Aydın KAZIMZADƏ,
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın
müxbir üzvü, professor
1919-cu
ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müsəlman
şərqinin ilk ali təhsil müəssisəsi kimi yaradılmış Bakı
Dövlət Universiteti (BDU) bu gün regionun ən nüfuzlu
ali təhsil müəssisələrindən biridir. Bakı Dövlət
Universiteti Azərbaycan elminin inkişafında misilsiz
xidmətlər göstərmiş, ilk gündən elmi-tədqiqat mərkəzinə
çevrilərək, AMEA-nın və onun institutlarının təşkilində,
respublikanın digər ali məktəblərinin təşəkkülündə,
onların kadr potensialının formalaşmasında yaxından
iştirak etmişdir. Bu gün də AMEA-nın tərkibində
fəaliyyət göstərən elmi-tədqiqat institutlarının
əksəriyyəti bu və ya digər dərəcədə BDU ilə əməkdaşlıq
edir.
BDU-nun fəaliyyət göstərdiyi ilk dövrlərdə (1919-1930-cu
illər) universitetdə elmi iş, əsasən, kafedralar,
laboratoriyalar və klinikalarda aparılmış, elmi-tədqiqat
işlərinə ümumi rəhbərliyi isə Elm komitəsi (sədr prof.
S.N.Davidenkov) həyata keçirmişdir. Cəmi bir il mövcud
olmasına baxmayaraq, komitə tibb, tarix-filologiya,
təbiət elmlərinə dair onlarla məruzə dinləmiş, elmi
xəbərləri müzakirə etmişdir.
Həmin dövrdə universitetdə fəaliyyət göstərən elmi
cəmiyyətlər də elmin inkişafına önəmli töhfələr verirdi.
İlk dəfə 1920-ci ildə yaradılan belə cəmiyyətlər,
əsasən, tibb fakültəsində daha geniş inkişaf etmişdi.
Belə cəmiyyətlərdən "Təbiətşünaslar və həkimlər",
"Cərrahlar cəmiyyəti" və b. göstərmək olar.
1930-cu ildə məlum səbəblərə görə bağlandıqdan sonra
1934/1935-ci tədris ilində yenidən bərpa olunan
universitetdə elmi-tədqiqat işləri önəmli fəaliyyət
sahələrindən birinə çevrildi. Bu fəaliyyət kafedralarda
kollektiv və fərdi şəkildə həyata keçirilir, elmi
işlərin planı ildən-ilə genişlənir, universitetin Elmi
Şurası kafedraların elmi-tədqiqat işlərinə tələbələri də
cəlb etmək, onlar üçün bütün fakültələr üzrə elmi
dərnəklər yaratmaq barədə qərar qəbul edirdi.
Elmi-tədqiqat işlərinə laborantlar cəlb edilir, bilik və
bacarıqlarını artırmaq üçün kiçik elmi işçilər professor
və dosentlərə təhkim olunurdular.
Ağır müharibə illərində də universitetdə elmi-tədqiqat
işləri davam etdirilmiş, ölkənin müdafiəsinə xidmət edən
yüksək əməli əhəmiyyətə malik araşdırmalara üstünlük
verilmişdir. Bu dövrdə universitetin Elmi Şurasının
qərarı ilə görkəmli alim Y.H.Məmmədəliyevin aviasiya
yanacağı istehsalını əhəmiyyətli dərəcədə artırmağa
imkan verən tədqiqatı SSRİ Dövlət mükafatına təqdim
olunmuşdur.
Həmin illərdə universitetin elmi həyatında elmi sessiya
və konfranslar böyük rol oynamağa başlamış, mütəmadi
olaraq keçirilən belə tədbirlərdə elmin müxtəlif
sahələri üzrə onlarla məruzələr dinlənilmiş, görkəmli
elm və mədəniyyət xadimlərinə həsr olunmuş bir sıra elmi
sessiyalar keçirilmişdir. Universitetin respublikada
elmin inkişafına verdiyi böyük töhfələrdən biri də
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası
yaradılarkən baza rolunu oynaması oldu. Təsadüfi deyildi
ki, akademiyanın 15 həqiqi üzvündən 4 nəfəri BDU-nun
nümayəndələri-Heydər Hüseynov, Aleksandr Qrossheym,
Yusif Məmmədəliyev və Mirəli Qaşqay idi.
II dünya müharibəsindən sonrakı illərdə universitetdə
kimya, riyaziyyat, fəlsəfə, dilçilik və s. elm
sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Bu işdə
elmi fəaliyyətlərini davam etdirən Mirəli Qaşqay, Yusif
Məmmədəliyev kimi alimlərlə yanaşı, Zahid Xəlilov,
Şəfayət Mehdiyev, Maqsud Cavadov, Qasım Gül, Əşrəf
Hüseynov, Heydər Hüseynov, A.O.Makovelski, Məmmədağa
Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə,
Cəfər Xəndan Hacıyev, Əli Sultanlı, Məmmədcəfər Cəfərov
və b. xüsusilə böyük rol oynamışlar.
Elm sahələrinin diferensasiyası, kəskin aktual olan
konkret elmi vəzifələrin həlli tələbi ilə səciyyələnən
1960-cı illərdə universitetdə də bu istiqamətdə böyük
işlər görülmüş, Hesablama mərkəzi, ayrı-ayrı
fakültələrdə müxtəlif elmi-tədqiqat laboratoriyaları
açılmış, kafedraların və mövcud laboratoriyaların yeni
müasir cihaz və avadanlıqlarla texniki təchizatı
(xüsusən Kimya, Fizika və Biologiya fakültələrində)
həyata keçirilmişdir. Həmin illərdə universitetdə
elmi-tədqiqat işi aparan əməkdaşların, plan və
təsərrüfathesablı elmi-tədqiqat işlərinin sayı intensiv
şəkildə artmışdır.
Bu gün BDU-da təbiət və humanitar elm sahələrini əhatə
edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81
istiqamətdə 195 mövzü üzrə 1149 elmi iş yerinə
yetirilir. Bakı Dövlət Universitetində yerinə yetirilmiş
elmi-tədqiqat işlərindən kifayət qədər mühüm elmi
nəticələr alınır və bu elmi nəticələr hər il AMEA-nın
illik hesabatına daxil etmək üçün təqdim olunur. Son 10
ildə 201 elmi-tədqiqat işi AMEA-nın illik hesabatına
mühüm nəticə kimi daxil edilmişdir. BDU əməkdaşları
tərəfindən Dövlət qeydiyyatından və ekspertizadan
keçmiş 113 ixtiraya patent alınmışdır ki, bunlardan 94
patent BDU-nun sahibliyi ilə, 19 patent isə universitet
əməkdaşlarının iştirakı ilə olmuşdur. 2014-cü ildə BDU
əməkdaşları tərəfindən 5 yeni ixtiraya patent
alınmışdır. Bundan əlavə, BDU əməkdaşları 2012-ci ildə
Avroasiya, 2013- cü ildə bütün ölkələrdə tanınan ABŞ
patentini almışlar.
Universitetdə mütəmadi olaraq beynəlxalq, respublika,
universitet və fakültə səviyyəli elmi konfranslar
keçirilir. 2004 -2014 -cü illərdə Bakı Dövlət
Universitetində 286 elmi konfrans keçirilmişdir.
Onlardan 30-u beynəlxalq, 98-i respublika, 30-u
universitet, 128-i fakültə səviyyəli elmi konfranslar
olmuşdur. Bu konfransların materialları 13035 məqalə və
13153 tezis şəklində nəşr olunmuşdur.
Universitetdə aparılan elmi-tədqiqat işlərinin
nəticələrinin geniş elmi ictimaiyyətə çatdırılması üçün
kifayət qədər elmi nəşrlər buraxılır. BDU-da 4 seriya
üzrə (fizika-riyaziyyat elmləri seriyası, təbiət elmləri
seriyası, humanitar elmlər seriyası və sosial-siyasi
elmlər seriyası) "Bakı Universitetinin Xəbərləri" elmi
jurnalı və 10 elmi, nəzəri, metodik və təcrübi jurnal
nəşr olunur: 2002-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat
İnstitutu tərəfindən təsis edilmiş "Applied and
Computational Mathematics" (ACM) beynəlxalq jurnalı nəşr
edilir. Bu jurnalın redaksiya heyətində dünyanın 12
ölkəsindən 24 tanınmış alim təmsil olunur. ACM jurnalı
Azərbaycan elm tarixində ilk jurnal olaraq 2008-ci ildən
"Thomson Reuters" agentliyinin genişləndirilmiş
siyahısına daxildir. İnstitutda aparılan məqsədyönlü
işlərin nəticəsi olaraq "Thomson Reuters"agentliyinin
2013-cü ilin hesabatına əsasən jurnalın təsir əmsalı
0.697-dir. Qeyd etmək lazımdır ki, bu əmsal nəinki
keçmiş Sovetlər Birliyində, hətta bir çox Avropa
ölkələrində uyğun profildə dərc olunan jurnalların
əmsalından artıqdır.
Elmin inkişafı zəminində güclənən müasir Azərbaycan
təhsili bu gün milli-mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanır. İnsan kapitalının ön
plana çəkilməsi, elm və təhsil sahəsində beynəlxalq
aləmə inteqrasiya bu gün yüksək ixtisaslı kadr
hazırlığına və doktorantura təhsilinə verilən
tələblərdə də ciddi islahatlar aparılmasını tələb edir.
Bu gün BDU-da elmi araşdırmalar və yüksək ixtisaslı elmi
və elmi-pedaqoji kadrların məqsədli hazırlığına xüsusi
yer verilir. Doktorantura yalnız elmli mütəxəssis deyil,
müasir tələblərə cavab verə bilən, yeni nəslin
inkişafını təmin edə bilən bir şəxsiyyət formalaşdırmaq
məqsədi daşıyır.
Bakı Dövlət Universitetində magistratura və
doktorantura təhsilini Magistratura və Doktorantura
şöbəsi həyata keçirir. Doktoranturada təhsil ikipilləli
olaraq əyani (istehsalatdan ayrılmaqla) və qiyabi
(istehsalatdan ayrılmamaqla) formada, həmçinin
dissertantlıq yolu ilə fəlsəfə doktoru və elmlər doktoru
proqramları ilə həyata keçirilir. Bu gün BDU-da fəlsəfə
doktoru proqramı üzrə 18 istiqamətdə 88 ixtisas üzrə
286 doktorant, 71 ixtisas üzrə 214 dissertant təhsil
alır. Elımlər doktoru proqramı üzrə 16 istiqamət, 53
ixtisas üzrə 104 doktorant fəaliyyət göstərir. BDU-da
70 əcnəbi də daxil olmaqla 688 doktorant elmi
yaradıcılıqla məşğul olur. Doktorantlara biri xarici
ölkələrdən olmaqla iki elmi rəhbərin təyin olunması
praktikası genişləndirilir, onların müxtəlif proqramlar
üzrə dünyanın qabaqcıl universitetlərinə ezam edilməsinə
imkanlar yaradılır. Elmi kadrların hazırlanması yalnız
Bakı Dövlət Universiteti üçün deyil, respublikamızın
digər universitetləri, ali təhsil müəssisələri, elmi
mərkəzləri üçün də həyata keçirilir.
BDU son zamanlar ölkəmizdə elm və təhsil sahəsində
islahatların həyata keçirilməsində çox önəmli rol
oynayır. Bolonya prosesinə qoşulmuş universitetdə
kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər
görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi
(İTM) yaradılmışdır. Bu gün 20 elmi-tədris sinfini, 4
imtahan zalını və Elektron Tədris Mərkəzini özündə
birləşdirən İTM ən müasir kompüter avadanlıqları və
proqram vasitələri ilə təchiz olunmuşdur. Hər bir
fakültənin kompüter sinfində lokal şəbəkə yaradılmış və
həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal
şəbəkəsi vasitəsilə internetə çıxışı təmin olunmuşdur.
Universitetin lokal şəbəkəsi özündə 1200-dən çox
kompüteri birləşdirərək, onların hər birini sürətli
internet xətti ilə təmin edir. Şəbəkənin daima
tənzimlənməsi, yüksək sürətli informasiya ötürmə
sürətinə malik olması və yerlərdə kompüterlərin virus
təhlükəsizliyini təmin etmək üçün universitetin server
otağı, mərkəzin əməkdaşlarının nəzarəti altında ilin
bütün günləri fasiləsiz çalışmaqdadır. Bu gün İTM nəinki
universitet əməkdaşları, hətta tələbələr üçün də
nəzəri-praktiki bazaya çevrilib. Müasir informasiya
telekommunikasiya vasitələrinin sürətlə inkişafını
nəzərə alaraq mərkəz tərəfindən qoyulmuş nəzəri-praktik
məsələlərin həllində, yerlərdə tətbiqində İTM
mütəxəssisləri universitetin tələbələrini cəlb edərək
tədris prosesi zamanı əldə edilmiş nəzəri biliklərin
tətbiq sahələrini öyrədirlər.
Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycan
təhsilinə Bolonya Bəyannaməsinin prinsiplərinin
tətbiqində professional köməkliyin göstərilməsi, habelə
informasiya texnologiyalarının istifadəsi ilə tədris
prosesinin və təhsilin idarə edilməsi üçün virtual
universitetin və e-kontentin yaradılmasıdır. Bu səbəbdən
BDU kredit sisteminin və Bolonya prosesinin tələblərini
yerinə yetirən ilk ali məktəblərdən biridir. Hazırda
mərkəzdə tyutor hazırlığı və multimedia vəsaitlərinin
yaradılması üzrə ixtisaslaşmış kadrlar fəaliyyət
göstərir. 2008-ci ildən həyata keçirilən tyutor
hazırlığı kursları altı buraxılış etmişdır. Kurslarda
Azərbaycanın digər təhsil ocaqlarını da əhatə etməklə
221 tyutor hazırlanmış və təhsilini uğurla başa vurmuş
məzunlara uyğun sertifikatlar təqdim etmişdir.
Ümumilikdə BDU üçün 179, digər 16 təhsil müəssisələri
üçün isə 42 tyutor hazırlanmışdır. Bu proses bu gün də
uğurla davam etdirilir.
Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son
illər ərzində BDU-nun maddi-texniki bazasının
möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris
korpuslarının abadlaşdırılması, tədrisin texniki
vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin
təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində də
böyük işlər görülmüşdür.
BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti
ilə təminatında zəngin kitab fonduna malik Elmi
Kitabxana mühüm rol oynayır. Hazırda Elmi Kitabxananın
fondunda 3 milyona yaxın ədəbiyyat saxlanılır. 5
abonement, 14 oxu zalı, 30 kabinet kitabxanası olan Elmi
Kitabxana dünyanın 15 ölkəsinin 30 universiteti ilə
kitab, jurnal və qəzet mübadiləsi aparır. Kitabxana
işinin kompüterləşdirilməsi elmi-tədqiqat
laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə
olaraq kitabxananın kompüterləşdirilməsi işinə
başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və
qəzet fondunun böyük hissəsi elektron kataloqa
salınmışdır.
Son illər Bakı Dövlət Universitetinin alimləri
tərəfindən elm və təhsil sahəsində hər il ümumi dəyəri 5
-6 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata
keçirilir. Universitet alimlərinin apardığı bu işlər
dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər
yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən
dəstəklənərək qəbul edilir. Bu layihələrin 50-dən çoxu
Avropa birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi,
Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika
Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və
digər beynəlxalq təşkilatlar tərəfindən
maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir.
Elmi layihələr daha çox fundamental elmlər sahəsində,
əsasən kimya, biologiya, fizika və riyaziyyat
fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir.
Həyata keçirilən layihələr sırasında nanotexnologiya
sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5
ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5
milyon ABŞ dolları olan qrant layihələri yerinə
yetirilib. Bu layihələr çərçivəsində universitetə ən
müasir cihazlar və avadanlıqlar alınıb. Universitet
alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq
məqaləsi "Thomson Reuters" agentliyinin siyahısına daxil
olan jurnallarda, 100-dən artıq məqalə digər elmi
jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı
tədqiqatların nəticələri dünyanın inkişaf etmiş
ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və
simpoziumlarda müzakirə edilib və monoqrafiyalar
şəklində nəşr edilib.
Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni
beynəlxalq layihələrin qalibi olmuşdur. Avropa
Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin
İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib
olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni
ilin başlanğıcında biologiya fakültəsində 4 yeni
beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri
4 milyon ABŞ dollarından çoxdur.
Respublikada elm siyasətinin əsasını qoyan ulu öndər
Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son
illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın
qorunub saxlanılması və modernləşdirilməsi, elm və
təhsil sahəsində yüksək ixtisaslı kadrların
hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə
alimlərin, elm və təhsil işçilərinin nüfuzunun
artırılması və Azərbaycanda alınmış elmi nəticələrin
xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar
qəbul etmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO
tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu
baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi,
bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir
texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu
ilə inkişaf etdirilməsi ən aktual və prioritet
məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri
əhatə edən dövlət siyasəti aparılır-iqtisadi potensialı
intellekt kapitalına çevirmək sahəsində mühüm işlər
görülür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz
çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz
gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii
resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər,
iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan
dünya elm və təhsilinə inteqrasiya üzrə dövlət
proqramları qəbul edilmişdir, bir neçə istiqamətdə iş
aparılır. Ölkə Prezidenti tərəfindən "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təsdiq edilmişdir. Hazırda Elm siyasəti
haqqında qanun layihəsi hazırlanmışdır və geniş müzakirə
olunur.
Bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Sovet
dönəmində elm əsasən akademiya sistemində cəmləşirdi və
universitetlər daha çox təhsil mərkəzi kimi qəbul
edilirdi. Lakin hazırda inkişaf etmiş dünya
dövlətlərində universitetlər ilk növbədə elm mərkəzləri
kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar
əsasında qurulur. Beləliklə, universitetlər cəmiyyətin
tələbat və ehtiyaclarını ödəmək üçün elm - təhsil
mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya
inteqrasiya etmək üçün bizdə də bu gün universitetlər
belə bir missiyanı yerinə yetirməlidir. Bu baxımdan bu
gün universitetlər AMEA-nın institutları və elmi
təşkilatları ilə daha sıx əlaqəli olmalı,
universitetlərin AMEA-da olan elmi mühitdən istifadə
imkanları daha da genişləndirilməli, birgə
elmi-tədqiqat laboratoriyaları və mərkəzlər
yaradılmalıdır.
BDU-da artıq bu istiqamətdə addımlar atılmışdır. Son
bir ildə BDU ilə akademiyanın ayrı-ayrı elmi
təşkilatları və institutları arasında əlaqələr
gücləndirilmiş və birgə tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində BDU-nun müvafiq kafedralarının
Geologiya və Geofizika, Aşqarlar kimyası və Coğrafiya
İnstitutunun nəzdində filialları və Elm və Tədris
Mərkəzi yaradılmışdır. Humanitar sahədə əməkdaşlıq
məqsədi ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu
arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində
əməkdaşlıq müqavilələri imzalanmışdır və hazırda bu
müqavilələr əsasında birgə işlər həyata keçirilir. O
cümlədən Bakı Dövlət Universiteti ilə AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutu arasında növbəti
tədris ilindən başlayaraq informasiya hüququ
istiqamətində birgə magistr hazırlığı üzrə əməkdaşlıq
müqaviləsi imzalanmışdır.
Son illər akademiyanın 150-dən çox aparıcı mütəxəssisi
və elmi işçisi BDU-da tədris prosesinə, universitetin
professor-müəllim heyəti isə AMEA-nın elmi
təşkilatlarında elmi fəaliyyətə cəlb olunmuşdur. Hazırda
AMEA-nın 11 həqiqi üzvü və 20 müxbir üzvü BDU-nun tədris
prosesində bilavasitə iştirak edir və BDU-nun 6 əməkdaşı
Problem Şuralarında sədrlik edir.
Bakı Dövlət Universitetinin alimləri 2014-cü ilin noyabr
ayının 10-da və 11-də Bakıda ilk dəfə olaraq keçirilən
Elm Festivalında da fəal iştirak ediblər. Festival
çərçivəsində təşkil olunan sərgidə BDU-nun gənc alimləri
və tələbələrinin elmi maraq kəsb edən tədqiqat işlərinin
nəticələri böyük maraqla qarşılanıb.
Son illərdə dövlət tərəfindən gənclər siyasətinə xüsusi
diqqət yetirilir. Azərbaycan gənclərinin cəmiyyətin
inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin
həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında
iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin
beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin
qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu baxımdan
prioritet məsələlərdən biri də gənclərin elmi fəaliyyətə
cəlb edilməsidir. Bu sahə son illər BDU-da da diqqət
mərkəzində olmuşdur. Məsələn, BDU-da da 2012-ci ildə 35
yaşadək 99 nəfər, 2013-cü ildə isə 114 nəfər (yuxarı
kurs tələbələri və magistrantlar da daxil olmaqla) tam
və yarım ştat müəllim, tyutor, elmi işçi, laborant, baş
laborant, mütəxəssis və digər vəzifələrə işə götürülüb.
Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların
elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və
peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi
problemlərin işlənilməsi və prioritet elmi məsələlərin
həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin
innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və
yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək
edilməsi məqsədi ilə Gənc Alimlər Şurası yaradılmışdır.
Şura öz məqsədinə nail olmaq üçün gənc alim və
tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili
sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının
fəaliyyətini koordinasiya edir, gənc alim və
tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar,
seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil
edir, onları respublika və beynəlxalq səviyyəli elmi
konfrans, seminar, qurultay, forum, sərgi və digər
tədbirlərdə iştiraka cəlb edir, AMEA-nın ayrı-ayrı
institutları, respublikanın digər ali təhsil
müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən
gənc alimlər şuraları ilə əlaqə yaradır, birgə tədbirlər
təşkil edir və həyata keçirir, BDU-da respublikanın və
xarici ölkələrin elm və tədris müəssisələrində elmi
tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni
öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və
tətbiq edilməsini təşkil edir, BDU-da çalışan gənc alim
və tədqiqatçıların BDU, regional və beynəlxalq səviyyəli
proqram və layihələrdə iştirak etməyə cəlb edilməsini
təmin edir, onları respublika və beynəlxalq səviyyəli
mədəni tədbirlərdə iştiraka cəlb etməklə onların mədəni
səviyyələrinin inkişaf etdirilməsini və s. təmin edir.
19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika
fakültəsinin, nanomaterialların kimyəvi fizikası
kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə
doktoru Flora Hacıyevadır. Hazırda BDU-da 35 yaşınadək
alimlik dərəcəsi almış 62 nəfər çalışır, 500-dən çox
gənc doktorant və 1700 magistrant elmi tədqiqat işi
aparır.
Qloballaşmanın vüsət aldığı müasir dünyada elm və
təhsilin vəhdətini və elmi-texniki tərəqqini təmin edən
yüksək texnologiyalar (nanotexnologiya, biotexnologiya
və s.) müxtəlif elmlərin kəsişmə nöqtəsi kimi
formalaşmışdır, bu tip tədqiqatlar kimyaçıların,
fiziklərin, bioloqların və digər sahələrdə çalışan
mütəxəssislərin birgə iştirakı ilə aparılır və kadr
hazırlığı prosesinə multidissiplionar yanaşma tələb
edir. Yüksək texnologiyaların təhsil prosesi ilə
inteqrasiyası bioenerjinin, enerjitutumli məhsulların,
sağlamlıq və ekoloji təhlükəsizliyin yaradılması üçün də
geniş imkanlar açır. Elm və təhsilin inteqrasiyasının
gücləndirilməsi, müasir elmin tələblərinə uyğun yeni
problemlərin, yüksək texnologiyalar üzrə prioritet
istiqamətlərin müəyyən edilərək bu istiqamətlərdə elmi
tədqiqatların aparılması və bu sahədəki elmi
innovasiyaların təhsil mühitinə transferinin təşkil
edilməsi məqsədi ilə 2014-cü ildə BDU Elmi Şurasının
qərarı əsasında Yüksək Texnologiyalar Mərkəzi
yaradılmışdır. Eyni zamanda Azərbaycandan kənarda
yaşayan elm adamlarını bir araya gətirmək, onları
Azərbaycana tanıtmaq və bu elm adamları vasitəsi ilə
Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya
çatdırmaq məqsədi ilə BDU-da virtual Beynəlxalq Elmi
Araşdırma Mərkəzi yaradılmış və artıq müxtəlif xarici
ölkələrdə yaşayan 7 nəfər elm adamı bu mərkəzdə virtual
olaraq işə qəbul edilmişdir.
Bakı Dövlət Universiteti dünyanın 60-dan çox ölkəsinin
300-dən çox universiteti ilə əməkdaşlıq haqqında
müqavilə imzalamışdır. 1991-ci ildən Avroasiya
Universitetlər Şəbəkəsinin, 1996-cı ildən Xəzəryanı
Ölkələrin Universitetləri Assosiasiyasının, 1997-ci
ildən Qara Dəniz Ölkələri Universitetləri
Assosiasiyasının, 2003-cü ildən isə Avropa
Universitetləri Şəbəkəsinin üzvüdür. Beynəlxalq və
regional səviyyədə əməkdaşlıq universitetin inkişafına,
beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq
üçüncü ildir ki, BDU "QS World University Rankings"
reytinqinə görə dünyanın elitar hesab edilən 700 top
universitetinin, həmçinin Beynəlxalq Akademik
Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən
yaxşı 2000 universitetinin siyahısına daxil edilib. Ötən
il BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında
aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb.
Reytinq siyahısına Azərbaycan universitetlərindən yalnız
BDU düşüb.
Bütün bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və
təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Təkcə
onu demək kifayətdir ki, 2013-cü ildə BDU alimləri
tərəfindən 2681 məqalə və 1176 tezis, o cümlədən nüfuzlu
xarici jurnallarda 694 məqalə çap etdirilmişdir ki,
onlardan da 165-i, yəni hər 4 məqalədən biri yüksək
reytinqli impakt faktorlu jurnallarda çap olunmuşdur.
İmpakt faktorlu jurnallarda çap edilən məqalələrin sayı
respublika üzrə indekslənən jurnallarda çap edilən
məqalələrin 26 faizini, təhsil sistemi üzrə isə 53
faizini təşkil edir.
BDU alimlərinin "Neft sənayesində nanotexnologiya" adlı
elmi işi YUNESKO tərəfindən yüksək qiymətləndirilərək
2011-ci ildə bu qurumun "Nanoelm və nanotexnologiyalar.
Həyatı təmin edən sistemlər ensiklopediyası" kitabında
çap edilmişdir. Bu ensiklopediya ilk dəfə YUNESKO-nun
yardımı ilə ingilis dilində İngiltərənin EOLSS onlayn
nəşriyyatı tərəfindən dərc edilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) "Elm
və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı"
Bakı Dövlət Universitetinin nanomateriallar və
nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə
rektor, akademik Abel Məhərrəmova verilib. Mükafat
20-21 noyabr 2012-ci il tarixlərində Sudanın Xartun
şəhərində keçirilən "Ali Təhsil və Elmi Tədqiqatlar
Nazirlərinin altıncı İslam Konfransı"nın çərçivəsində
təqdim edilmişdir. "Elm və Texnologiya sahəsində
mükafat" İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə
üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki
problemlərin həll olunması uğrunda görülən mühüm işləri
mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq
etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat
2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və
fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56
ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel
Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı
alimdir.
Son illər universitet elminin və əldə edilən uğurların
nümayişi və beynəlxalq aləmdə təbliği sahəsində "XXI
əsr: ümidlər, çağırışlar" devizi altında keçirilən
Beynəlxalq Humanitar Forumların da böyük əhəmiyyəti
olmuşdur. Rusiya və Azərbaycan Prezidentlərinin
təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu
2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci
ildə ikinci, 2013-cü ildə üçüncü, 2014-cü ildə dördüncü
Forum keçirilib. Bu forumlarda tanınmış dövlət
xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı
laureatları, nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni
elitasının görkəmli nümayəndələri iştirak ediblər.
Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə
dair geniş spektrli dialoqlar, fikir mübadilələri
aparılmış, beynəlxalq miqyasda həlli zəruri olan aktual
problemlər müzakirə edilərək müvafiq qərarlar və
Bəyannamələr qəbul edilmişdir. Nəticədə qloballaşan
dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə
XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu
sahədə sürətli inkişafa nail olunması baxımından çox
böyük missiya yerinə yetirilmişdir.
Keçirilən hər bir forumun bir "dəyirmi masa"sı Bakı
Dövlət Universiteti tərəfindən təşkil edilmişdir. I
Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci il)
çərçivəsində BDU tərəfindən təşkil edilən "dəyirmi masa"
"Dünyanı dəyişən müasir texnologiyalar"a həsr
edilmişdir. "Dəyirmi masa" "Müasir texnologiyalar və
qlobal katastroflar", "Qloballaşma dövründə elm və
təhsilin inteqrasiya proseslərində müasir
texnologiyaların rolu" və "Müasir texnologiyalar və
davamlı inkişaf" adlı bölmələrdən ibarət olmuşdur. II
Bakı Beynəlxalq Humanitar Forumu (2012-ci il)
çərçivəsində BDU tərəfindən keçirilən "dəyirmi masa"
"XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji
yanaşmalar"a həsr edilmişdir. Bu masa "Virtual reallıq
və cəmiyyətin inkişafı", "Gənc nəslin formalaşmasında
virtual universitetlərin rolu" və "Nəsillərin qarşılıqlı
münasibətlərinin problemləri və perspektivləri" adlı
işçi bölmələrdən ibarət olmuşdur. "Dəyirmi masa"da 120
nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40
xarici qonaq və əsasən BDU-nun professor-müəllim
heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı
iştirak etmişdir. III Bakı Beynəlxalq Humanitar Forumu
(2013-cü il) çərçivəsində BDU tərəfindən keçirilən
"dəyirmi masa" elmi innovasiyalar və onların təhsil
mühitinə transferi məsələlərinə həsr edilmişdir. Bu masa
da "Fundamental elmlər sahəsində innovasiyalar", "Elm və
təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar
əsasında inkişafı" və "Fundamental və ictimai elmlərin
inteqrasiya tendensiyaları" adlı işçi bölmələrdən ibarət
olmuşdur. "Dəyirmi masa"da 27 ölkədən 70 nümayəndə
iştirak etmişdir.
2014-cü ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq
Humanitar Forumunda BDU-nun təşkilatçılığı ilə təşkil
edilən "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın
rolu" mövzusunda "dəyirmi masa" "Fənlərarası
inteqrasiya və fundamental və təbiət elmləri sahəsində
innovasiyalar", "Fənlərarası inteqrasiya humanitar və
sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi
kimi" və "Təhsil mühitində fənlərarası inteqrasiyanın
metodoloji problemləri" adlı üç bölmədən ibarət
olmuşdur. Forumda 60 ölkədən 500-dən çox nümayəndə, o
cümlədən BDU tərəfindən təşkil edilən "dəyirmi masa"da
14 ölkədən 25 nümayəndə iştirak etmişdir.
Keçirilən hər bir forum çərçivəsində Nobel mükafatı
laureatları, sabiq dövlət başçıları və görkəmli alimlər
BDU-da professor-müəllim heyəti və tələbələrlə görüşmüş,
elmi məruzələrlə çıxış etmişlər. Ümumiyyətlə, keçirilən
forumlar humanitar sahədə göstərilən pozitiv beynəlxalq
səylərə böyük bir töhfədir və dünyada tolerantlıq,
dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi
dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü
quruluşun yaradılmasına yönəldiliblər.
Müasir dövrdə elmin inkişafını təmin etmək üçün elmi
nailiyyətlərin və alimlərin fəaliyyətlərinin obyektiv
şəkildə qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq aləmdə elmi məqalələrin və alimlərin
qiymətləndirilməsi üzrə müxtəlif elmi-informasiya
bazaları mövcuddur. Belə informasiya bazalarından ən
mötəbəri "Thomson Reuters" agentliyinə məxsus olan Web
of Knowledge istinadların indeksləşdirilməsi və axtarış
xidmətidir. Dünyanın aparıcı elm və təhsil müəssisələri
bu xidmətdən səmərəli istifadə edərək elmi
nailiyyətlərini müasir səviyyədə saxlamağa müvəffəq
olurlar. Web of Knowledge xidmətindən istifadə edilməsi
Azərbaycan elminin dünya elmi mühitinə sürətli
inteqrasiya olunmasına da əhəmiyyətli yardım edə bilər.
Son illər ərzində Bakı Dövlət Universitetində də
"Thomson Reuters" agentliyinin nümayəndələri ilə
görüşlər keçirilmiş, Web of Knowledge xidmətinin
imkanlarından istifadə edilməsi istiqamətində bir sıra
tədbirlər həyata keçirilmişdir.
Əminik ki, 95 illik tarixi ərzində hər zaman elmin
inkişafına böyük töhfələr vermiş Bakı Dövlət
Universiteti Azərbaycan elminin tərəqqisinə, onun
beynəlxalq nüfuzunun yüksəlməsinə bundan sonra da xidmət
göstərəcəkdir. |