdə kadrlarımızın əmək fəaliyyətinin stimullaşdırılması bizim üçün prioritet məsələlərdəndir. Ancaq biz bu məsələnin həllinə kompleks yanaşmanın tərəfdarıyıq. Doğrudur, əməyin stimullaşdırılmasında əməkhaqlarının artırılması ciddi amildir. Lakin biz yalnız bununla kifayətlənməyi düşünmürük. Qarşıdakı illərdə universitetimizin imkanları çərçivəsində kadrlarımızın əmək şəraitinin yaxşılaşdırılması, onların ixtisaslarının artırılması, sosial-mədəni və idman-sağlamlıq ehtiyaclarının daha dolğun ödənilməsi, mənzil təminatının yaxşılaşdırılması kimi istiqamətlərdə də ciddi tədbirlər həyata keçirməyi nəzərdə tuturuq. Amma bütün bu tədbirlər həyata keçirilərkən diferensial yanaşmanın əsas götürülməsinin də vacib olduğunu düşünürük. Hesab edirik ki, əməyin stimullaşdırılmasında elə bir sistem ortaya qoymalıyıq ki, əməkdaşlarımız universitetin imkanlarından universitetə verdikləri faydaya adekvat ölçüdə yararlana bilsinlər. Belə bir sistem eyni zamanda kadrlar arasında daha sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edəcəkdir.

- ADİU-da "SABAH" qrupları ilə bağlı nə kimi işlər görülür?

- Biz gələcək üçün lazım olan ən uğurlu kadr modelinin ADİU-da hazırlanmasında maraqlıyıq. Bilirsiz ki, "SABAH" qruplarına qəbul olunan 738 tələbədən 225 nəfəri təhsillərini davam etdirmək üçün İqtisad Universitetini seçiblər. Bu 225 tələbəni müasir təhsilin tələblərinə cavab verən savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirmək üçün bütün gücümüzü səfərbər etmişik. Universitetimizdə "SABAH" qrupları üçün müasir dərs metodlarına cavab verən 10 auditoriya yaradılıb. Bu otaqlarda tələbələrin davamiyyəti elektron qaydada, barmaq izi ilə aparılacaq. Auditoriyaların girişindəki planşetlərdə dərs haqda interaktiv məlumat əldə etmək mümkün olacaq. Tələbələr dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdə ölkənin ən son iqtisadi xəbərlərini daim izləyə biləcəklər.

- Universitetin beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz?

- Universitetin beynəlxalq əlaqələri fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Təbiidir ki, ali təhsil sahəsində qloballaşma prosesinin sürətlə getdiyi və dünya ali təhsil məkanında rəqabət mübarizəsinin kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bütövlükdə səmərəli beynəlxalq əməkdaşlığın qurulması daha mühüm əhəmiyyət kəsb edir.

Universitetin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri özündə ehtiva edir.

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti (Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), İtaliyanın Boloniya Universiteti (University of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya universitetləri ilə çoxşaxəli aktiv əməkdaşlıq edir. Hazırda ADİU tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Sevindirci haldır ki, təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır.

Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi ADİU-da tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir. 2013/2014-cü tədris ilində ADİU-ya "qonaq professor" statusunda gələn müəllimlər arasında Türkiyə, Almaniya, İsveçrə, Böyük Britaniya və Litvadan olan professorlar üstünlük təşkil etmişdir. ADİU professorları isə daha çox Türkiyə, Ukrayna, Litva və Rusiyada müxtəlif fənlər üzrə mühazirə kursları oxumuşlar.

Bundan əlavə, son dövrlərdə Türkiyə Palatalar və Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti, Çinin Şanxay Universiteti, Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Hindistanın Menecment Texnologiyaları İnstitutu, Macarıstanın Dunayvaros Universiteti, Birləşmiş Ərəb Əmirliklərindəki Paris Sorbon Universiteti və digər universitetlərlə yeni əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.

Uğurlu layihələrimizdən cari ilin aprelində ADİU-da Ziqen Universiteti ilə birlikdə "Sahibkarlıq və biznesin prinsipləri: Biznesin yaradılmasının əsasları" mövzusunda keçirilmiş Yay Məktəbini (Alman professor tərəfindən aparılan dərslərin yekununda 15 ADİU tələbəsi və 5 alman tələbə Ziqen Universitetinin kreditlərini qazanıb) və cari ilin iyulunda Vilnusda ADİU, Mikolas Romeris Universiteti və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyinin təşkilatçılığı ilə "ÜTT-nin qlobal iqtisadiyyatda rolu" mövzusunda keçirilmiş birgə Yay Məktəbini (10 ADİU tələbəsi və 10 litvalı tələbə hər iki universitetin kreditlərini qazanıb) misal göstərmək olar.

Dünya ali təhsil məkanına inteqrasiyanın təmin olunmasının əsas istiqamətlərindən biri olmasını nəzərə alaraq, ADİU dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə "Biznesin təşkili və idarə edilməsi" ixtisası üzrə birgə MBA proqramının yaradılması xüsusi vurğulanmalıdır. Dərslərin hər iki universitetin professorları tərəfindən aparıldığı proqramda hazırda ADİU-nun 14 magistrantı təhsil alır. Magistrantların əldə etdikləri kreditlər qarşılıqlı olaraq tanınacaq və proqramı uğurla başa vuran məzunlar hər iki universitetin diplomunu alacaqlar.

Bundan əlavə, ADİU-nun profilinə uyğun olaraq, beynəlxalq və regional miqyaslı iqtisadi təşkilatlarla səmərəli əməkdaşlığın qurulması bizim üçün prioritet əhəmiyyət kəsb edir. Belə ki, ADİU Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. ADİU-da "Dünya Bankının İctimai-İnformasiya Mərkəzi" və "ÜTT  İstinad  Mərkəzi" fəaliyyət göstərir. Universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür. ADİU-nun tələbə və professor-müəllim heyəti qeyd olunan təşkilatların müxtəlif seminar, treninq və layihələrində aktiv iştirak edir.

Bundan əlavə, beynəlxalq universitet birlikləri və assosiasiyaları ilə əməkdaşlığa mühüm önəm verən universitetimiz Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər bu kimi təşkilatların üzvüdür.

Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, əcnəbi tələbələrin sayının artırılması, tələbə və professor-müəllim heyətinin beynəlxalq təhsil və tədqiqat proqramlarına daha aktiv cəlb olunması, universitetimizin beynəlxalq ali təhsil məkanındakı imicinin yüksəldilməsi və ADİU-nun dünya universitetlərinin reytinq siyahılarına daxil edilməsi beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətimizin əsas prioritetlərini təşkil edir.

- ADİU-da neçə nəfər əcnəbi tələbə var? Onları bura cəlb edən nədir? Bu tələbələr üçün nə kimi şərait yaradılıb?

- Universitetin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətində əcnəbi tələbələrin cəlb olunması mühüm yer tutur. Universitetimizdə 4 dildə təhsil xidmətlərinin təqdim olunması ADİU-nu iqtisadiyyat və biznes profili üzrə ali təhsil almaq istəyən əcnəbilər üçün kifayət qədər cəlbedici edir.

2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən, ADİU-da dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrimiz arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük təşkil edir. Hazırda Türk dünyası işlətmə, Beynəlxalq iqtisadi münasibətlər, İnformatika və idarəetmə, Kommersiya, Biznes inzibatçılığı və Maliyyə fakültələrində daha çox əcnəbi tələbə təhsil alır.

Təbii ki, ADİU-nun mövcud və potensial imkanları əcnəbi tələbələrin sayının əhəmiyyətli dərəcədə artırılması üçün zəmin yaradır. Yaxın gələcəkdə Rusiya, Türkiyə, Ukrayna, Orta Asiya, Çin, Hindistan, Pakistan və Şimali Afrika ölkələrindən əcnəbi tələbələrin sayının artırılmasını hədəfə almışıq. Bu baxımdan, ingilis dillində tədrisin, eləcə də MBA və doktorantura proqramlarının imkanlarından daha səmərəli istifadə etməyi düşünürük.

Hazırda əcnəbi tələbələrin sayının artırılması, prioritet hesab edilən ölkələrdə ADİU-nun təbliğatı işinin daha səmərəli təşkili, əcnəbilərin universitetimizə qəbulu prosesinin online şəkildə həyata keçirilməsi, universitetin yataqxana imkanlarının yaxşılaşdırılması və digər məsələləri özündə əks etdirən kompleks tədbirlər həyata keçirilir.

Eyni zamanda, tərəfdaş universitetlərdən əcnəbi müəllimlərin ADİU-nun tədris prosesinə daha çox cəlb olunmasını nəzərdə tuturuq. Bütün bunlar ADİU-nun tələbə və müəllim kontingentində əcnəbilərin xüsusi çəkisinin artırılmasına xidmət edəcəkdir.

Əcnəbi tələbələrin universitetə tam inteqrasiya olunması məqsədilə onların universitetdə keçirilən tədbirlərə cəlb edilməsi, Bakının və regionların tarixi yerlərinə ekskursiyaların təşkili və yarana biləcək cari problemlərinin həlli istiqamətində lazımi tədbirləri görürük. Təhsil aldıqları müddətdə əcnəbi tələbələrin Azərbaycanın iqtisadiyyatı, tarixi, mədəniyyəti, adət-ənənələri və Qarabağ həqiqətləri ilə tanış olmaları üçün kompleks tədbirlər həyata keçiririk.

- Tərəfdaş olduğunuz beynəlxalq proqramlar haqqında məlumat vermənizi xahiş edirik.

- Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tələbə və professor-müəllim heyətinin müxtəlif təhsil proqramları və layihələrindən maksimum faydalanması üçün imkanların yaradılması bu istiqamətdəki fəaliyyətimizin əsasını təşkil edir.

Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi "TEMPUS" proqramını qeyd etmək olar. Belə ki, ADİU IV Mərhələ 6-cı çağırış "TEMPUS" proqramı çərçivəsində koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim etmişdir. Sevindirici haldır ki, ADİU-nun "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" mövzusunda "TEMPUS" layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 avro məbləğində qrant ayrılmışdır. Bununla da ADİU ilk dəfə olaraq "TEMPUS" proqramının qalibi olmuşdur.

Koordinatoru ADİU olan "TEMPUS" layihəsinin 4 Avropa tərəfdaşı (Uorvik Universiteti - Böyük Britaniya, Malaqa Universiteti - İspaniya, Santyaqo de Kompostela Universiteti - İspaniya, Boloniya Universiteti - İtaliya), 6 regional tərəfdaşı (Ukrayna, Qırğızıstan və Tacikistanın hər birindən iki universitet), 4 Azərbaycan tərəfdaşı (Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti) və 4 tərəfdaş dövlət qurumu (Azərbaycan, Ukrayna, Qırğızıstan və Tacikistanın təhsil nazirlikləri) vardır.

Layihənin əsas məqsədləri tərəfdaş universitetlərdə optimal və çevik fəaliyyət mexanizminə malik olan Beynəlxlaq Əlaqələr Şöbəsinin yaradılmasından, tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin formalaşdırılmasından, tərəfdaş ali təhsil müəssisələrinin regional və qlobal universitetlər şəbəkəsinə qoşulmasından və tərəfdaş universitetlərin beynəlxalq reytinq siyahılarına daxil olmasından ibarətdir. 2013-2016-cı illəri əhatə edən Layihə hazırda uğurla icra olunur.

Eyni zamanda, hazırda ADİU "Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası" mövzusunda başqa bir TEMPUS layihəsində tərəfdaş qismində iştirak edir. Qeyd edək ki, bu layihənin koordinatoru Xəzər Universitetidir.

Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə Proqramıdır. Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən və Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan Proqrama ADİU aktiv şəkildə qoşulmuşdur.

Belə ki, proqramın ilk ilində ADİU-nun 11 professor və müəllimi Türkiyənin Qazi, Hacettepe, Sakarya və Akdeniz universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş, müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin universitetlərdə tətbiq olunan müasir tədris metodları ilə tanış olmuşdur. Eyni zamanda, bu proqram çərçivəsində 2013/2014-cü tədris ili ərzində Türkiyənin Sakarya, Süleyman Dəmirəl, Çukurova və Akdeniz universitetlərinin 11 professor və müəllimi 1-2 həftə ərzində ADİU-da olmuş və tədris prosesində iştirak etmişdir.

Eyni zamanda, Mevlanə Mübadilə Proqramı çərçivəsində ADİU-nun 6 tələbəsi Türkiyənin Hacettepe və Sakarya universitetlərində, eləcə də Türkiyənin Süleyman Dəmirəl Universitetinin tələbəsi ADİU-da 1 semestr təhsil almışdır.

2014/2015-ci tədris ili üçün sözügedən proqramda iştirak edəcək müəllim və tələbələrimizin sayının əhəmiyyətli dərəcədə artırılmasını düşünürük. Bu məqsədlə, Mevlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq protokolu imzaladığımız Türkiyə universitetlərinin sayı 27-yə çatdırılmışdır.

Məlum olduğu kimi, Avropa Komissiyasının "TEMPUS" və "Erasmus Mundus" proqramı təhsil, təlim, gənclər və idman üzrə 2014-2020-ci illəri əhatə edən vahid "Erasmus+" proqramı ilə əvəz edilmişdir. Bu proqram tələbə və müəllim mübadiləsi, birgə magistratura proqramları, potensialın gücləndirilməsi və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim edir. Eyni zamanda, Avropa Komissiyasının "Horizon-2020" - Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı da elm və tədqiqat sahələri üzrə beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə yönəlmişdir.

ADİU-nun "Erasmus+" və "Horizon-2020" proqramlarına aktiv şəkildə qoşulması və tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün lazımi tədbirləri həyata keçiririk.

Bundan başqa, British Council, Alman Akademik Mübadilə Xidməti, Bakıda fəaliyyət göstərən diplomatik korpus tərəfindən təqdim edilən və mövcud olan digər beynəlxalq proqram və layihələrdə iştirak səviyyəmizin davamlı şəkildə artırılmasını nəzərdə tuturuq.

- Respublikada ilk dəfə olaraq ADİU-da "Tələbə-rektor" layihəsi həyata keçirilir. Layihənin keçirilməsində məqsəd nədən ibarətdir?

- Bu layihəyə aprel ayından start vermişik. Bir gün ərzində səsvermə yolu ilə seçilən "Tələbə-rektor" mənimlə birgə rektorun fəaliyyətini icra edir. Layihənin məqsədi şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır. Ötən il bu layihəni ayda bir dəfə həyata keçirərək bir günlük "Tələbə-rektor" seçirdik. Layihənin böyük müsbət nəticələrini nəzərə alaraq "Tələbə-rektor"un institusiallaşdırılması qərara alınıb. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov