Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Təbiət qızı
(hekayə)

 

Dəniz İSMAYILOVA,
Bakı şəhər 189 nömrəli tam orta məktəbin IV sinif şagirdi 
 

Uzaq bir ölkədə, meşənin lap ortasında bir koma var idi.  Bu komada bir qız yaşayırdı. Bu qız təbiət qızı idi. Adı İnci idi. İncinin anası Təbiət, atası isə Göylər şahı idi. İnci çox gözəl, ağıllı və təmizqəlbli bir qızdı. Meşənin bütün sakinləri onun bacı-qardaşları, ən böyük ağaclar isə onun böyük qardaşları idi. Bir gün İnci darıxdı. İstədi ki, bir az gəzə. Bir səhəng götürdü ki, qayıdanda su gətirsin. O, meşədə açıq bir yerdə olan gözəl bir bulağa gəldi. Səhəngi bir tərəfə qoyub başladı çimməyə, su içməyə, saçını yumağa, çiçəklərlə oynamağa, rəqs etməyə... Nə isə... Çox əyləndi.

Bu vaxt həmin ölkənin şahzadəsi şahzadə Yaşar bir ceyranı ovlamaq üçün qovurdu. Bir azdan ceyranı qova-qova adamlarından ayrıldı. O qədər çapdı ki,   axırda ceyranın izini itirdi. Ceyranı axtara-axtara gəlib çıxdı İnci olan bulağa tərəf. İnci bu vaxt saçını hörürdü. Şahzadə Yaşar İncini görüb ona vuruldu. İstədi ki, qıza doyunca baxsın. Ağaclar isə onun qabağını kəsir, istəmirdilər ki, şahzadə İncini görsün. Ancaq şahzadə budaqların arasından İnciyə baxdı. Axır ki,  şahzadə  Yaşar İncinin qarşısına çıxdı. Şahzadəni görən İnci əvvəl bir az qorxdu. Şahzadə onun qorxduğunu görüb dedi:

- Qorxma, gözəl qız. Mən sənə pislik  etmək fikrində deyiləm. Sadəcə sənin gözəlliyinə heyran qaldım. Mən bu  ölkənin padşahı Dəmirxanın oğlu  şahzadə Yaşaram. De, bəs sən kimsən?

İnci dedi:

- Mənim adım İncidir. Anam Təbiət xanım, atam isə Göylər şahıdır.  Meşənin bütün sakinləri mənim bacı-qardaşlarımdır. Ən böyük ağaclar isə mənim böyük qardaşlarımdır. Bəs sən məndən nə istəyirsən?

Şahzadə dedi:

- Mən səndən heç nə istəmirəm, İnci. Mən  sənə vurulmuşam. Arzum budur ki, səninlə evlənəm. Başqa heç nə istəmirəm.

İnci dedi:

- Onda səhər bu bulağın başına gəl. Mən səni burada gözləyəcəyəm. Biz hər şeyi danışarıq.

Sonra Şahzadə İncini komasına qədər ötürdü. Gün əyilirdi.

Nəhayət, evə qayıtmaq məcburiyyətində qalan şahzadə öz doğma evində də heç cürə rahatlıq tapa bilmədi. Elə hey İncini düşünürdü. Hamının gözündən yayınaraq öz otağına girdi. Yatağına uzanıb xəyala daldı. Padşah bunu görüb narahat oldu. Oğlunu yanına çağırıb soruşdu.

- Oğul, sənə nə olub? Nəsə bikef görünürsən.

Şahzadə dedi:

- Mənə heç nə olmayıb. Sadəcə, bir az yorulmuşam.

Səhər şahzadə Yaşar İncini görmək arzusu ilə meşəyə getdi. Gəlib dünən İncini gördüyü bulağa çatdı. Ancaq nə qədər gözləsə də, İnci gəlib çıxmadı. Şahzadə İncinin yaşadığı komanın yanına gəlib çağırdı:

- İnci, İnci, İnci...

Axırda qapını açıb içəri girdi. Amma nə qədər axtardısa, İncini tapa bilmədi. Çox kədərləndi.

Gəlin şahzadə Yaşarı qoyaq burada, görək İnci nə elədi?!

İnci məsləhət almaq üçün anası Təbiət xanımın yanına getmişdi.  Anasından soruşdu:

- Ana,  mən deyəsən ilk dəfədir bəni-adəm haqqında düşünürəm. De, mən şahzadə Yaşar ilə birlikdə xoşbəxt ola bilərəm?

Təbiət xanım dedi:  

- Qızım, sən ona ərə gedə bilərsən. Amma bir az fikirləş. Sən orada şahzadənin sarayında, dörd divar arasında yaşaya bilərsənmi? Onsuz da o öz doğmalarını, öz vətənini atıb sənin yanına gəlməyəcək. Yaxşı fikirləş qızım, yaxşı fikirləş!

İnci anasına məsləhətə görə təşəkkür etdi. Səmada uçan buludlardan birini yanına çağırdı. Ağ ata oxşayan bir bulud onun yanında yerə endi. İnci buluda minib göylərə - atasının sarayına uçdu. Göylər şahı qızını görməyinə çox şad oldu. İnci atasına başına gələnləri danışdı. Göylər şahı bir az düşünüb dedi:

- Anan düz deyir, qızım. Sən onunla yaşaya bilməzsən. Həm də insanlar çox qəddardırlar. Bir-birlərini torpaq üstündə öldürürlər. Heyvanları yeyirlər, ağacları qırırlar. Sən onların içində yaşaya bilməzsən! İstəyirsən, geyin bu buludu, çevril duman parçasına, bütün dediklərimi öz gözlərinlə gör.

İnci buludu geyindi. Duman parçasına çevrilib yuxarıdan  insanların həyatına baxdı. İnsanlar doğrudan da bir-birini öldürür,heyvanları, ağacları qırıb tökürdülər. İncinin gözləri yaşla dolmuşdu. Axı,  məhv olanlar onun doğmaları idi. İncinin insanlar  haqqında fikirləri tamam dəyişmişdi. Artıq buradan köçüb getməyi qərara almışdı.

İnci anasından icazə alaraq şahzadə  Yaşarı son dəfə görmək üçün buludu geyinib duman parçasına çevrildi. Uça-uça gəlib çıxdı saraya. Şahzadə Yaşar həyətdə kədərlə  o baş - bu başa gəzirdi. Şahzadə artıq başa düşmüşdü ki, İnci buralarda yoxdu. O fikirləşirdi ki, İnci ondan inciyib, çıxıb gedib. Başını qaldırıb göyə baxanda gördü ki, başının üstündə bir duman parçası dayanıb. Sonra  isə  bu duman yavaş-yavaş uçub meşəyə tərəf getdi.

İllər keçdi. Şahzadə Yaşar artıq evlənmişdi. Çoxlu uşağı var idi. Amma o tez-tez həmin bulağın yanına gəlir, İncini xatırlayırdı. O, özlüyündə bu bulağa "İnci bulağı" adı qoymuşdu.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov