Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

95 il elm və təhsilin xidmətində

 

Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.

Heydər ƏLİYEV 

Böyütmək üçün seçinAzərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı (Heydər Əliyev) olan Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti olduqca böyük keşməkeşli, daşlı-kəsəkli bir yol keçmiş, hər cür çətinliklərə baxmayaraq öz müqəddəs amalına doğru irəliləmiş, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin yolunu işıqlandırmış, öz elmi-intellektual potensialı ilə ölkəmizdən çox-çox uzaqlarda da tanınmış, böyük beynəlxalq nüfuz qazanmışdır.

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti uzun və çətin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Bu qərarı səbirsizliklə gözləyən universitetin ilk rektoru V.İ.Razumovski yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü olduqca xoşbəxt  hiss edə bilərik". Bu xeyirxah rus aliminin dediklərində böyük həqiqət  və uzaqgörənlik var idi. Universitetin yaranması bütün Şərqdə mühüm hadisə olmaqla, Azərbaycan xalqının mədəni həyatında parlaq səhifənin başlanğıcı kimi onun gələcək inkişafının əsas amili idi.

Bakı Dövlət Universitetinə, onun xalqımız, dövlətimiz qarşısında xidmətlərinə yüksək qiymət verən, universitetin dünyaşöhrətli məzunu, ulu öndər Heydər Əliyev universitetin açılması haqqında yazır: "Əsrin əvvəllərindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisədir."

1919-cu ilin sentyabrında 4 fakültəsi: Şərq şöbəsi olan tarix-filologiya fakültəsi, fizika-riyaziyyat fakültəsi, hüquq fakültəsi və tibb fakültəsi olan Bakı Dövlət Universiteti fəaliyyətə başladı. 1919-cu il noyabrın 15-i universitetdə ilk dərs günü elan edildi.

Azərbaycan hökuməti 20-ci illərdə respublikada xalq maarifinin olduqca acınacaqlı vəziyyətdə olmasını, milli kadrların çatışmamasını nəzərə alaraq milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. O dövrdə Bakı Dövlət Universiteti milli kadrlar hazırlayan yeganə ali məktəb olduğundan onun inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, tələbə kontingentinin artırılması, tədrisin təşkilinin  daha da təkmilləşdirilməsi ön plana çəkilmişdi. Xüsusilə xalqımızın görkəmli ziyalıları universitetin milliləşdirilməsini, tələbə və müəllim kadrları içərisində azərbaycanlıların sayının artırılmasını zəruri hesab edirdilər. Artıq 20-ci illərin əvvəllərində universitet yeni bina ilə təmin edilmiş, tədrisin təşkili üçün auditoriya fondu genişlənmişdi.  1920-ci ildə universitetin elmi kitabxanası fəaliyyətə başlamış, zəngin kitabxana fondu yaradılmışdı.

1922-ci ildə SSRİ yaradıldıqdan dərhal sonra Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1924-cü ildə V.İ.Leninin vəfatından sonra onun adını əbədiləşdirmək məqsədilə yenidən Azərbaycan Dövlət Universitetinin adı dəyişdirilərək V.İ.Lenin adına Azərbaycan Dövlət Universiteti adlandırıldı.

20-ci illərdə universitetin həyatında baş verən diqqətəlayiq hadisələrdən biri də tədrisin tədricən Azərbaycan dilinə keçməsi olmuşdur. Azərbaycan dilində tədrisin aparılması, hər şeydən əvvəl, Azərbaycan dilində dərs deyə biləcək milli kadrlarla əlaqədar idi. Belə kadrların olmaması bu sahədə böyük çətinliklər yaratmışdı. Ancaq demək olar ki, fədakar universitet kollektivi və Azərbaycan hökuməti bu işin öhdəsindən gələ bildi. Böyük çətinliklə olsa da Azərbaycan dilində dərs deyən milli kadrlar korpusu formalaşdı.

1920-ci ildən humanitar fakültələrdə qismən, təbiət fakültələrində isə 1922-ci ildən Azərbaycan dilində mühazirələr oxunmağa başlandı. Dövlət dilində dərslərin aparılması mühüm mədəni hadisə olmaqla bərabər həm də siyasi hadisə idi.

20-ci illərdə universitet respublikada sürətli inkişaf edən elm, təhsil, mədəniyyət və xalq təsərrüfatının böyük sahələrini yüksək ixtisaslı mütəxəssis kadrlarla təmin etməli idi. Bu mühüm dövlət vəzifəsini həyata keçirmək üçün universitet yeni-yeni ixtisaslar açmağa, tələbə qəbulunu  ilbəil atırmağa müvəffəq oldu. Rəqəmlərə diqqət yetirək: Əgər 1919/1920-ci tədris ilində universitetə 1094 tələbə qəbul edilmişdisə, 1928-1929-cu illərdə qəbul edilən tələbələrin sayı 1925 nəfərə çatmışdı. 1922-ci ildə universitetin tibb fakültəsində ilk buraxılış oldu. Tibb fakültəsini 30 nəfər bitirdi.

Demək olar ki, universitet çətinliklə də olsa özünün şərəfli ilk on illiyini böyük müvəffəqiyyətlə başa vurdu. Respublikamız üçün 1154 nəfər yüksək ixtisaslı kadr hazırlamağa müvəffəq oldu.

20-ci illərdə Bakı Dövlət Universiteti ölkəmizdə milli şüurun, milli özünüdərkin, milli  ideologiyanın formalaşmasında soy-kökümüzə, tarixi, milli ənənələrimizə qayıtmaq, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, daha da inkişaf etdirmək işinə böyük töhfələr vermiş, milli kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Bakı Dövlət Universitetinin yetirmələri olan milli kadrlar, respublika təhsilinin, maarifinin, elm və mədəniyyətin bütün sahələrinin milli bünövrə üzərində formalaşmasının əsasını qoymuş, elm, təhsil, mədəniyyət və demək olar ki, xalq təsərrüfatının bütün sahələri üçün yüksək ixtisaslı kadr hazırlığının məbədgahı olmuşdur.

Elm, təhsil və mədəniyyətimizin ilk atributları, forma və metodları Bakı Dövlət Universitetində yaradılmış, formalaşmış, təkmilləşmiş və bütün respublika miqyasında geniş yayılmışdır.

Hər şeyin ilki, hər bir işin birincisi olmaq, əsasını qoymaq, bünövrə qurmaq, dünyanın görkəmli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu baxımdan Azərbaycanın ilk ali məktəbi, elm, təhsil və mədəniyyət məbədgahı olan Bakı Dövlət Universitetinin üzərinə olduqca çətin, məsuliyyətli və şərəfli bir vəzifə düşmüşdür. Bakı Dövlət Universiteti özünün 95 illik bir fəaliyyəti dövründə bu vəzifələrin öhdəsindən şərəflə gəlmiş, elmimizin, təhsilimizin və mədəniyyətimizin yolunu işıqlandırmış, həmişə birinciliyi əlində saxlaya bilmiş, respublikamızda elmə, təhsilə və mədəniyyətə yeni ideyalar, nəzəriyyələr, elmi kəşflər, ixtiralar vermiş, elmin və təhsilin olduqca səmərəli idarəçilik ənənələrini və inkişaf istiqamətlərini yaratmağa müvəffəq olmuşdur.

20-ci illərdə respublikamızda milli kadrların hazırlanmasında mühüm xidmətləri olan Bakı Dövlət Universiteti elmin, mədəniyyətin, təhsil sisteminin təşkilati məsələlərinə, ali məktəbin atributlarının yaranmasına, təhsil sisteminin  forma  və  metodlarının  müəyyənləşdirilməsinə də xüsusi töhfələr vermişdir.

1920-ci ildə ali məktəblərdə təhsil sisteminin və elmin əsası olan kafedralar, tədris və elmi laboratoriyalar, ilk fənn kabinetləri yaradılmışdır. 20-ci illərdə həmçinin Bakı Dövlət Universitetində universitet elminin əsası qoyulmuş ilk elmi tədqiqat mərkəzləri, elmi cəmiyyətlər, elmi birliklər yaranmış, 1929-cu ildə ilk aspirantura açılmışdır. Universitet həmçinin ilk elmi əsərlərin, elmi topluların müəllifi kimi çıxış etmiş, ilk dəfə olaraq 1921-ci ildə universitet xəbərlərində ayrı-ayrı fakültələrin elmi əsərlərini nəşr etməyə başlamışdır.

Beləliklə, 20-ci illərin axırında Bakı Dövlət Universiteti böyük elmi potensiala malik yüksək ixtisaslı kadr hazırlayan təhsil və elm məbədgahına çevrilmiş, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin inkişafında həlledici rol oynamağa başlamışdı. Məhz buna görədir ki, universitetin 10 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul olunmuşdur. Yubiley 1930-cu il yanvarın 12-də Bakı Opera və Balet Teatrında keçirildi. Təntənəli yubiley iclasında Azərbaycan Dövlət Universitetinin on il müddətində respublikanın təhsil, elm və mədəni həyatında böyük xidmətləri qeyd edildi. Xüsusilə yüksək ixtisaslı mütəxəssis kadrların hazırlanmasında əldə etdiyi nailiyyətlər haqqında məruzələr dinlənildi. Universitetin bir çox əməkdaşları yüksək dövlət mükafatlarına layiq görüldü.

Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, Avropa və Asiyanın qovşağında məşəl kimi yanan bu elm və təhsil məbədgahı öz inkişafının çiçəkləndiyi dövrdə Moskvanın göstərişi ilə 1930-cu il iyunun 19-da Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə fəaliyyəti dayandırıldı, onun fakültələri ayrı-ayrı institutlara çevrildi. Onun əmlakı və 100 min nüsxədən artıq kitab fondu olan kitabxanası yeni yaradılan institutlar arasında bölüşdürüldü. 1934-cü ildə universitet yenidən bərpa edildi.

Artıq 1935-ci ildə universitetdə 13 kafedrası olan 4 fakültə fəaliyyət göstərirdi. Universitetin inkişafına xüsusi diqqət yetirildiyindən 30-cu illərdə universitetin həyatında yeni mərhələ başlandı. Onun fakültələrinin, tələbə kontingentinin və professor-müəllim heyətinin sayı durmadan artmağa başladı. Universitetin elmi potensialı əsaslı surətdə gücləndi.

Artıq son beş ildə universitetdə 500-ə yaxın yüksək ixtisaslı kadr hazırlanmışdı. 1939-cu ildə universitetdə 300-ə yaxın professor-müəllim heyəti fəaliyyət göstərirdi ki, bunlardan da 17 nəfəri elmlər doktoru, 54 nəfəri elmlər namizədi, dosent idi.

Bakı Dövlət Universiteti Böyük Vətən müharibəsi illərində də olduqca böyük çətinliklərə baxmayaraq respublikada aparılan təhsil islahatlarının başında durmuş, universitetdə birləşən ali məktəblərin işini tənzimləmiş, kadr hazırlığını davam etdirmiş, 4 ildə 719 nəfər yüksək ixtisaslı kadr hazırlaya bilmişdi. Müharibə illərində hər cür çətinliyə baxmayaraq universitet elmi kadrların hazırlanmasını ön plana çəkmiş, aspirant hazırlığını davam etdirmişdir. 1941-1945-ci illərdə 211 aspirant öz təhsilini başa vuraraq namizədlik dissertasiyaları müdafiə etmişdir.

1941-1945-ci illərdə universitetin elmi şurasında 13 doktorluq və 118 namizədlik dissertasiyası müdafiə edilmişdi. Müharibə illərinin axırlarında universitetin kadr potensialı xeyli güclənmişdi. 1945-ci ildə universitetdə professor-müəllim heyətinin sayı 331-ə çatmışdı ki, bunların da 29 nəfəri elmlər doktoru, professor, 107 nəfəri elmlər namizədi, dosent, 195 nəfəri isə müəllim idi.

Müharibədən sonrakı illərdə respublika hökuməti universitetdə yeni fakültələrin, laboratoriyaların, yeni ixtisasların açılmasına xüsusi diqqət yetirirdi. 1946-1947-ci tədris ilində universitetdə 8 fakültə - fizika-riyaziyyat, kimya, biologiya, geoloji-coğrafiya, filologiya, tarix, hüquq, şərqşünaslıq fakültələri fəaliyyət göstərirdi. 1945-1947-ci illərdə təkcə filologiya fakültəsinin yanında jurnalistika, incəsənətşünaslıq, məntiq-psixologiya və kitabxanaçılıq şöbələri yaradılmışdı.

50-60-cı illərdə universitetin elmi və tədris həyatında böyük inkişaf baş vermişdir. Artıq 60-cı illərin axırında universitetdə 12 fakültə fəaliyyət göstərirdi. Son illərdə 4 yeni fakültə: şərqşünaslıq, kitabxanaçılıq, jurnalistika və xarici tələbələr fakültəsi açılmışdı.

Azərbaycanın müasir tarixinə dönüş mərhələsi kimi daxil olan 70-80-ci illər Bakı Dövlət Universitetinin həyatında da əlamətdar illər olmuşdur.

1969-cu ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan özünün həqiqi inkişaf yolunu tapdı. 60-cı illərdə baş verən sosial-iqtisadi böhran aradan qaldırıldı. Bu dövrdə respublika ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universiteti Heydər Əliyevin qayğısı sayəsində böyük uğurlar əldə etdi. 1969-cu ildə universitetin 50 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində keçirildi. Yubiley iclasında yubiley komissiyasının sədri kimi Heydər Əliyev çıxış etdi. Bu tarixi çıxış universitetin həyatında çox əlamətdar hadisə kimi qiymətləndirildi. Çünki universitetin yarım əsrlik yubileyində onun dünya şöhrətli məzunu Heydər Əliyevin çıxış etməsi çoxminli universitet kollektivinin böyük fəxri və iftixarı idi. Heydər Əliyevin indiyə qədər mövcud ənənələrin əksinə olaraq Azərbaycan dilində çıxış etməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqla milli şüurun formalaşmasına, Azərbaycan dilinin statusunun möhkəmlənməsinə əhəmiyyətli təsir göstərdi. Heydər Əliyev bu parlaq nitqində universitetin 50 illik inkişaf və tərəqqi yolunu yüksək qiymətləndirərək deyirdi: "Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarım əsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu böyük ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir".

Universitetin tarixində yeni mərhələ - Heydər Əliyevin mərhələsi kimi qiymətləndirilən 70-80-ci illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazası möhkəmləndirilmiş, yeni tədris korpusları tikilmiş, yeni avadanlıqla təmin edilmiş, yeni fakültələr, yeni ixtisaslar açılmış, universitet elmi böyük inkişaf yoluna qədəm qoymuşdu. Məhz bu illərdə universitetin tələbə kontingentinin sürətlə artımında böyük tərəqqi əldə edilmiş, tələbələrin sayı 13425 nəfərə çatmışdı. 70-80-ci illərdə universitetin əldə etdiyi ən böyük nailiyyət universitet təhsilinin və elminin əsas aparıcı qüvvəsi olan kadr potensialının daha da möhkəmlənməsi olmuşdur. Rəqəmlərə diqqət yetirək: 1970/71-ci tədris ilində universitetdə 710 nəfər professor-müəllim heyəti fəaliyyət göstərirdi. Bunların 56 nəfəri professor, 223 nəfəri dosent, 240 nəfəri baş müəllim, 191 nəfəri müəllim idi. 1988/89-cu dərs ilində professor-müəllim heyətinin sayı 1137-yə, professorların sayı 170, dosentlərin sayı 442, baş müəllimlərin sayı 342, müəllimlərin sayı 198 nəfərə çatmışdı. Yəni on ildə müəllimlərin sayı 427 nəfər, professorların sayı 114 nəfər, dosentlərin sayı 219 nəfər, baş müəllimlərin sayı 102 nəfər, müəllimlərin sayı 7 nəfər artmışdı.

Beləliklə, yuxarıdakı rəqəmlər bir daha təsdiq edir ki, 70-80-ci illər universitetin tarixində Heydər Əliyev mərhələsinin təntənəsi illəri olmuşdur.

Bakı Dövlət Universitetinin 95 il müddətində əldə etmiş olduğu böyük tarixi nailiyyətlərdə universitetə 95 ildə rəhbərlik etmiş, böyük vətəndaş, görkəmli elm və təhsil təşkilatçıları, elm və təhsil xadimləri olan rektorların böyük xidməti danılmazdır. Universitetin 95 illik yubileyinin qeyd edildiyi bu bayram günlərində onların adlarını böyük minnətdarlıq hissi ilə yad etmək yerinə düşərdi. Bakı Dövlət Universitetinin fəaliyyət göstərdiyi 95 ildə ona 24 rektor rəhbərlik etmişdir. Bütün dünyada klassik universitet rektoru olmaq ən şərəfli vəzifə hesab edilmiş, dünyanın qabaqcıl ölkələrində rektor vəzifəsinə ən böyük yaradıcı alimlər, böyük nüfuz sahibləri, elm və təhsil təşkilatçıları, cəmiyyət tərəfindən qəbul edilən, xalq tərəfindən tanınan ziyalılar başçılıq etmişlər. Ötən əsrin 20-80-ci illərində Bakı Dövlət Univeristetinə V.L.Razumovski, T.A.Şahbazi, Ə.M.Əliyev, A.İ.Qarayev, C.Z.Hacıyev, Y.H.Məmmədəliyev, Ş.F.Mehdiyev, M.S.Əliyev, F.M.Bağırzadə, M.N.Ələsgərov, Y.C.Məmmədov, C.B.Quliyev, M.G.Qasımov və başqaları rəhbərlik etmişlər. Dünyasını dəyişmiş, ancaq qəlblərdə yaşayan bu böyük tarixi şəxsiyyətlərə Allahdan rəhmət diləyir və onların müqəddəs ruhları qarşısında baş əyirəm. Universitetə son zamanlar rəhbərlik edən professor M.C.Mərdanov və akademik A.M.Məhərrəmovun böyük təşkilatçılıq fəaliyyəti universitet kollektivi tərəfindən yüksək qiymətləndirilir.

Bakı Dövlət Universiteti 95 il müddətində elm, texnika, iqtisadiyyat, mədəniyyət və xalq təsərrüfatının müxtəlif sahələri üzrə 130 mindən artıq yüksək ixtisaslı kadr hazırlamışdır. Böyük iftixar hissi ilə demək olar ki, universitetin hazırladığı kadrlar təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Bakı Dövlət Universitetinin çoxminli kollektivi böyük iftixar hissi ilə fəxr edir ki,  görkəmli dövlət xadimi, Azərbaycan milli dövlətçiliyinin xilaskarı, müstəqil Azərbaycan Respublikasının memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunudur.

Ulu öndər universitetin məzunu olması ilə fəxr etdiyini dəfələrlə bildirmiş və universitetə, onun xalqımız qarşısında göstərdiyi böyük xidmətlərə yüksək qiymət vermişdir. O demişdir: "Bakı Dövlət Universitetinin 80 illik fəaliyyəti dövründə Azərbaycan həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız  qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Əslində universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir". Ulu öndərin Bakı Dövlət Universitetinə verdiyi bu qiymət universitetin çoxminli kollektivinin fədakar əməyinə verilən yüksək qiymətdir.

Bakı Dövlət Universiteti respublikamızın ilk elm və təhsil ocağı olduğundan hər cür çətinliyə baxmayaraq, respublikamızda elm və təhsilin inkişafına böyük töhfələr vermiş, ilk milli kadrların yetişdirilməsinin əsas bazası rolunu oynamış, ali təhsil sisteminin yaradılmasını təmin etmiş,  ali məktəb şəbəkəsinin formalaşmasında yaxından iştirak etmişdir. Bilavasitə BDU-nun köməyi  və iştirakı ilə Azərbaycanda onlarla ali məktəb yaranmışdır.

Bakı Dövlət Universiteti həmçinin respublikada elmi, elmi-tədqiqat müəssisələrinin formalaşmasında yaxından iştirak etmişdir. Azərbaycanın ilk milli alimlər nəslinin yetişməsində mühüm rol oynayan Bakı Dövlət Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasında elmi baza rolunu oynamışdır. Akademiya universitet alimlərinin bazasında yaradılmışdır.

Bakı Dövlət Universitetinin 95 ildə keçdiyi yolun  əsas, olduqca mühüm mərhələsi Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı mərhələdir. Məhz bu mərhələdə universitet tarixində böyük izlər qoymuş, Azərbaycan təhsili sistemində mühüm islahatlar aparılmış, universitet təhsili və elmi beynəlxalq arenaya çıxmağa, beynəlxalq standartlara cavab verən  bir mərhələyə yüksəltməyə müvəffəq olmuşdur. Bu mərhələdən danışarkən universitetin son illərdəki fəaliyyəti "intibah dövrü, böyük müvəffəqiyyətlər dövrü", böyük axtarışlar dövrü kimi də nəzər-diqqəti cəlb edir.

Son illərdə BDU elm və tədris sahəsində qazandığı mühüm nailiyyətlərinə görə dünyanın qabaqcıl ali təhsil ocaqları arasında özünəməxsus yer tutmuşdur. Hazırda BDU-da 18 mindən artıq tələbə təhsil alır, 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetin strukturuna daxil olan bu elmi qurumlarda 3 min nəfərə yaxın əməkdaş, kafedralarda 300 nəfərdən artıq elmlər doktoru, professor, 900 nəfərdən artıq fəlsəfə doktoru, dosent çalışır. Onlar müasir elmin nailiyyətlərindən istifadə etməklə universitet elminə öz töhfələrini verirlər.

Mən bu müvəffəqiyyətlərin əldə edilməsində, universitetin bir qocaman professoru kimi universitetə son 15 ildə başçılıq etmiş akademik, Milli Məclisin deputatı Abel Məhərrəmovun böyük əməyini qeyd etmək istərdim.

1999-cu ildə ulu öndər Heydər Əliyev Abel Məhərrəmovu universitetin rektoru vəzifəsinə təyin etdi. Abel Məhərrəmovun rektor kimi yaradıcı fəaliyyəti bu təyinatın olduqca uğurlu olduğunu təsdiq etdi. Abel Məhərrəmov rektor təyin edildiyi ilk gündən bütün bilik və bacarığını, daxili enerjisini və potensial imkanlarını doğma universitetin tərəqqisinə, təhsil sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə istiqamətləndirdi, bu təhsil ocağını beynəlxalq standartlara cavab verən dünya universitetləri sırasına çıxara bildi. Abel Məhərrəmov sözün əsl mənasında çoxsaylı universitet kollektivini vahid bir orqanizm kimi hərəkətə gətirdi. Bütün professor-müəllim heyətini bir nəfər kimi universitetin tədris metodiki və elmi-tədqiqat işinə cəlb etməyə nail oldu. Müstəqillik illərində elm və təhsil sahəsində başlanan islahatların başa çatdırılmasında, yeni yaradıcılıq zirvələrinin əldə edilməsində, universitetdə böyük quruculuq işlərinin aparılmasında, universitet kollektivi tərəfindən  "qurucu rektor" kimi qəbul edilən Abel Məhərrəmovun gördüyü işlər təqdirəlayiqdir. Son illərdə akademik Abel Məhərrəmovun düzgün və məqsədyönlü rəhbərliyi sayəsində BDU-nun maddi-texniki bazası möhkəmlənmiş, universitet binaları əsaslı təmir edilmiş,  geniş universitet şəhərciyi, böyük idman korpusu tikilmiş, universitetin yeni tədris korpusu istifadəyə verilmişdir.

Tədris prosesində aparılan islahatlar, Bolonya prosesinə keçid, tədris prosesinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə, tədris prosesində kompüter texnologiyalarından istifadə edilməsinə, yeni dərslik və dərs vəsaitlərinin yaradılmasına geniş şərait yaradılmışdır.

Universitet elminin inkişafı sahəsində də mühüm işlər görülmüş, kafedraların elmi fəaliyyəti güclənmiş, elmi-tədqiqat planları müasir dövrün tələblərinə uyğunlaşdırılmış, yeni elmi-tədqiqat laboratoriyaları yaradılmış, onlar müasir avadanlıqla, cihazlarla təchiz edilmişdir. Yeni elmi layihələrin işlənməsi universitet elminin daha da yüksəlməsinə, beynəlxalq arenaya çıxmasına səbəb olmuşdur. Universitetin son illərdə əldə etdiyi bu böyük nailiyyətləri yüksək qiymətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır".

Beləliklə, doğma universitetimiz öz tarixi 95 illik keşməkeşli yolunu böyük qürurla keçərək Azərbaycan xalqının elm və təhsil məbədgahına çevrilmişdir. Mən universitetin məzunlarından və qocaman professorlarından biri kimi hazırda öz inkişafının  yeni mərhələsini yaşayan bu doğma, əziz universitetimizə təhsilimizin və elmimizin  tərəqqisi naminə böyük uğurlar diləyirəm.

Doğma və əziz Bakı Dövlət Universiteti! Var ol, yaşa, yarat, Ulu Tanrı köməyin olsun. 

Abuzər XƏLƏFOV,
BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri,
əməkdar elm xadimi, tarix elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov