Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3
nömrəli tam orta məktəbin müəllimi ABŞ-ın sabiq
prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey
GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi
Mükafatı"nın qalibləri sırasında
Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
Azərbaycan
müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən
beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə
iştirakı və ciddi uğurlar qazanması çox təqdirəlayiq
hadisə kimi təhsil sistemimizin inkişafının
nailiyyətlərindən hesab oluna bilər. Bu günlərdə isə
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına
3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Məhəmməd Qarakişiyevin dünya müəllimlərinin mötəbər
müsabiqəsinin final mərhələsinə çıxması barədə məlumat
aldıq. Qeyd olunur ki, M.Qarakişiyev ABŞ-ın sabiq
prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey
GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi
Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı
arasında yer alıb. "Varkey GEMS" Fondunun yaydığı
açıqlamada (www.globalteacherprize.org) bildirilir
ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya
təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel
mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin
mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000
müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya,
İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan,
Avstraliya, Argentina, Meksika, İordaniya və digər
ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə
onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd
Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50
finalçı bütövlükdə 26 ölkəni təmsil edir. Sevindirici
haldır ki, bu müsabiqədə Azərbaycanı Məhəmməd
Qarakişiyev (postsovet məkanı ölkələrindən yeganə
namizəd!) təmsil edib. Gəlin, Məhəmməd Qarakişiyevi
daha yaxından tanıyaq.
Məhəmməd Qarakişiyev 1981-ci ildə anadan olub. 2006-cı
ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və
dillərarası əlaqə fakültəsini fərqlənmə diplomu ilə
bitirərək magistr dərəcəsi alıb. Balakən rayonunda
ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İngilis
dilinin tədrisi üçün ilk dəfə təmənnasız olaraq
"Danışıq klubu" (Conversation club) təşkil edib. Burada
tələbələr müxtəlif mövzular əsasında ingilis dilində
anlama, yazma və danışma qabiliyyətlərini artırmaq
imkanı əldə ediblər. 2012-ci il sentyabr -noyabr
aylarında ABŞ Dövlət Departamenti və İREX (International
Research & Exchanges Board)-in müsabiqəsi əsasında
ingilis dili müəllimləri üçün 6 həftəlik ixtisasartırma
proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt
Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta
məktəblərində tədris sistemi, dərs planları, kurikulum,
qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın
tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və
seminarlarda iştirak edərək müvəffəqiyyət sertifikatları
ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın Şimali Karolina
ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni
iddialarının ifşasına həsr olunmuş və böyük maraqla
qarşılanan seminar keçirib.
"Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv
müsahibəsində M.Qarakişiyev müsabiqədə dünyanın 150-dən
artıq ölkəsindən 5 min müəllimin iştirak etdiyini və öz
fəaliyyətində yeni novator ideyalardan, təlim
texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin
əhatə olunduğunu bildirdi. Müsabiqənin hər il
keçirildiyini bildirən müsahibimiz qeyd edib ki,
"Dünya Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər
üçün bir sınaqdır.
- Bu müsabiqədə iştirak etməkdə məqsədim Azərbaycanı
yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün
dünyada qlobal müəllim müsabiqəsi hesab olunur.
Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan
şəxslərə verilir. Müsabiqənin qeydiyyat mərhələsində
namizədlər "müəllim peşəsini niyə seçibsən, müəllimlik
sizin üçün nədir "kimi suallara əsaslı cavab
verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin öz
şagirdlərinin həyatında və bütövlükdə cəmiyyətdə nə
kimi mühüm rol oynamasına diqqət yetirilir. Mükafat
müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət
edir. Müsabiqədə iştirak etmək üçün müəllimin
namizədliyi özü, şagirdləri, onların valideynləri və ya
həmkarları tərəfindən irəli sürülə bilər.
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın
15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından
10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ
dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.
Biz də Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində
uğurla təmsil edən Məhəmməd Qarakişiyevə "təhsil
sahəsində Nobel mükafatı" almasını arzulayırıq. |