Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Bir ömrə sığmayan illər

 

Ömür var bir cümləyə, ömür var kitablara sığar. Onun həyatı ilə tanış olanda adama elə gəlir ki, bu ömrün içində, sanki, bir dəqiqə boş zaman olmayıb. Deyəsən, elə belədir də. Bu təəssüratımızı özü ilə paylaşanda, sadəcə, gülümsündü və bir cümlə ilə cavab verdi: "Burada sizinlə məşğulam, amma həm də auditoriyaya qaçmalıyam". Onun yeridiyini görmədik, həqiqətən də, hər yerə qaçır. Hər anı keyfiyyətli zaman kəsiyi... Hər anı öyrənmə, öyrətmə, xidmət, inkişaf üstünə inkişaf, stabil bir dinamika... Belə bir keyfiyyətli ömrün sahibi Fəridə Ağababa qızı Hüseynovadır. 

Kimdir Fəridə Ağababa qızı Hüseynova? 

Həyat faktlarının içində "itdiyimiz" Fəridə xanımın ömrünün dinamik inkişafını az bir vaxt daxilində qavramaq çətin olsa da, xronologiya üzrə nəzər saldıqda müəyyən qədər təsəvvürə gətirmək mümkün olur. Qəlbən ata yurdu Lənkərana bağlı olan Fəridə Hüseynova 1954-cü il oktyabrın 17-də Bakıda anadan olub. Qarabağa da ürəkdən bağlı insandır. Anası Cəbrayıldan olduğu üçün ömrünün içində Qarabağın xüsusi payı var. Lənkəran isə etoloji və etnoqrafik xüsusiyyətləri ilə özünə daha çox bağlayıb Fəridə xanımı. Tərbiyəsində, dünyagörüşündə əhəmiyyətli rol oynayan atasına bağlı olduğu qədər, ata nəslinə də elə bağlı olduğunu söyləyir. Fəridə xanımın ömür yolunun belə zəngin, sürətli inkişafında Bakı şəhərindəki 27 nömrəli orta məktəbin də böyük rolu olub. Ən səmimi duyğuları kimi bu məktəbə məhəbbətini paylaşmağı sevdiyini duyduq. Orta məktəbdə müəllimlərinin, xüsusilə də ingilis dili müəllimlərinin etik davranışları, pedaqoji səriştələri Fəridə xanıma müəllimlik həyatını qazandırıb. "Müəllimlərimizin yüksəkdən səsini eşitməmişik" deyir günümüzün nümunəvi müəllimi. Həmin məktəbdə gördüyü bütün keyfiyyətləri öz müəllimlik təcrübəsində dolğunlaşdırıb Fəridə müəllim.

Ailənin üç övladından biridir. Bacısı və qardaşı atasının tövsiyəsi ilə həkimlik ixtisasına yiyələniblər. Fəridə xanım isə kövrək qəlbi ilə dərdlərin şahidi olub,  tab gətirməyəcəyini bilib bu məsləhətdən imtina edib. Entuziast xarakteri ilə öyrənməyə və öyrətməyə olan meyli onun fəaliyyət yolunu Dillər Universitetindən keçirib. 1976-cı ildə ali təhsil ocağını bitirib,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetinin xarici dillər kafedrasında laborant kimi fəaliyyətə başlayan Fəridə Hüseynova bu gün "XXI əsr" məktəbində direktor müavini, menecer və ingilis dili müəllimidir. 2001-ci ildə Bakı "XXI əsr" məktəbinini ilk direktoru olub.

Fəridə xanımın həyatı faktlarla o qədər zəngindir ki, bunu yazmağa cəhd etsək, bütöv bir səhifəni tutacaq qədər xronoloji siyahıya çevriləcək yazımız. Buna görə də həyatındakı ən önəmli faktlara nəzər salmaqla kifayətlənməli olacağıq. 1993-cü ilin yanvarında bp və Statoil  şirkətlərinin Azərbaycanda birgə təşkil etdikləri Britaniya Şurasının işgüzar ingilis dili və idarəetmə kurslarına dəvət alıb. İngiltərənin Notinqhem şəhərindəki Trent Universitetində biznesin idarəedilməsinin əsaslarını öyrənib. Fəridə Hüseynova ingilis dilini səlis bildiyinə görə BBS şirkətində iş təklifi alsa da, qəbul etməyib. 1994-cü ildə təqdimatla Bakı Beynəlxalq məktəbində ingilis dili müəllimi kimi işləməyə başlayıb. 1998-ci ildə Bakıda açılan Amerika Universitetinə ibtidai təhsil üzrə direktor təyin olunub. 2000-ci ildə təkmilləşdirmə kursu keçmək üçün Amerikaya ezam olunub. Qayıtdıqdan sonra universitetin bazasında fəaliyyət göstərən Beynəlxalq Mərkəzdə çalışıb.2004-cü ilədək İsveçrədəki Kantzovska Gimnaziyasında Kolbak şəhərciyindəki Tumbo məktəbində ingilis dilindən, riyaziyyatdan, əməkdən, ev təsərrüfatının idarə edilməsindən dərs deyib.

Belə bir zəngin iş təcrübəsinin sayəsində Fəridə müəllim bu gün "XXI əsr" məktəbinin müəllim kollektivini şəxsən öz rəhbərliyi altında yetişdirir, valideynlərlə görüşlər təşkil edir, təhsil problemləri ilə bağlı seminarlar keçirir. Fəridə xanımın fəaliyyəti timsalında yaxından şahidi olduq ki, "XXI əsr" məktəbi şəxsiyyətyönümlü təhsil siyasətinə xidmət göstərməkdədir.

Fəridə Hüseynovanın iş təcrübəsinin dinamik inkişaf tarixçəsi təhsil strategiyamızın ömür boyu təhsil siyasətinin dərk olunması, təbliğ edilməsində əyani nümunədir.

 Xeyriyyəçilik fəaliyyəti 

Müəllimlik insanda fitri bir xüsusiyyətdir. Hər kəs müəllim ola bilməz. Amma müəllim olan insan yalnız daxil olduğu auditoriyanı deyil, bütün cəmiyyəti, hətta bütün bəşəriyyəti duyur. İnsanlığın dərdini, sevincini yumruğu boyda olan ürəyindən keçirir. Fəridə Hüseynovanın da alovu sönməyən qəlbi  daim cəmiyyətin hər təbəqəsinə can ataraq istilik paylamağa məsul bir müəllim ürəyidir. Fəridə xanım auditoriyalarda uşaqlara yalnız ingilis dili dərsi tədris etməklə, təhsil problemlərinin həllini seminarda müzakirə etməklə kifayətlənməyib. O, həmçinin ayrı-ayrı bölgələrdə qayğıya ehtiyacı olan insanlara yardım etməyə də can ataraq əlindən gələni edib. 1994-cü ildən Beynəlxalq Qadınlar Klubunun üzvü olaraq 2001-ci ilə qədər xeyriyyəçilik təşəbbüslərini həyata keçirib. Ehtiyacı olan qocaları və uşaqları ziyarət edərək tələbatlarını ödəməyə səy göstərib. Onların da məhəbbət payını əsirgəməyib. Tarixi fakta nəzər saldıqda görürük ki, bu, vətənimizin ən ağır illərinə təsadüf edir. Müəllim məhz o adamdır ki, yalnız isti, rahat otaqlarda deyil, lazım gəldikdə səngərdə belə öz elmi ilə yararlı olur.

 Həyat fəlsəfi məktəb, hər düşünən insan filosofdur 

Ömür boyu təhsil prinsipini öz həyatında uğurla tətbiq edən Fəridə müəllim pedaqoq, menecer, psixoloq  olmaqla yanaşı zəngin fəlsəfi-estetik duyuma malik bir şəxsiyyətdir. Mədəniyyətin, incəsənətin hər sahəsinə maraq göstərir, hər sahəyə öz yanaşması var. Bizimlə söhbətində daha çox milli mədəniyyətimizin üzərində durdu. Musiqi sahəsində Rəşid Behbudov, Şövkət Ələkbərovanın sənətinin pərəstişkarıdır. Rəssamlardan Toğrul Nərimanbəyovun rəsmlərinin onun fəlsəfəsinə daha yaxın olduğunu söylədi. Xüsusilə, "Nar ağacı" rəsmi fəlsəfi anlamı ilə diqqətini çəkir. Peyzaj və natürmort janrlarını çox sevir. Təbiətcə qaynar olan Fəridə müəlllim təbiətin sakit, susqun halının ifadəsinin təsvirinə üstünlük verir. Dalğalı dəniz rəsmlərini divarına asan adamlara təəccüblənir. Dənizin də sakit halını sevir. Görünür ki, hər zaman hər yerə qaça-qaça gedən, bir an işsiz qalmayan insanın daxilində böyük bir təmkin, səbat, güvənlik var.

Azərbaycan ədəbiyyatından Nizaminin vurğunudur Fəridə Hüseynova. Bu böyük dühanı dünya ədəbiyyatında Şekspirlə yanaşı tutur, müqayisə edir. Ömər Xəyyamın fəlsəfəsi isə müəllimin həyata baxışlarının tam ifadəsidir.

Fəridə müəllimin həyat fəlsəfəsi Qolsuorsinin "Forsaytlar haqqında saqa" əsərində öz ifadəsini tapır. Bir ailə şəcərəsi, tarix, ölkə məfhumlarının qovşağını təşkil edən bu əsəri Fəridə müəllim fərdi həyatın tarix və dünya kontekstində əksi kimi ən uğurlu sənət nümunəsi hesab edir. O, hər bir şəxsin öz nəsil şəcərəsini öyrənməsinə məsul olduğu qənaətindədir. Öz nəsil ağacını canlandırmağa  cəhd edərkən müəllim belə bir maraqlı faktla üzləşib ki, atasının nənəsi Səudiyyə Ərəbistanından olub.

Hər bir sənət nümunəsinə fəlsəfi aspektdən yanaşan Fəridə müəllim filosoflara xüsusi maraq göstərməyib. Fəlsəfəni həyatdan öyrəndiyini deyir. Həyat özü bir məktəbdir, ona idrakla yanaşan insan artıq filosofdur. 

"Uşaqlar qanadlarla doğulur, müəllimlər onlara uçmağı öyrədir" 

Fəridə xanım hesab edir ki, hər kəs müəllim ola bilməz. Əgər insanın qəlbində bəşəriyyətə sevgi alovu yoxdursa, o, alturist deyilsə, müəllim olmasa yaxşıdır. Müəllimlik fədakarlıqdır. Fəridə Hüseynovanın otağının divarları müəllimlik haqqında şüarlarla örtülüdür:

"Əvvəl sev, sonra öyrət".

 "Əgər müəllim yanmırsa, şagirdlər də alışmayacaq"

 "Müəllim bələdçidir."

"Müəllimlik ixtisas deyil, bu, ehtirasdır."

"Heç vaxt təslim olmamaq" həyat prinsipidir

Həyata entuziast yanaşması, optimist baxışları Fəridə Hüseynovaya neqativ sözünü yaxın buraxmayıb. Hər dəyişiklik artıq inkişaf deməkdir onun üçün. Təhsilimizdə baş verən dəyişikliklərə də belə bir böyük ümidlə baxır. Burada nəsə dəyişirsə, demək cəmiyyətin xeyrinədir, demək artıq inkişaf var.

Otağında başının üzərinə kiçik bir rəsm asıb. Rəsmin fəlsəfəsi budur: "Düşünməyin ki, kimsə sizi udursa, artıq yemişdir".  Sona qədər mübarizə, hətta ümid olmasa belə təslim olmamaq prinsipi ilə yaşamaq onun  həyat uğurunun başlıca amilidir. 

Könül NƏHMƏTOVA
[email protected]
foto Rəşad RAMAZANOĞLUNUNDUR

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov