Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

İlk qələbənin sevinci

 

Bu qız müsabiqədə ən yüksək bal toplayıb 

Bugünkü qonağımız "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədən uğurla keçən və maksimum bal toplayan Əliyeva Sevinc Araz qızıdır.

2008-ci il oktyabrın 1-də anadan olan Sevinc Əliyeva 194 nömrəli məktəbin I sinif şagirdidir.

Sevinci xarakterizə edəndə ən çox "mehribandır", "sadəlövhdür", "hazırcavabdır" ifadələri işlədilir.

Sevincin maraq dairəsi çox genişdir. İdmanla maraqlanır, rəqslə məşğul olur, ingilis və rus dillərini öyrənməyə çalışır.

Sevinc böyüdükcə özü kimi arzuları da böyüyür. Bizim "Böyüyəndə kim olacaqsan", "Hansı peşəni seçəcəksən" sualımıza cavab olaraq müəllim, həkim, polis olmaq istədiyini bildirdi. Niyə məhz bu peşələrdən birini seçməyi düşündüyünü soruşanda isə balaca Sevincin cavabı bu cür oldu: "Müəllim uşaqlara bilik verir, həkim xəstəni sağaldır, polis isə pis adamları tutur".

Onunla söhbət edərkən qarşında ilk böyük qələbəsi ilə həyəcanlanan uşaq yox, daha böyük qələbələr arzusu və inamı ilə yaşayan birini görürsən. Təmkinli davranışı, suallara sakitliklə cavab verməsi onun barəsində bu düşüncənin formalaşmasına təkan verir. Sevinc o qədər sərbəstdir ki, müsahibəyə gedən zaman da onda qətiyyən həyəcan olmayıb.

Babasının sözlərinə görə, Sevinc yazıb-oxumağa çox erkən maraq salıb. Nənəsi onun dərsləri ilə məşğul olub və bu zaman onu yormayıb, əyləncə ilə öyrədib. Hətta 4 yaşında ikən hərfləri tanıyan Sevinc 1 il də dövlət bağçasına gedib.

Ailəsi onun hərtərəfli yetişməsinə çalışsa da, uşaq hüquqlarını pozmamağı da hədəfləyib. Bəlkə həm də ona görə ki, Sevinc hansı hüquqlarının olduğunu və onları necə qorumaq lazım gəldiyini yaxşı bilir. Məsələn, bütün yayı dərs kitabları oxumaqla, məntiq məsələlərini həll etməklə bərabər, cizgi filmlərinə də baxıb. Ən çox sevdiyi cizgi filmi isə "Maşa və ayı"dır.

Sevinc bizi əmin etdi ki, məktəbdə çox yaxşı oxuyacaq. Həm də təkcə ona görə yox ki, ailəsi, müəllimləri bunu ondan tələb edəcək. Həm də ona görə ki, oxumağı özü sevəcək. Bəlkə də Sevinc yaşından daha tez böyüyür, bəlkə də böyüdükcə uşaqlıq duyğuları daha çox üzə çıxacaq. Amma onun hələ 6 yaşlı uşaq olduğunu gözlərindəki sevincdən duymaq olar.

Onunla söhbət xoş idi, bütün suallarımıza konkret, lakin eyni mövzuda daha bir sual yaratmayacaq qədər dəqiq cavab verdi. Amma bununla belə onu daha yaxından tanımaq üçün daxili dünyasının qapılarını rahatlıqla başqalarının üzünə açmadı. Buna nail ola bilmək üçün bəlkə hələ gözləmək lazım gəlir. Amma arxayın olun, o, sonunda sizə özünün sirli dünyasına daxil olmağa icazə verəcək. O dünyaya ki, orada həyat və insanlar barədə maraqlı çox şey olduğuna əminik. 

Gün gələcək Sevinc qazandığı qələbələrin sırasına yenilərini artıracaq. Ancaq yəqin ki, heç nə ilk qələbənin sevincini unutdurmayacaq. 

Xədicə QULİYEVA,
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov