Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

"Sənətkar"ın növbəti nömrəsi çapdan çıxıb

 

Təhsil Nazirliyinin elmi-pedaqoji, metodik nəşri olan "Sənətkar" jurnalının builki 3-cü nömrəsi çapdan çıxıb.  Jurnalın ilk səhifələrində Təhsil Nazirliyinin cari tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq olunması barədə əmri və qəbul planı yer alıb.

Bu il jurnalın 45 yaşı tamam olur. Bu münasibətlə nömrədə "Sənətkar"ın keçdiyi yol haqqında yazı dərc edilib. Jurnalın "Mütəxəssis sözü" bölümündə ilk peşə-ixtisas təhsili sahəsində tətbiq olunan pilot layihələr, çex pedaqoqu                 Y.A.Komenskinin "Böyük didaktika" əsərində sənətin texnoloji məsələləri haqqında, eləcə də ölkəmizdə təhsilin inkişafı, təhsildə yaşlı müəllimlər problemi ilə bağlı yazılar təqdim olunub.

Jurnal özünün "Müəllimə kömək" ənənəvi rubrikası altında bu nömrəsində də yazılar verib. Bu yazılarda istehsalat təcrübəsinin təşkili və yerinə yetirilməsinə verilən tələblərdən, yeni peşələrdən ("Quru inşaat ustası"), "Geyim üzrə dizayner" peşəsi üçün qiymətləndirmə vasitələrindən, dekorativ tətbiqi sənətin (xalq sənətinin) növlərindən biri olan ağac üzərində oymanın keçmişi və indisindən, Azərbaycanın "Qırmızı kitabı"na salınmış Lənkəran akasiyasından söz açılır.

İlk peşə-ixtisas təhsili müəssisələrinin məzunları haqqında vaxtaşırı yazılar verən jurnal "Məzunlarımızın sorağında" rubrikası ilə bu nömrədə 12 nömrəli Texniki-Peşə Məktəbini ötən əsrin 80-ci illərinin əvvəlində bitirmiş, hazırda Volqoqrad Kənd Təsərrüfatı İnstitutunda çalışan Əsgər Əhmədovdan bəhs edən məqalə dərc edib.

Bu nömrədə habelə jurnalın əməkdaşları V.Səlimova və P.İbrahimovanın bu il əsaslı təmirdən çıxmış 5 nömrəli Bakı Peşə Liseyi haqqında yazıları, R.Rüstəmovanın Çin Xalq Respublikasının peşə təhsili sistemi barədəki məqaləsi oxuculara təqdim olunub. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov