Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

ABŞ-da təhsil müəssisələrinin akkreditasiyası necə təşkil olunur?

 

Əfqan ABDULLAYEV,
professor, Təhsil Nazirliyi Hüquqi Ekspertiza və Lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi,
iki dəfə (1998, 2005) ABŞ-ın Senator Fulbrayt proqramının mükafatçısı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın "Strateji hədəflər və tədbirlər" bölməsində (bölmə 7) qeyd olunur ki, "Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sistemi formalaşdırılmalı və beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi yaradılmalıdır" (3.1.3.). Bu sahədə ən çox diqqət çəkən təcrübələrdən biri də ABŞ akkreditasiya sistemidir. Düşündüm ki, ABŞ təçrübəsi haqqında müəyyən məlumatın verilməsi məqsədəuyğun olardı.

Dünyanın ən inkişaf etmiş təhsil sistemlərindən biri də ABŞ təhsil sistemi, xüsusilə ali təhsil sistemidir. Hələ ABŞ-da təhsil aldığım illərdə müəllimlərimdən soruşanda ki, ABŞ təhsil sisteminin özəlliyi nədədir? Onlar yarızarafat, yarıciddi cavab verərdilər - Bu sistemin özəlliyi elə onun sistemsizliyindədir.

İlk baxışdan qəribə görünsə də, bu əslində elə reallığı əks etdirir. ABŞ-da təhsilə ümumilikdə nəzarət edən federal nazirlik yoxdur. Ştatların özləri ştatdaxili nisbi nəzarəti həyata keçirir. Təhsil müəssisələri, xüsusilə də ali təhsil müəssisələri nəzərəçarpaçaq qədər müstəqil və avtonom fəaliyyət göstərirlər. Bunun da nəticəsidir ki, ABŞ-da təhsil müəssisələri təqdim etdikləri proqramların keyfiyyətinə, təhsilin səviyyəsinə və xüsusiyyətlərinə görə bir-birinə bənzəmirlər. Əlbəttə, bu heç də o demək deyil ki, təhsil müəssisələri necə gəldi fəaliyyət göstərə bilərlər. Onların fəaliyyətini tənzimləyən nizamnamələr, qaydalar, əsasnamələr və digər normativ sənədlər vardır. Bunlar da həmişə nəzarət mexanizmi kimi istər daxildən, istərsə də müəssisədən kənardan yoxlanılır. Belə nəzarət mexanizmlərindən ən mühüm olanı təhsil müəssisəsinin akkreditasiyasıdır.

Akkreditasiya nədir? Ümumi götürdükdə akkreditasiya dəyərdir. Özümüzün ictimai, özəl və peşə həyatımızda əhəmiyyətli rol oynayan universitet və kolleclərin proqramlarının rəqabətli, davamlı əmək bazarının tələblərinə cavab vermək üçün dözümlülük göstərə biləcək məzunları yetişdirən tədris proqramlarının müəyyən standartlara cavab verdiyini təsdiqləyən bir prosesdir. Akkreditasiya olunmuş, özünə "yaşamaq" hüququ almış proqramlarla oxuyub qurtaran məzunlar əmək bazarında, lisenziyalaşmada, qeydiyyatda və sertifikasiyada, magistratura və doktoranturada təhsilini davam etdirməkdə, eyni zamanda qlobal mobillikdə geniş imkanlara malik olurlar.

Akkreditasiyanın əsas funksiyalarına nələr daxildir?

1) Təhsil müəssisəsinin və onun ixtisaslarının müasir standartlara cavab verdiyini təsdiqləmək.

2) Tələbələrin universitet seçməkdə qərar verməklərinə "köməklik" göstərmək, onları "ayıltmaq ."

3) Universitetlərə kənardan gələn tələbələrin kreditlərini transfer etməkdə köməklik göstərmək.

4) Müəssisəni istər daxili, istərsə də xarici zərərli təsirlərdən, təzyiqlərdən qorumaq.

5) Keyfiyyəti aşağı olan tədris proqramlarının keyfiyyət standartlarının artırılmasına stimul vermək.

6) Təhsildə iştirak edənlərin (müəllim, tələbə, yardımçı heyət) hamısının müəssisənin qiymətləndirilməsi, planlaşdırılması və strateji inkişafi məsələlərinə yaxından cəlb olunmasına şərait yaratmaq.

7) Dövlət və beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün təhsil müəssisəsinə əsas vermək.

Bəs akkreditasiya kimlərə lazımdır? Birinci növbətə tələbələrə. Sonra təhsil müəssisələrinə və onların təklif etdikləri proqram-ixtisaslara lazımdır. Nəhayət, geniş ictimaiyyətə, biznes, sənaye qurumlarına və əlbəttə, dövlətə lazımdır.

ABŞ-ın akkreditasiya sisteminin yüz ildən çox tarixi vardır. 100 ildir ki, bu keyfiyyətə nəzarət sistemi amerikalıların səhiyyəsinin, intellektual inkişafının, təhlükəsizliyinin və ictimai maraqlarının qorunmasına xidmət edir. ABŞ-da təhsilin keyfiyyətinə nəzarət, kənar nəzarət bir qayda olaraq özəl, müstəqil təşkilatlar tərəfindən aparılır. Ümumilikdə ABŞ ali təhsil sistemi (bu hardasa 4635 təhsil müəssisəsi deməkdir) 25 milyondan çox tələbə kontingentini, 3,5 milyon tam - yarım ştatlı müəllim heyətini əhatə edən, 420 milyard maliyyəsi olan strateji bir sahədir (2010-2011-ci ilin göstəriciləri). ABŞ akkreditasiya təşkilatları 50 ştatda və 113 xarici ölkədə kollec və universitetləri akkreditasiyadan keçirirlər.

ABŞ-da akkreditasiya orqanlarının fəaliyyətinə nəzarət iki təşkilat tərəfindən həyata keçirilir. Biri Ali Təhsilin Akkreditasiya Şurası (CHEA, 17 nəfərdən ibarət Direktorlar Şurası var), digəri isə ABŞ Təhsil Departamentidir (yəni Təhsil Nazirliyi). Hazırda Ali Təhsilin Akkreditasiyası Şurası və  ABŞ Təhsil Departamenti tərəfindən tanınmış 80-dən çox akkreditasiya qurumu fəaliyyət göstərir.

ABŞ-da (demək olar ki başqa ölkələrdə də) akademik akkreditasiyanın iki forması vardır: 1) tədris müəssisəsinin tam akkreditasiyası, 2) ixtisasların-proqramların akkreditasiyası.

Təhsil müəssisəsinin akkreditasiyası regional və milli akkreditasiya agentlikləri tərəfindən həyata keçirilir  və bütövlükdə təhsil müəssisəsinin akkreditasiyası nəzərdə tutulur, ayrı-ayrı ixtisas-proqramlara diqqət yetirilmir.

Xüsusiləşmiş, yaxud proqram-ixtisasların akkreditasiyası isə ayrı-ayrı proqram-ixtisasların akkreditasiyasını nəzərdə tutur.

Akkreditasiya prosesi:

1) Təhsildə keyfiyyətin təminatıdır - bu proses zamanı müəyyən edilməlidir ki, kollecin, universitetin, yaxud ixtisasın-proqramın məzmunu keyfiyyətli kadr yetişdirməyə zəmin yaradır, ya yox. Akkreditasiyanın nəticəsi cəmiyyətə, gələcək tələbələrə, dövlət qurumlarına, beynəlxalq arenaya bir mesajdır (akkreditasiyanın nəticəsi müsbətdirsə, yaxşı mesaj, mənfidirsə pis mesaj).

2) Dövlət, özəl, beynəlxalq maliyyə institutlarından maliyyə dəstəyi almaq üçün müraciət etməkdə bir imtiyazdır.

3) Müəssisə, təşkilat və əmək bazarı üçün bir inamın yaranmasıdır. Alınan müsbət qərar kollec və universitetin nüfuzunun artma göstəricisidir. Mənfi qərar isə onlara inamın aşağı düşməsinə gətirib çıxarmaq deməkdir.

4) Tələbə mobilliyinin etibarlılıq mənbəyidir. Bir tədris müəssisəsindən digərinə transfer olunan tələbənin aldığı kreditlərə inam deməkdir, onların keçərliliyi deməkdir.

ABŞ akkreditasiya qurumları fəaliyyət göstərmək üçün maliyyəni haradan alırlar? İki mənbədən. Ən mühüm mənbə akkreditasiyadan keçmək üçün müraciət edən tədris müəssisələrinin verdiyi üzvlük haqlarından və bir də sponsorlardan. Onlar bəzən dövlətin və özəl fondların da maliyyə dəstəyindən yararlanırlar.

Təhsil müəssisələrinin akkreditasiyası müddəti, bir qayda olaraq, bir neçə il fasilədən tutmuş 10 il fasiləyə qədər ola bilər, çünki akkreditasiya davamlı bir prosesdir. ABŞ-da akkreditasiya prosesi (təhsil müəssisəsinin özünü təhlili, sənədlərin yoxlanması, akkreditasiya təşkilatının komissiyasının təhsil müəssisəsinə göndərilməsi, nəticələrin təhlili və yekun qərarın verilməsi) demək olar əksər ölkələrdə olduğu kimidir. Akkreditasiya qurumları akkreditasiya elədikləri tədris müəssisələri qarşısında, cəmiyyət və dövlət qarşısında çox böyük cavabdehlik, məsuliyyət daşıyırlar.

ABŞ-da ali təhsil müəssisələri üç istiqamətdə akkreditasiyadan keçirilir. 1) Dini yönümlü akkreditasiya təşkilatları ancaq dini qurumların nəzdində olan tədris müəssisələrini akkreditasiyadan keçirirlər. Bu müəssisələr, adətən, akademik dərəcə verən və gəlirlə işləməyən təhsil müəssisələridir. 2) Ümumamerika karyera yönümlu akkreditasiya təşkilatları. Bunlar ancaq əsasən gəlirlə işləyən, dərəcə verən və verməyən tədris müəssisələrini akkreditə edir. 3) Regional akkreditasiya təşkilatları. Bu akkreditasiya qurumları bir qayda olaraq, gəlirlə işləməyən, dərəcə proqramları təklif edən təhsil müəssisələrini akkreditasiya edirlər.

2011-2012-ci illərdə 18 tanınmış akkreditasiya qurumu 7818 təhsil müəssisəsini (ümumilikdə 30400 ixtisas və proqram) akkreditasiyadan keçirmişdir. O cumlədən, bunların 3050-si regional akkreditasiya qurumu tərəfindən, 4298-i Milli karyera yönümlü akkreditasiya qurumu və 470-i isə dini yönümlü akkreditasiya qurumları tərəfindən akkreditasiya olunmuşdur. Bütövlükdə bu akkreditə olunmuş təhsil müəssisələrində 28 milyona yaxın tələbə təhsil alır.

Akkreditorların bəziləri ilə tanış olaq. Məsələn, ABET(1932-ci ildə yaranıb) 1997-ci ildə Amerika Ali Təhsilin Akkreditasiyası Şurası tərəfindən tanınıb və tətbiqi elmlər, kompüter elmləri, mühəndislik və mühəndislik texnologiyaları ixtisaslarını akkreditə edən qurumdur. 2011-2012-ci illərdə 3259 təhsil müəssisəsini və ya proqramları akkreditasiyadan keçirmişdir. Tibbi Təhsil Proqramlarını akkreditasiya edən Komissiya (1994-cü ildə yaradılmışdır) həmin müddətdə (2011-2012-ci illər) 1980 proqram və təhsil müəssisəsini (70000 tələbə) akkreditasiyadan keçirmişdir. Amerika Stomatoloji Assosiasiyasının Stomatologiya Akkreditasiyası Komissiyası (1975-ci ildə yaranıb) 1449 proqram-ixtisası və fakültəni (52985 tələbə) akkreditasiya edib.

Akkreditasiya qurumlarında 2011-2012-ci illərdə bütövlükdə 850 tam ştatlı (o cümlədən 102 yarımştatlı) işçi olmuşdur. Bu qurumların büdcəsi 115 milyon dollar olmuşdur. Bundan başqa akkreditasiya işində 20 mindən çox könüllü iştirak etmişdir ki, onlara da 21 milyon dollardan çox pul ödənilmişdir.

Bəs aparılan akkreditasiyalar zamanı hansı nəticələr əldə olunmuşdur?

1) İlkin akkreditasiya qabağı müraciət edən təhsil müəssisələrinin 545-i bəyənilmişdir, ilkin akkreditasiyaya üçün müraciət edənlərin isə 26-na rədd cavabı verilmişdir.

2) İlkin akkreditasiyanın nəticələrinə görə 1108 müəsssisə və proqrama müsbət cavab verilmişdir, 49-na isə rədd cavabı verilmişdir.

3) Yenidən akkreditasiya üçün müracət edənlərin 3280-nə müsbət rəy verilmiş, 1556-na müəyyən müddət verilmiş, 161-nə xəbərdarlıq edilmiş, 131-nə sınaq müddəti verilmiş, 603-nə şərti cəza verilmiş və 94 müəssisə isə bağlanmışdır.

Göründüyü kimi, ABŞ akkreditasiya qurumlarının işi çox əhatəlidır, eyni zamanda bu mürəkkəb bir prosesin həyata keçiririlməsini tələb edir.

Bundan başqa ABŞ akkreditasiya qurumları beynəlxalq akkreditasiya proqramlarında da çox fəal iştirak edirlər. Göstərilən müddətdə bu qurumlar tərəfindən 122 ölkədə 720 təhsil müəssisəsı və proqramı akkreditasiya olunmuşdur.

Akkreditasiya aparan təşkilatlar bir qayda olaraq, hesablılıq prinsipi ilə işləyirlər. Onlar akkreditə etdikləri universitetlərə, akkreditə etdikləri proqramlara görə təhsilə investisiya eləyən dövlət və cəmiyyət  qarşısında böyük məsuliyyət daşıyırlar. Çünki keyfiyyətli təhsil hamının arzu elədiyi və görmək istədiyi təhsildir.

Akkreditasiyaya cavabdeh olan qurumların özləri də fəaliyyət göstərmələri üçün "Tanınma (lisensiya verilmə)" prosesini keçməlidirlər. Onların tanınması, fəaliyyətlərinin hüquqi müstəviyə keçməsi özəl təşkilat olan Ali Təhsilin Akkreditasiyası Şurası (CHEA), ya da ABŞ Təhsil Departamenti (Təhsil Nazirliyi) tərəfindən tanındıqdan sonra baş verir. Akkreditasiya prosesi birmənalı şəkildə qeyri-hökumət təşkilatının işi olsa da, bunu onların tanınması prosesinə aid etmək olmaz. Onda belə bir sual ortaya çıxır - Tanınma (fəaliyyətə lisenziya verilmə) prosesi necə baş verir?

Bunun üçün bir neçə prosedur qaydadan keçmək lazımdır:

1) Ali Təhsilin Akkreditasiyası Şurası və ABŞ Təhsil Departamenti tanınmaq-lisensiya qazanmaq istəyən akkreditasiya təşkilatlarının birmənalı surətdə yerinə yetirməli olduqları standartlar hazırlayırlar.

2) Akkreditasiya təşkilatı tanınma standartları əsasında özünü qiymətləndirmə mərhələsini keçirlər.

3) ATAŞ və ya ATD öz nümayəndə heyətlərin

i həmin akkreditasiya təşkilatlarına göndərə bilər və sonra da onların hesabatlarını tələb edə bilərlər.

4) Təhlillər əsasında tanınma-lisenziya üçün müraciət edən akkreditasiya təşkilatına ya müsbət, ya da mənfi cavab verilə bilər.

5) Müsbət cavab almış akkreditasiya təşkilatları öz lisenziyalarını saxlamaq üçün müntəzəm olaraq nəzarətdən keçirilirlər.

Ali Təhsilin Akkreditasiyası Şurası akkreditasiya ilə məşğul olmaq istəyən qurumların professionallığını yoxlamaq üçün 6 cür standartlardan istifadə edir. Bu standartlar əsasən akademik keyfiyyətin təminatına və təhsil müəssisəsinin və proqramların inkişafına daha çox diqqət yetirir.

Akkreditasiya ilə məşğul olan qurumlardan bir mənalı surətdə tələb olunur ki, akademik keyfiyyəti yoxlama prinsiplərini, hesabatlılıq-məsuliyyət prinsiplərini daim inkişaf etdirsinlər, müasirləşdirsinlər, fəaliyyətlərində məqsədyönlü dəyişikliklər aparsınlar, düzgün, ədalətli qərarların verilməsi prosesində şəffaflığı təmin etsinlər, müntəzəm olaraq akkreditasiya təcrübələrini daim yenidən qiymətləndirsinlər və maliyyə dayanıqlıqlarını saxlasınlar.

Ali Təhsilin Akkreditasiyası Şurasınin akkreditorları 10 illik müddətə (iki aralıq hesabatlar verilməklə) lisenziya alırlar. Qeyd etdiyimiz 6 yoxlama standartları hansılardır?

1) Müasir akademik keyfiyyət - Akkreditorların özlərinin akademik keyfiyyəti nümayiş etdirən aydın kriteriyaları və gözləntiləri olmalıdır ki, akkreditasiya etdikləri təhsil müəssisəsinin və proqramların keyfiyyət standartlarını təmin edib-etməmələrini müəyyən edə bilsinlər.

2) Hesabatlılıq və cavabdehlik - Akkreditorlar təhsil müəssisələri və proqramların müasirliyini, yararlılığını, akademik keyfiyyətini, keyfiyyətli kadr hazırlığı ilə cəmiyyətdə və təhsilə investisiya edənlərdə inamın artırılmasını təmin edən akkreditasiya prosesinin formalaşdırılmasını nümayiş etdirsinlər.

3) Müasirləşmə və təkmilləşmə üçün özünütəhlil və planlaşdırma - Akkreditorlar təhsil müəssisələri və proqramların akkreditasiyası zamanı davamlı olaraq yeniləşdirilmiş və təkmilləşdirilmış özünüdəyərləndimənı həyata keçirməlidir.

4) Qərarların qəbul olunmasında uyğun və ədalətli prosedurların tətbiqi - Akkreditorlar uyğun və ədalətli qərarların qəbulu üçün müvafiq təşkilati siyasətə və prosedurlara malik olmalıdırlar ki, effektiv yoxlama və balansı qoruya bilsinlər.

5) Akkreditasiya təcrübəsinin davamlı olaraq icmalını, xülasəsini nümayiş etdirmək - Akkreditorlar özlərinin akkreditasiya fəaliyyətlərinin təhlilini verməlidirlər.

6) Kifayət qədər resurslara malik olmaq - Akkreditorlar stabil və kifayət qədər resurslarını (birinci növbədə, maliyyə resurslarını) qoruyub saxlamalıdırlar.

ABŞ Təhsil Departamentinin də akkreditorları tanımaq (lisenziya vermək) prosesi üçün öz standartları vardır. Təhsil Departamentindən lisenziya almaq təhsil müəssisələrinə federal hökumətdən tələbələrə maliyyə dəstəyi və digər məqsədlər üçün qrantlar, təqaüdlər almaq imkanı verir. ABŞ Təhsil Departamentinin lisenziyasının müddəti bir qayda olaraq, 5 illik müddətədir. Təhsil Departamenti 10-a yaxın standart əsasında akkreditorların tanınması (eləcə də tanınmaması) haqqında tövsiyə seçilmış təhsil ekspertlərinin və ictimaiyyət nümayəndələrinin təmsil olunduğu "Təhsil Müəssisəsinin Keyfiyyəti və İnteqrasiyası üzrə Milli Məşvərət Komitəsi"nə təqdim edilir. Bu komitə isə öz növbəsində ABŞ Təhsil Katibinə (təhsil nazirinə) öz tövsiyəsini verir. Son qərar məhz burda qəbul edilir.

ABŞ Təhsil Departamentinin isə əsaslandığı standartlar bunlardır:

1) Dövlət lisenziya (buraxılış) imtahanının nəticələri, eləcə də məzunların işə qəbul olma reytinqi.

2) Tədris proqramlarının keyfiyyəti.

3) Professor-müəllim heyətinin hazırlığı.

4) Təhsil üçün əlverişli şərait, avadanlıq və digər təchizatın lazımi normada, səviyyədə olması.

5) Maliyyə və administrativ gücün olması.

6) Tələbəyə dəstək (yataqxana, yeməkxana, kitabxana, tələbə təşkilatları, təqaüd proqramları və s.) məsələsi.

7) İnsan resursları, akademik nəşrlərin olması.

8) Professional peşə hazırlığı standartlarının olması.

9) Tələbələrin ərizə və şikayətlərinin qeydiyyatı, akademik göstəricilərinin qeydiyyatının olması və s.

Təhlillərdən də göründüyü kimi, ABŞ akkreditasiya sistemi kifayət qədər mürəkkəb bir proses olsa da, keyifyyətin təmin olunmasına və artırılmasına birbaşa məsuliyyət daşıyır. Akkreditasiya təhsil icmasının həyata keçirdiyi özəl (qeyri-hökumət) və gəliri olmayan bir prosesdir. Eyni zamanda akkreditasiya dövlətlə qarşılıqlı münasibət, əlaqə deməkdir, xüsusilə ali təhsilin maliyyələşməsi istiqamətində.  

(Materialın hazırlanmasında ABŞ Dövlət Departamentinin və digər akkreditasiya qurumlarının akkreditasiya haqqında sənədlərinə istinad edilmişdir)

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov