Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Məktəb direktorunun bir iş həftəsi

 

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova ilə söhbət 

Onunla şəxsi tanışlığım olmasa da təhsillə bağlı mətbuatda çıxışları, söylədiyi fikirləri, verdiyi müsahibələri ilə açığını desək diqqətimi cəlb etmişdi. Gənc olmasına baxmayaraq kreativ düşüncəsi ilə digər həmkarlarından fərqlənən bu direktorla tanış olmaq istəyi məndə xeyli  vaxt idi ki, yaranmışdı.Təsadüf elə gətirdi ki, qəzetimizin növbəti nömrəsi üçün direktorun bir iş həftəsi mövzusunda yazı hazırlamaq tapşırılanda məhz bu direktorla görüşməyi qərara aldım. Bu xanım direktorla görüşüb məqsədimizi bildirəndə təbəssümlə ilk sözü bu oldu: "Elə mən də siz gəlməmişdən qabaq həftə ərzində gördüyüm işlərin özlüyümdə təhlilini aparırdım, sanki ürəyimi oxudunuz". Söhbət Bakının tanınmış təhsil müəssisələrindən biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru  Yuliya Kərimovadan gedir.

 - Yuliya xanım, sizinlə daha yaxından tanış olmaq istərdik...

- Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışam. Həmin fakültənin 1998-ci ildə  bakalavriat, 2000-ci ildə isə magistratura pillələrini bitirmişəm. Bir müddət Avropa Azərbaycan Cəmiyyətinin təsisçiliyi ilə fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbi özəl ümumtəhsil müəssisəsində Kurikulum və təlim mərkəzinin rəhbəri olmuşam, eyni zamanda Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimi vəzifəsində çalışmışam. 2006-2007-ci illərdə ABŞ-ın Ohayo ştatının Kent Universitetinin təhsil fakültəsində kurikulum və təlim araşdırmaları üzrə magistr səviyyəli proqramı bitirərək ikinci magistr dərəcəsi almışam. 2012-ci ildən Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının doktorantıyam. 2014-cü il martın 31-də paytaxtın sayılıb-seçilən məktəblərindən biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam.

- Sizin üçün məktəb direktorluğu nədir və bu vəzifəyə təyin olunduqdan sonra ilk diqqət yetirdiyiniz hansı məsələ olub?

- Mənim üçün direktorluq yeni, heç də asan olmayan, eyni zamanda isə çox maraqlı və yaradıcı bir işdir. Fikrimcə, bu günün məktəb direktoru kreativ düşüncəyə malik, yeni təşəbbüslərin reallaşdırılmasında önəmli rol oynamaqla yanaşı, ətrafına peşəkar, yaradıcı müəllimlərdən ibarət bir komanda toplayaraq müasir təhsilimizin inkişafına öz töhfələrini verməyi bacarmalıdır. Məhz mən işimə bu cür yanaşıram.

6 aydan çoxdur ki, məktəb direktoruyam. Direktor kimi  fəalliyətə başladığım ilk gündən  nəzarətimə götürdüyüm ən vacib məsələ məktəbdə nizam-intizamın gücləndirilməsi, hər bir kəs tərəfindən bu qaydalara ciddi əməl edilməsi, məsuliyyət hissinin artırılması oldu. Artıq bununla bağlı müəyyən irəliləyişlər hiss olunmaqdadır.

Direktor olaraq məktəbin inkişafında əsas məqsədləri 3 prioritet istiqamətdə qruplaşdırmışam. Bunlar məktəbdə müasir, informasiya cəmiyyəti üçün mühüm olan keyfiyyət göstəricilərinə cavab verən təhsil prosesinin qurulması, tədrisin keyfiyyətinin yüksəldilməsi; müəllimlər və şagirdlər arasında işgüzar, şagirdyönümlülük prinsipinə əsaslanan münasibətlərin qurulması və ictimaiyyətdə məktəbin yüksək peşəkarlıq səviyyəsinə malik olan müəssisə kimi obrazının formalaşmasıdır.

- Direktor kimi  iş həftənizi, rejimini necə qurursunuz?

- Məktəb direktorunun "həftəsini" və iş rejimini təsvir etmək üçün biznes sahəsində daha çox rast gəlinən bu metaforanı işlətmək olar: 24/7. Yəni sən istirahət günləri olmadan,  məzuniyyət bilmədən həftənin 7 gününün 24 saatını çalışmalısan. Düşünürəm ki, təhsil işçiləri tərəfindən də  təhsilə belə yanaşılmalıdır. Bu o deməkdir ki, sən birbaşa məktəbdə,  şagird və müəllimlər ilə  əhatə olunmasan da belə, məktəbdəki işlər daim fikrindədir və nəzarətin altındadır. Beynində planlarını qurursan, daxilən özünlə söhbət edirsən, bəzən artıq virtual olaraq bir sıra  məsələləri həll edirsən, yeniləri barədə düşünür, onun həlli yollarını axtarırsan və s. Bu normal bir haldır. Məktəb direktoru olmaq, onu idarə etmək  çox məsuliyyətli işdir.

Yeni iş həftəsinə bazar günü axşamdan başlayır, ötən həftəni özlüyümdə ətraflı təhlil edirəm. Görülən işlərlə bağlı dəyərləndirmə aparır, gündəliyimi açıb, həftə ərzində apardığım qeydlərə baxır, həll olunmuş məsələləri özüm üçün yenidən bir xatırlatma edir, həllini  tapmayan, yenidən baxılmasını tələb edən məsələləri isə yeni həftənin 1-cü günü üçün qeyd edirəm və prioritetə görə həftənin günləri üzrə paylayıram.

Təhsil müəssisəsində  dərslər saat 8.00-da başlayır. Mən 7.30-da işə gəlirəm, 1-ci dərsin zəngi vurulmadan, məktəbə gələn şagirdləri və müəlllimləri qarşılayır, onlara  xoş əhvali-ruhiyyə arzulayıram, zərurət yaranarsa onlara məktəbdaxili qaydaları yenidən xatırladıram, bir sıra vacib  göstərişləri yerindəcə verirəm.

- Direktorun məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi üçün diqqət yetirməli olduğu məsələlərdən biri də metodiki işə düzgün rəhbərlik və mütəmadi olaraq buna nəzarət etməsidir. Sizin tərəfinizdən bu iş necə həyata keçirilir?

-Mən bu işi hər bir müəllimin dərsini dinləməklə və onu ətraflı şəkildə müzakirə etməklə həyata  keçirməyə çalışıram. Belə ki,  həftənin 5 günü 10 müxtəlif sinifdə dərsləri izləməklə yanaşı, təlim prosesini müşahidə edirəm. Bu mənim üçün  ən vacib işlərdən biridir: dərsləri mütəmadi olaraq izləmək, şagirdlərin dərslərdə iştirakı, onların dərsə hazırlıqları, bilik və bacarıqlarının hansı səviyyədə olması, bu uşaqların hər birini şəxsən tanımağımda, eyni zamanda müəllimlərin hazırlığı və öz işlərinə necə münasibət göstərmələri barədə kifayət qədər məlumatlı olmağımda əhəmiyyətli rol oynayır. Xüsusilə X, XI siniflər demək olar ki, mənim şəxsi nəzarətim altındadır.

İştirak etdiyim dərslərin sonra nəticələrini müəllimlər ilə müzakirə etmək, onların dərs haqqında fikirlərini öyrənmək, bəzi metodiki tövsiyələr vermək mənim gündəlik gördüyüm işlərdəndir.

Bilirsiniz, bəzi məsələlər var ki, onlar dərhal həllini tapmalıdır, bəzi məsələlər isə uzunmüddətli planlaşmanı və komanda tərkibində iş tələb edir. Belə məsələlər üçün mən çərçivəli plan tuturam.

Belə çərçivələr hər həftə üzrə olur, həllini tapan məsələlər çox olanda, görürəm ki, istədiyimə nail ola bilmişəm və  məktəbdə işlər öz axarı ilə gedir.

- Gün ərzində müxtəlif işlərlə məşğul olursunuz. Valideynlərlə ünsiyyətdə olmağa imkan tapırsınızmı?

- Əvvala onu deyim ki, məktəbin həyatında, onun idarə olunması prosesində valideynlərin istirakı olduqca vacibdir. Mənim otağımın qapısı şagirdlər və müəllimlər üçün daim açıqdır. Səhər tezdən müəllimlər, şagirdlər və valideynlər müxtəlif sorğular ilə müraciət edə bilərlər. Onların suallarına cavab vermək, fərdi görüşlər üçün vaxt təyin etmək, bəzən vacib qərarları yerindəcə vermək - bunlar hamısı hər günün səhər saatlarında baş verir. Valideynlərin mənə müraciətləri təbii ki,  övladları ilə bağlı olur. Bu müraciətlər yazılı də ola bilər, şifai də. Yazılı surətdə mənə ünvanlanan müraciətlərdən elələri olur ki, elə yerindəcə həllini tapır, bəzilərinin isə araşdırılması müəyyən vaxt tələb etdiyindən onun həlli 2 gündən 1 həftəyə kimi çəkə bilər. Çalışıram ki, mənə edilən müraciətlə bağlı obyektivliyi qorumaq şərtilə sonda şagirdin xeyrinə qərar çıxarım.

Həftədə bir dəfə mən sinif rəhbərləri ilə iclas keçirirəm. Belə iclaslar mənim üçün məktəbdə oxuyan hər bir şagird və hər bir sinif haqqında vaxtı-vaxtında məlumat almağa imkan yaradır.

- Günün ikinci yarısını necə planlaşdırırsınız?

- Günün ikinci yarısı daha çox müxtəlif təsərrüfat işləri, sosial yönümlü məsələlərlə məşğul olmaq üçün vaxt ayırmağa çalışıram.

Bilirsiniz ki, bizim məktəb bu il  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən əsaslı yenidənqurmadan sonra şagird və müəllimlərin ixtiyarına verilib. Məktəbimizin məzunu olan, Azərbaycan təhsil sisteminin inkişafına öz mühüm töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu məktəbin yenidən qurulması prosesini hər zaman diqqətdə saxlayıb.Məktəbimizdə istər müəllimlərin fəaliyyəti, istərsə də şagirdlərin yüksək təhsil almaları üçün hərtərəfli imkan, şərait yaradılıb, lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub. Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Onlardan səmərəli istifadə, avadanlıqlardan səliqə ilə rəftar etmək məktəbimizdə hər bir kəs tərəfindən riayət edilməsi vacib olan ciddi qaydalardan biridir. 

Bilirsiniz, hər günün özünəməxsus vəzifələri, çətinlikləri və uğurları var.

- Yuliya xanım, hər günün özünəməxsus vəzifələri, çətinlikləri və uğurları var deyəndə nələri nəzərdə tutursunuz?

- Məktəbin hər günü çətin və maraqlı, gərginlik yaradan və eyni zamanda rahatlıq gətirən olur. Bütün bunlar müəyyən hazırlığı, çevikliyi və birlikdə iş görmək bacarıqlarını tələb edən məsələlərdir. Məktəb bir müəssisə olaraq, canlı orqanizmdir, daim dəyişir, bəzən isə  sabit qalır.

Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü və tapşırığı ilə bir sıra layihələr həyata keçirilir. Həftə ərzində bir neçə dəfə həmin layihələrlə bağlı bu işə cavabdeh olan müəllimlər ilə danışmaq, işlərində rast gəlinən problem və çətinlikləri öyrənmək, layihənin gedişatını izləmək, əldə olunan nəticələrlə müntəzəm tanış olmaq da diqqət göstərdiyim  işlərdən biridir. 

Həftə ərzində planlaşdırılmış işlərdən əlavə digər mühüm işlərimiz olur. Belə ki, tez-tez məktəbimizə qonaqlar gəlir, mühüm tədbirlər həyata keçirilir. Təhsil müəssisəmizdə Təhsil Nazirliyinin iclasları keçirilir. Məsələn, bu ilin sentyabr ayının sonunda Rusiya Federasiyanın Dövlət Dumasının deputatı V.V.Jirinovski məktəbimizə səfər etmişdi.V.V.Jirinovski dərsdə iştirak etmiş, daha sonra yuxarı sinif şagirdləri ilə görüşərək onların  suallarını cavablandırmışdı. Digər bir tədbirimiz yenə də sentyabr ayının sonuna təsadüf edən, məktəbimizin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirə günü ilə bağlı olub. Bu ilin 10-13 oktyabr tarixlərində isə məktəbimizdə Milli Məclisin deputatı Sevinc  Fətəliyevanın təşəbbüsü ilə IV Bakı Humanitar Forumun iştirakçısı, Almaniyada fəaliyyət göstərən psixoloq Qalina Xanzelmanın təqdimatı keçirilib.

- İş gününüz adətən neçədə bitir? Bu qədər gərgin iş qrafiki ilə çalışan bir xanım ailədə övladları ilə məşğul olmağa vaxt tapa bilirmi?

- İş günüm adətən saat 7-də bitir. Təbii ki, övladlarıma vaxt ayırmaq mənim analıq borcumdur və bundan xüsusi zövq alıram. Böyük oğlum 7-ci sinifdə oxuyur və artıq məni gözləmədən sərbəst olaraq ev tapşırıqlarını yerinə yetirir. Mən işdən qayıdanda o, dərsləri və aldığı qiymətlər haqqında məlumat verir, məktəbdə baş verən maraqlı hadisələr barəsində danışır. Kiçik oğlum 1-ci sinif şagirdidir. Onun dərsləri ilə şəxsən özüm məşğul oluram. Mən hesab edirəm ki, məktəb təhsilinə yeni başlayan uşağın evdə anası və digər ailə üzvləri ilə birlikdə dərslərinə hazırlaşması təhsilə motivasiyanı artırmaq üçün çox vacib bir amildir. Buna görə övladlarım ilə özüm məşğul oluram, böyük oğlumun nailiyyətləri göstərir ki, belə yanaşmanın nəticəsi çox yaxşıdır.

- Mütaliəyə böyük maraq göstərdiyinizi də bilirik. Bəlkə özünüz bu haqda danışasınız...

- Boş vaxtlarımda (bu, əsasən istirahət günləri olur) övladlarımla kitab mağazasına getmək bizim ailədə bir bayram əhvali-ruhiyyəsi yaradır. Biz ailəlikcə mütaliə və oxuduqlarımızı birlikdə müzakirə etməyi çox sevirik.

Mən ədəbiyyat üzrə Nobel mükafatı alan bütün yazıçıların əsərlərini oxumağı özüm üçün məqsəd qoymuşam.

Dünya təhsil sistemində baş verən yenilikləri, ayrı-ayrı inkişaf etmiş ölkələrın təhsillə bağlı maraqlı təcrübələrini öyrənmək,  internetdə təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlarla tanış olmaq mənim üçün olduqca maraqlıdır.  Mən hesab edirəm ki, peşəkar insan daima öz üzərində işləməli, müxtəlif inkişafetdirici proqramlarda, görüşlərdə, konfranslarda iştirak etməli, peşəkarlığın inkişafı üçün geniş imkanlardan istifadə etməyə çalışmalıdır.

Biz ömürboyu öyrənmə dövründə yaşayırıq, özümüz peşəkarlığımızı inkişaf etdirmək üçün qarşımıza məqsədlər qoymalıyıq və onları reallaşdırmalıyıq. Qərb ölkələrində deyirlər ki, əsl lider düzgün qərarları düzgün vaxtlarda verməyi bacaran yox, başqalarına düzgün qərarları düzgün vaxtlarda verməyi öyrədəndir. Mənim üçün səmərəli liderlik iki mərhələdən ibarətdir: mühüm qərarları verməyi bacarmaq və birlikdə iş zamanı həmin bacarığı komandamın üzvləri arasında inkişaf etdirmək.   

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov