Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Siz də tanıyın, liseyin direktor müavinidir

 

Böyütmək üçün şəkili seçinNuranə Şıxəliyevanı liseylərində keçirilən çoxsaylı tədbirlərin birində tanımışam. Bakının Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına lisey say-seçmə tədris müəssisələrindən olduğundan rayon üzrə keçirilən təhsillə bağlı əksər tədbirlərə ev sahibliyi edir. Nümunəvi baza şəraiti, kütləvi tədbirlərin təşkili sahəsində zəngin təcrübəsi və işgüzar kollektivi liseyə ümumrayon şeir, inşa müsabiqələrinin, debatların, "dəyirmi masa"ların keçirilməsi üçün ən yaxşı məkan imici qazandırıb. Hər dəfə rayonun qırxa qədər təhsil müəssisəsindən nümayəndələrin iştirak etdiyi belə tədbirlərdən birinə mən də dəvət almışdım. Tədbir yüksək səviyyədə hazırlanmışdı. Hər şeydə dəqiq ölçü-biçinin, təşkilatçılığın izi görünürdü. Fikirlərim bununla məşğul ikən diqqətimi digər iştirakçılardan daha fəal, hər şeyə göz qoyan, hər məsələyə qarışan, göstərişlər, məsləhətlər verən bir xanım müəllim cəlb etdi. Qonaqları qarşılamasından, işgüzar görkəmindən hiss olunurdu ki, tədbirin təşkilatçılarındandır. Liseyin foyesində təşkil olunmuş əl işləri sərgisi ilə qonaqları tanış edən bir müəllimdən onun kimliyini soruşdum.

- Tanımırsınız, liseyimizin direktor müavini, həm də ingilis dili müəllimimiz Nuranə Şıxəliyevadır də, - deyə cavab verdi. Onun səsində bir qürur, razılıq hissləri duydum. Əlavə etdi:

-Od parçasıdır. Liseyimizin bütün sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri onun boynundadır. Cavan  olmağına baxmayın, hər şeyin yerini, hər kəsin dilini çox yaxşı bilir.

Sonralar bir neçə dəfə də onun hazırladığı tədbirlərdə iştirak etdim. Bu tədbirlər hər şeydən əvvəl dərin məzmunu, təsirli olması, mükəmməlliyi ilə iştirakçılarını razı salır, onlarda dərin təəssürat yaradırdı.

Bir neçə dəfə redaksiyamıza da gəlmiş, metodik məqalələr gətirmişdi. Onun qəzetimizin müxtəlif nömrələrində dərc olunan həmin məqalələri də özünün məzmunu, mövzunu tam əhatə etməsi, ona innovativ yanaşma ilə diqqəti cəlb edirdi.

1983-cü il noyabrın 13-də anadan olmuş Nuranə Şıxəliyeva ixtisasca ingilis dili müəllimidir. Azərbaycan Dillər Universitetini bitirib. 12 ildir ki, Heydər Əliyev adına liseydə işləyir. Bunun son 7 ilini isə həm də təşkilat və təlim-tərbiyə işləri üzrə direktor müavinidir.

Bir ingilis dili müəllimi kimi özünü artıq çoxdan təsdiq edib. Özünün metodikası var. Dərsdə şagirdləri fəallaşdırmaq, müasir təlim texnologiyalarından mövzunun tələblərinə uyğun istifadə etmək, xarici dilin öyrədilməsində əsas  yanaşmalardan biri sayılan müqayisəli tədrisə daha çox yer vermək bu metodikanın və ona müəllimi kimi uğur qazandıran fəaliyyətin əsas istiqamətlərini təşkil edir.

Yeni kurikulumun tələblərini yaxşı mənimsədiyindən onun tətbiqində çətinlik çəkmir, bu sahədə topladığı təcrübəni həmkarları ilə tez-tez bölüşür, "açıq dərs"lər verir. Lakin Nuranə müəllim liseylərində də, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivləri arasında da daha çox təşkilat və təlim-tərbiyə üzrə direktor müavini kimi tanınır və sevilir. Buna səbəb də, qeyd etdiyimiz kimi, liseydə keçirilən ümumrayon tədbirlərində həmişə fəallığı, yüksək təşkilatçılıq bacarığı nümayiş etdirməsidir.

Liseydə bir təşkilatçı, direktor müavini kimi onun funksiyaları çoxdur. Sinif rəhbərlərinin gündəliklərinin aparılmasına nəzarət, müəllim və şagirdlər arasında növbətçiliyin təşkili, valideynlərlə görüşlər...

Əlbəttə, kiməsə məsləhət, tövsiyə vermək, kiminsə işinə nəzarət etmək üçün gərək həmin məsələləri ən azı onun qədər bilməlisən. Kimdənsə qoyulmuş qaydalara əməl etməyi tələb edirsənsə, ilk növbədə, özün nümunə göstərməlisən. Məhz bu baxımdan Nuranə müəllim öz vəzifə funksiyasını yerinə yetirməkdə mənəvi haqqı çatan insanlardandır.

N.Şıxəliyevanın işinin böyük bir qismini isə məhz təşkilati işlər, sinifdənxaric, məkktəbdənkənar tədbirlər, müəllimlər tərəfindən təşkil olunan belə tədbirlərin əlaqələndirilməsi, bu işdə onlara dəstək göstərməsi təşkil edir. Onun təşkilatçılığı ilə liseydə tez-tez təşkilat saatları keçirilir, fənn gecələri, milli və dövlət bayramlarımıza, tarixi günlərə, tanınmış elm, ədəbiyyat, incəsənət xadimlərinin yubileylərinə həsr olunmuş mərasimlər, ədəbi-bədii kompozisiyalar təşkil olunur. Liseydə fəaliyyət göstərən "Şagird parlamenti"nin üzvləri ilə işləmək, onların köməyi ilə seminarlar, disputlar, "dəyirmi masa"lar keçirmək, bu yolla şagirdlərə milli mənəvi dəyərlərin aşılanması, onların vətənpərvərlik, dövlətçiliyə hörmət ruhunda tərbiyəsi də Nuranə müəllimin daim diqqət yetirdiyi məsələlərdəndir. Liseydə yaradılmış "İstedad bankı"nı yeni-yeni istedadlar hesabına zənginləşdirmək də onun fəaliyyət sferasına daxildir. İstedadları isə məhz məktəb tədbirlərində üzə çıxarmaq daha asan olur.

Hazırda bu işgüzar, yenilikçi müəllim - direktor müavinini gələcəkdə liseylərindən beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin yetişdirilməsi üçün şəraitin yaradılması məsələsi düşündürür.

Liseyin, onun müəllim və şagird kollektivinin bir çox uğurları Nuranə müəllimin də adı ilə bağlıdır. İndiyələk iki dəfə Böyük Britaniyanın paytaxtı Londonda olub. Liseyin istedad qrupu ilə. Oradan yüksək balla, diplom və sertifikatlarla qayıdıb. Liseylərində fəaliyyət göstərən "Zərifə" rəqs qrupu ilə Türkiyənin İstanbul, Ankara, Eskişehr şəhərlərində festivallarda iştirak edib, I və II yerlərə layiq görülüb, diplomlarla mükafatlandırılıb. Norveçdə müəllimlərin təkmilləşdirilməsi ilə bağlı treninqdə iştirak edərək diplom alıb.

Daim öz üzərində işləmək, innovasiyaları öyrənmək, irəli getmək onun həyat kredosudur.

Özünü artıq direktor müavini kimi də təsdiq etmiş N.Şıxəliyeva məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak edir.

İnanırıq ki, nə vaxtsa onun yaxşı direktor kimi də sədasını eşidəcəyik. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov