Türkiyə
Respublikasının milli təhsil nazirinin müavini Yusuf
Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr
2014-cü il tarixlərində Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində ölkələrimiz arasında təhsil
əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir
mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlərə nəzər salınıb.
İlk öncə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər
Əliyevin məzarını, Şəhidlər xiyabanı kompleksini və Türk
Şəhidliyini ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti təhsil naziri Mikayıl
Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və
Azərbaycan Respublikasının Milli Məclisində
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb.
Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji
tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər
istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək
səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın
genişləndirilməsi barədə müzakirələr aparılıb.
Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji
Universitetində SABAH qrupları çərçivəsində pedaqoji
ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış
edib. |