Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Uşaqları döymək olarmı?

 

Könül NƏHMƏTOVA, 
[email protected]

Böyütmək üçün şəkili seçinUşaqların  tərbiyəsində hansı metodlardan istifadə olunması bu gün bütün pedaqoqların, psixoloqların, valideyn, müəllim və tərbiyəçilərin qarşısında duran əsas problemlərdən biridir. Yaxın keçmişimizdə istər ailələrdə, istərsə də təhsil müəssisələrində zorakılıq metodlarından istifadə etməklə bu problemin ən qısa və təsirli yolunu tapdıqlarını hesab edən valideyn və müəllimlərimizin sayı yüzlərcə, hətta minlərcə idi. Maraqlıdır ki, bu illərdə uşaqları döyməklə tərbiyə etməyə çalışan müəllimlərlə öz övladının döyülməsinə göz yuman valideynlər də eyni düşüncə və təfəkkürün sahibi idilər. Ortayaşlı insanların xatırlaya biləcəyi son illərdə belə valideynlər övladlarını daha çox "tələbkar" hesab etdikləri, şagirdləri döyməklə ad çıxarmış müəllimlərə etibar edirdilər. Yəni xalq təbirincə desək, "əti sənin, sümüyü mənim" deyirdilər. Nəsillər dəyişsə də bu estafet cəmiyyətimizdə hələ də davam etməkdədir. Hər birimizin gələcəyi olan övladlarımız, onlara ən yaxın olan insanlar- valideynlər və müəllimlər tərəfindən hələ də zorakılıq hallarına məruz qalmaqdadır. Ancaq etiraf edək ki, bu problemə təhsili, intellektual səviyyəsi yüksək olan ailələrdə daha az rast gəlinir. Müasir təfəkkürlü, şəxsiyyətyönümlülük prinsiplərini əsas tutan, bugünkü tələblərə cavab verən müəllimlərimizdə bu metoda  daha  az  təsadüf  olunur. Ölkənin  televiziya  məkanında və mətbuat  səhifələrində qeyd olunan problemlərin  ara-sıra işıqlandırılması bu məsələdə maarifləndirmə işlərinin hələ də davam etdirilməsinin cəmiyyətin tələbi olduğunu göstərir. Azərbaycanda hamı üçün aktual hesab etdiyimiz bu mövzu ilə baglı tanınmış türk pedaqoqu Adəm Günəşin və uşaq psixoloqu Narınc Rüstəmovanın  fikirləri də dediklərimizi təsdiq edir:

 Türk pedaqoqu Adəm Günəş: "Cəza ilə tərbiyə olunan uşaqlarda "şəxsiyyətsizləşmə" olur. Cəza alan, cəza verməyi öyrənir..." 

Cəza ilə tərbiyə olunan uşaqlarda "şəxsiyyətsizləşmə" olur. Cəza alan, cəza verməyi öyrənir. Nə zaman uşaqdan yaxşı bir hərəkət görünərsə, onu təqdir etməli, mükafatlandırmalıdır! İnsanların yanında bəzən onu öyməlidir. "Əmisi, mənim oğlum (qızım) belə etdi" deyərək yaxşılıqlara təşviq etməlidir. Bir qəbahət işləyərsə və ya pis bir söz söyləyərsə, bir neçə dəfə görməzlikdən gəlməli, "onu etmə" deməməli, danlamamalıdır. Tez-tez danlanan uşaq cəsarətlənir, gizli etdiklərini açıq etməyə başlayar. Etdiyi yaramazlıqların zərəri özünə şirin dil ilə anladılmalı, inandırılmalıdır!

Ana əgər cəza verərək tərbiyə etməyə çalışdığı  övladının içində yaşadığı zəlzələni görə bilsəydi, uşağına cəza verməkdə bu qədər rahat davranmazdı. Cəzanın təsiri həmin dəqiqə görünmədiyi üçün  ana  irəlidə qarşısına çıxacaq təhlükədən xəbərsiz cəza verməyə, cəzadan yardım almağa davam edib durur. Bununla birlikdə, cəza günümüzdə nə yazıq ki, "qəbul olunan" bir tərbiyə metodudur. Bir müqəssirə cinayətinə görə cəza vermək üçün normal şərtlərdə bir məhkəmə heyəti qurulub - bir deyil, bir neçə şəxsin qərarı ilə - cəza verilməsinin məcbur olduğu düşünülərkən, uşaqlara veriləcək cəzalarda  nə bir məhkəmə, nə də bir heyət ehtiyacı duyulmamaqdadır. Çox zaman ana həm prokuror, həm də hakim olaraq övladını mühakimə etməkdə və buna layiq olduğunu düşündüyü cəzanı təkbaşına rahatlıqla tətbiq edə bilir. 

Uşaq psixoloqu Narınc Rüstəmova: "Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır" 

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.Təəssüf ki, bu tip "tərbiyə" üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, daha kinli olur. Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur. Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır. Uşaq valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.

 
 
 
Səhifənin başına qalx   Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov