Ölkəmizdə
gənclər siyasətinin əsas istiqamətlərini özündə əks
etdirən "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanunu"nda gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə
dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və
fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi,
gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı
kimi məsələlər prioritet istiqamətlər kimi nəzərdə
tutulur.
2005-ci ildən başlayaraq ölkənin 20 ali və orta ixtisas
təhsili müəssisəsində yaradılmış tələbə gənclər
təşkilatları gənclərin təşkilatlanmasında mühüm rol
oynayır. Bu təşkilatların əhatə etdikləri məsələlər də
kifayət qədər genişdir.
Tələbə gənclər təşkilatının yaradıldığı ali məktəblərdən
biri də Gəncə Dövlət Universitetidir. Özünəməxsus
fəaliyyət yolu olan təşkilatımıza iqtisadiyyat
fakültəsinin II kurs tələbəsi Orxan Məmmədov rəhbərlik
edir. Universitetimizin rektoru Yusif Yusibov təşkilata
böyük diqqət və qayğı göstərir. Əsas məqsəd tələbələri
bir ideya ətrafında birləşdirmək, onların dünyagörüşünü
artırmaq, dövlətimizin daxili və xarici siyasəti ilə
tanış etmək olan təşkilatımız bu məqsədləri
reallaşdırmaq üçün müxtəlif məzmunlu tədbirlər,
layihələr həyata keçirir.
Təşkilatımız debatlara xüsusi ilə üstünlük verir.
Gəncləri gələcəkdə əhəmiyyətli müzakirələr aparma və
problemlərin həlli üçün qərar qəbul etmə bacarıqlarına
alışdırmaq müxtəlif növ debatların əsas məqsədidir.
Təşkilatın təşəbbüsü ilə universitetdə Debat Klubu öz
məzmunlu fəaliyyəti ilə tələbələrin böyük marağına səbəb
olmuşdur. Gəncə Dövlət Universitetində Gəncə Regional
Debat Mərkəzi, Tələbə Gənclər Təşkilatı və universitetin
Debat Klubunun birgə təşkilatçılığı ilə yeni mövsümün
açılışı, həmçinin təcrübəli debatçıların iştirakı ilə
"şou debat" oynanılması əlamətdar hadisəyə çevrilmişdir.
Dövlətin gənclərlə bağlı siyasətinin əsas
istiqamətlərindən biri də onların sağlamlığıdır. Tələbə
gənclər təşkilatı bu sahədə də uğurlu işlər görmüşdür.
Həm tələbələrin idman yarışlarına cəlb olunmaları, həm
də mütəxəssislər dəvət etməklə müxtəlif müzakirələrin
keçirilməsi öz bəhrəsini verməkdədir. Bütün bunlar
tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri ilə
yanaşı, onların sağlamlığa ziyan gətirən vərdişlərdən əl
çəkmələrinə imkan yaradır. Bu baxımdan mütəxəssislərin
dəvət olunması ilə "Depressiya", "Düşüncə gücü və
pozitiv psixologiya", "Sağlam gələcək, sağlam gənclik
ilə gələcək!" mövzularında keçirilən seminarlar
xüsusilə maraqlıdır. Tələbə gənclər təşkilatının
təşkilatçılığı ilə"Sağlam gələcək, sağlam gənclik ilə
gələcək! " layihəsi çərçivəsində baş tutan seminarda
siqaret, zərərli vərdişlər, narkomaniya, "ağ ölüm" kimi
mövzular ətrafında müzakirələr aparılmışdır. Layihə
müddətində QİÇS ilə mübarizə mərkəzinin universitetdə
gənclər arasında test - müayinə, 1 dekabr QİÇS-lə
mübarizə gününə həsr olunmuş layihənin bağlanış
konfransının keçirilməsi nəzərdə tutulmuşdur.Təşkil
olunmuş "SOS həyəcanı" təlimi və aksiyası da məhz bu
məqsədə -tələbələrə QİÇS, vərəm, hepatit, şəkərli diabet
və alkoqolizm kimi xəstəliklər haqqında məlumat verməyə
və gənclərə sağlam həyat tərzi aşılamağa xidmət edir.
Layihənin yekununadək 2 seminar, sosial çarxın çəkilişi,
fləşmob və Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr
olunmuş konfransın keçirilməsi nəzərdə tutulub.
Tələbə gənclər təşkilatının layihələrində ayrı-ayrı
fakültələrin tələbələri iştirak etdiyindən layihələr öz
rəngarəngliyi ilə seçilir. Məsələn, "Mavi planet və Yer
kürəsi" seminarı biologiya-kimya fakültəsinin təşəbbüsü
ilə "Təbiət elmləri" İctimai Birliyi və tələbə gənclər
təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda Yer kürəsinin yaranması və inkişafı tarixindən
söhbət aparılıb, Yer kürəsindəki ekosistem haqqında
tələbələrə geniş məlumat verilib.
"İKT-nin gənclərin həyatında rolu" adlı seminar
iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Dərya
Həkimzadə tərəfindən keçirilib.
"Biz və onlar" adlı layihə də maraqlı layihələrdəndir.
Bu layihənin reallaşmasında xeyli tələbə böyük həvəslə
iştirak edir. "Biz və onlar" xeyriyyəçilik layihəsidir.
Universitet tələbə gənclər təşkilatının və
biologiya-kimya fakültəsinin tələbə gənclər
təşkilatının fəalları tərəfindən icra ediləcək bu
layihənin həyata keçirilməsində məqsəd uşaq evinə yardım
etmək, gənclərin xeyriyyəçilik aksiyasında
fəallıqlarını artırmaqdır.
Ümumiyyətlə, universitet tələbə gənclər təşkilatı
müntəzəm olaraq qəbul edilmiş layihələrin nəzərdə
tutulan vaxtlarda həyata keçirilməsi ilə yanaşı,
müxtəlif məzmunlu və məqsədli yeni-yeni layihələr
üzərində işləyir, seminarların, təlimlərin keçirilməsinə
səy göstərir.
Mələk NOVRUZOVA,
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının
sədr müavini |