Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Beynəlxalq təhsil xəbərləri

 

Kitab oxumaq intellekti gücləndirir 

ABŞ-ın  Emori  Universitetinin  alimləri  belə  bir qənaətə  gəliblər ki, hər hansı kitabı oxuduqdan  sonra  bir  neçə  gün  ərzində  insanın  intellekt  səviyyəsi güclənir.  Tədqiqat müəllifləri qeyd ediblər ki,  kitab  oxumaq insan beynində sinir bağlantılarının sayını  fizioloji səviyyədə artırır. Bununla belə, dəyişiklik daimi xarakter daşıyır.  Alimlərə görə,  dərin məzmunlu  və  məna  yükü çox olan  kitabların oxunmasından  sonra    beyinin sol yarımkürəsində intellekt səviyyəsinin artmasına cavab verən neyronların sayı artır. Bundan əlavə, insanın hərəkət aparatına cavab verən neyronlar sahəsi ilə əlaqə də güclənir. Beyində baş verən dəyişikliklər maqnit-rezonans tomoqrafiyasının köməyi ilə müəyyən olunub və  bu aktivlik  yaxın  5 gün ərzində  davam edir.


Avstraliyada əcnəbi tələbələrin sayı artıb 

Son 5 ildə ilk dəfə olaraq Avstraliyada əcnəbi tələbə axınının artdığı bildirilir.  Dərc olunmuş məlumatlara əsasən, son 6 ay ərzində Avstraliyada ilk dəfə  təhsil almağa başlayan tələbələrin sayı 442 min nəfər təşkil edib. Bu  isə ötən ilin anoloji dövrü ilə müqayisədə 11,5 faiz çoxdur.  Ölkənin  beynəlxalq təhsil agentliyinin baş direktoru Stivenson-Perkinin sözlərinə görə,  ali təhsil sektorunda artım 15, peşə təhsili sistemində 20, ingilis dili sahəsində 28, hazırlıq proqramlarında 25 faiz təşkil edib.  Sonuncu dəfə Avstraliyada təhsilə marağın azalması tendensiyası  2010-cu ildə müşahidə olunub.


Ən keyfiyyətli təhsil verən ölkələr 

Dünyanın ən keyfiyyətli təhsil verən ölkələrinin reytinq cədvəli açıqlanıb. "Assosiated-press" agentliyinin məlumatına əsasən, siyahıya Amerika Birləşmış Ştatları başçılıq edir.  "HBSC"  tədqiqat qrupunun  "Təhsil haqqı: uğurun əsası" adlı hesabatına əsasən, ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə Almaniya yer alıb. Amerikada əcnəbilər üçün orta təhsil  xərcləri il ərzində 36564 dollar təşkil edir.  Hesabata görə, dünyada valideynlərin 51 faizi ən keyfiyyətli təhsilin ABŞ-da olduğunu qeyd edirlər.    Hesabat dünyanın 15 ölkəsində 4592 valideyn arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsaslanıb. Təhsil haqları isə hər bir ölkədə  10-a yaxın ən böyük  ali təhsil müəssisələrindən əldə olunmuş məlumatları əks etdirir.

Reytinq cədvəlində  4-cü yerdə  qərarlaşmış  Avstraliya  əcnəbi  tələbələr  üçün ən  bahalı ölkə hesab olunub. "Yaşıl kontinentdə"  yaşamaq və təhsil haqqı hər bir tələbəyə ildə 42 min ABŞ dollarına başa gəlir.   Bu rəqəm Sinqapurda  olduğundan 3 min dollar artıqdır.  Hindistanda təhsil alan əcnəbi tələbələrin xərcləri  ildə  6 min dollar təşkil edir.  "HBSC"   qrupu mütəxəssislərinin hesablamalarına əsasən tələbələr üçün ən bahalı 10  ölkənin siyahısına ABŞ, Böyük Britaniya, Honkonq, Kanada, Fransa, Malayziya, İndoneziya və Braziliya kimi ölkələr daxildir.  Qrupun rəhbəri Saymon Uilyamsın sözlərinə görə, valideynlərin öz uşaqlarını xaricə göndərmələrinin əsas səbəbi əcnəbi dili öyrənmək, digər ölkələrdən olan insanlarla ünsiyyət qurmaq təcrübəsi və müstəqillikdir.


Prinston Universiteti ABŞ-ın ən yaxşı universiteti seçilib 

ABŞ-ın "News & world Report"  jurnalının  versiyasına görə,  Prinston Universiteti ABŞ-ın ən yaxşı universiteti  seçilib.  Reytinqdə ikinci və üçüncü  yerləri müvafiq olaraq   Harvard və  Yel  universitetləri tutublar.

Jurnal  ikinci ildir ki,  ölkənin ən nüfuzlu ali təhsil müəssisələri arasında  birincilik uğrunda mübarizədə bu universitetin təhsilin bütün isiqamətlərində üstün olduğunu qeyd edir.  "Prinston Universiteti  fəaliyyətinin  bütün  spektri üzrə  öz yüksək göstəriciləri sayəsində lider  mövqedə qalmağa nail olub", - deyə   jurnalın  baş informasiya strateqi  Bob Mors bildirib.

 Prinston  Universiteti  2013-cü ildə  siyahıda  ilk pilləni  tutan  Harvard Universiteti ilə sərt rəqabət  şəraitində liderliyi özü üçün təmin edib.  Reytinq cədvəlində üçüncü yeri  Yel  Universiteti tutub.  Kolumbiya  və  Stenford universitetləri müvafiq olaraq  dördüncü və beşinci yerləri  tutublar.  Jurnalın analitikləri  ölkənin  1,8 min universitet və kollecində təhsil fəaliyyətini  tədqiq ediblər. Onların fəaliyyətinin ən müxtəlif aspektləri - ali məktəblərə qəbulun sayından tutmuş  tələbə qruplarının kəmiyyət tərkibi, təhsil haqlarına qədər müqayisəsi aparılıb.  Prinston Universitetində  2014-2015-ci tədris ilində  təhsil haqqı 41 min 820 dollar təşkil edir. Bu göstərici üzrə  isə Kolumbiya Universiteti liderlik edir. Bu təhsil ocağında illik təhsil haqqı  51 min 8 dollar səviyyəsində müəyyən edilib.


OECD  34 ölkədə təhsilin vəziyyətinə dair 570 səhifəlik hesabat hazırlayıb 

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı  (OECD)  dünyanın  34 ölkəsində  təhsilin  vəziyyətinə  dair  570  səhifəlik  hesabat hazırlayıb.  Bu barədə rəsmi hesabatın təqdimatına həsr olunmuş tədbirdə bildirilib. Hesabatdan məlum olub ki, indi kişilərdən fərqli  olaraq qadınların  daha çox  tam  orta  təhsil almaq şansları var.  Qeyd olunur ki, ali təhsilli insanların  əməkhaqqları  təhsilin orta  səviyyəsi ilə kifayətlənmiş insanlara  nisbətən 2 dəfə artıb.   Rusiya,  Estoniya, Amerika  və daha 3 ölkə  son illər təhsilə ayrılan vəsaitlərin həcmini  azaldan dövlətlərin siyahısındadır.  Digər  28 ölkədə  bu vəsaitlərin  həcmi  yalnız artıb.  Nə qədər qəribə olsa da iqtisadi  böhran təhsilə  müsbət  təsir göstərib: iş yerləri uğrunda mübarizənin kəskin hal alması ilə əlaqədar təhsilə ayrılan vaxt orta  hesabla  bir neçə il artıb.  Əsas nəticələrlə yanaşı, hər bir  ölkə  üzrə mini-hesabatlar da təqdim olunub.


Rusiya məktəblərində qazlı içkilər qadağan olunur 

Rusiyanın İctimai Palatası  baş nazir  Dmitri  Medvedevə  ölkənin  ümumtəhsil müəssisələrində sərinləşdirici qazlı içkilərin qadağan olunması tələbi ilə müraciət edib. İctimai Palata qeyd edir ki, "Koka-kola"  və  bu  kimi digər  içkilər uşaq orqanizminə mənfi təsir göstərir.  Məktəb valideynlərin nəzarəti olmadan uşaqların  bu cür içkiləri aldıqları  yer hesab olunur.  Buna görə  də  qanunvericilik səviyyəsində  bu içkilərin məktəblərdə satışına qadağa qoyulmalıdır.  Müəyyən olunub ki, istənilən sərinləşdirici içki uşaqlarda piylənməyə, şəkərli diabetə, müxtəlif  mədə xəstəliklərinə yol açır. İctimai palata üzvləri çox qazlı, alkoqolsuz içkilərin tərkibində süni boyaların, konservantların və aromatizatorların olmasından narahatdır. Bütün  bunlar isə uşaq orqanizmi üçün təhlükəlidir. Palata buna istinad edir ki, bir sıra ölkələrdə, xüsusən də ABŞ-da uşaq  təhsil müəssisələrində qazlı içkilərin satışı qanunla qadağan olunub.  Bu məsələ cəmiyyət üçün ən kəskin  sosial problemlərdən hesab olunur.

  Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
 xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov