Böyüyən nəslin sağlamlığının qorunması və
möhkəmləndirilməsi dövlətin çox əhəmiyyətli
vəzifələrindən biridir və məhz bu səbəbdən
təhsilalanların sağlamlığının qorunması məsələlərinə
xüsusi diqqət ayrılır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan
vəzifələrin icrasına nail olunmasında şagirdlərin
psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna
əhəmiyyət daşıyır. Bununla əlaqədar olaraq Təhsil
Nazirliyinin 11 dekabr 2013-cü il tarixli, 913 saylı
əmri ilə təhsilalanların sağlamlığının qorunması və
təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil
texnologiyalarının tətbiqi üzrə işçi qrupu
yaradılmışdır. Qarşıda duran vəzifələrin həyata
keçirilməsi məqsədi ilə Milli Təhsil Texnologiyaları
Mərkəzi ilə birgə "Sağlam təhsil - sağlam millət"
layihəsinə start verilmişdir. Layihənin məqsədi
təhsilalanların sağlamlığının qorunması və təlim
nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil
texnologiyalarını öyrənərək onların yerli şəraitə
uyğunlaşdırılması və tətbiqi, təhsilalanların fiziki
sağlamlığına, psixoloji dayanıqlığına və təlim
nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada
mənfi təsir göstərən amillərin araşdırılması və onların
aradan qaldırılmasına yönəlmiş tədbirlər planının
hazırlanıb həyata keçirilməsidir.
2014-2015-ci tədris ilindən başlayaraq Bakıdakı 5 və
Sumqayıt şəhərindəki 1 tam orta məktəbdə 15 pilot
"Sağlam təhsil sinfi" fəaliyyətə başlamışdır. Pilot
siniflərin yaradılmasında məqsəd şagirdlərin
sağlamlığına mənfi təsir göstərən amillərin aradan
qaldırılması, hərəki fəallığının artırılması,
təhsilalanların sağlamlığının qorunması baxımından
əlverişli mühitin yaradılmasıdır. Pilot siniflərdə
tədrisin qismən ayaqüstə keçirilməsi nəzərdə tutulur.
Belə tədris uşaqlarda hipodinamiyanın profilaktikası
məqsədi daşıyır və uzun müddət oturaq vəziyyətlə əlaqəli
orqanizmdə baş verən müxtəlif patalogiyaların qarşısının
alınmasında böyük rol oynayır. Bu məqsədlə "Sağlam
təhsil sinfi" uşaqların boy göstəriciləri nəzərə
alınmaqla təlim üçün əlverişli xüsusi mebellə: oturaq və
ayaqüstə iş üçün masalarla təchiz edilmişdir. Şagirdlər
dərsin bir hissəsində ayaqüstə, digər hissəsində isə
oturmuş vəziyyətdə işləyirlər. Pilot siniflərdəki
şagirdlər də həmçinin tibbi monitorinqə cəlb edilmiş və
onların sağlamlıq vəziyyəti, fiziki-psixi inkişafı
öyrənilərək müqayisəli təhlil ediləcək.
Bununla əlaqədar olaraq layihə çərçivəsində bir neçə
istiqamətdə işlər planlaşdırılmışdır. Məktəblilərin
mövcud sağlamlıq vəziyyətini və təlim-tərbiyə şəraitini
araşdırmaq üçün keçən tədris ilindən Bakı şəhəri
məktəblilərinin sağlamlığının monitorinqi aparılır.
Monitorinqlər Coca-Cola şirkətinin dəstəyi ilə həyata
keçirilir. Monitorinq zamanı 10 min şagirdin fiziki,
sinir-psixi inkişafı, sağlamlıq səviyyəsinin öyrənilməsi
nəzərdə tutulmuşdur. Müayinələrdə pediatr, gigiyenist,
oftalmoloq, nevropatoloq və psixiatrlar iştirak edirlər.
2014-cü ilin may-iyun aylarında Bakı şəhərinin beş tam
orta təhsil müəssisəsində 2600-ə yaxın şagird tibbi
müayinədən keçirilmişdir. Hazırda monitorinq davam
etdirilir.
Aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin
təşəbbüsü ilə təhsilalanların sağlamlığı baxımından
əhəmiyyətli normativ sənədlər hazırlanır. Həmin normativ
sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki
bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar,
ləvazimatlar, otaqların işıqlandırılması, mikroiqlimi,
habelə qida məhsullarına verilən tələbləri əks etdirir.
Bu normativ sənədlərin vasitəsilə ümumtəhsil
məktəblərində sağlam təhsil mühiti yaradılacaqdır.
Şəhla BALAYEVA,
Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmələrin
gigiyenası kafedrasının dosenti |