Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

İnsanın ekoloji mədəniyyətinin ətraf mühitin mühafizəsinə təsiri

 

Bəsti İBİŞOVA,
Bakıdakı 114 nömrəli tam orta  məktəbin biologiya müəllimi

Ekoloji problemlərin kəskin şəkildə  özünü göstərdiyi müasir dövrümüzdə böyüməkdə olan nəsildə ekoloji mədəniyyətin formalaşdırılması aktual məsələ kimi qarşıda durur. Çünki məhz bu mədəniyyətə yiyələnmiş insan  ekoloji problemlərə biganə qalmır, ekologiyanın qorunması üçün fəal mübarizə aparmağı özünün vətəndaşlıq borcu sayır.

Şagirdlərdə ekoloji mədəniyyətin formalaşmasında orta məktəbdə tədris olunan biologiya fənninin imkanları genişdir. Mən tədris prosesində bu imkanlardan maksimum istifadə etməyi, ayrı-ayrı mövzuların tədrisi zamanı ekoloji problemlər, onları doğuran səbəblər və aradan qaldırılması yolları haqqında geniş məlumat verirəm. Şagirdlərə çatdırıram ki, bu gün bəşəriyyətin ekoloji böhranla qarşılaşmasının bir çox səbəbləri vardır. İnsanlar öz ehtiyaclarını ödəmək üçün təbiətdən 10 milyard tonlarla məhsul alır, əvəzində isə təbiətə 20 milyard tona qədər qaz, maye, bərk halda tullantı məhsulları və bir o qədər də üzvü məhsullar qaytararaq təbiəti çirkləndirirlər. Planetin yaşıl bitki örtüyü yanacağın yanmasından ayrılan karbon qazını fotosintez edərək, oksigen şəklində təbiətə qaytarmaqda çətinlik çəkir. Səbəbi planetin meşə örtüyünün hər il 1% azalmasıdır.

Ekologiyanın mahiyyətinin şagirdlər tərəfindən düzgün dərk olunmasına da xüsusi fikir verirəm. Onlara izah edirəm ki, "ekologiya" yunanca tərcümədə "ev, insanı əhatə edən mühit" deməkdir. Öz evimiz haqqında, onu qurmaq və sağlam saxlamaq haqqında lazımi biliklərimiz olmasa biz bu evi saxlaya bilmərik. Bu böyük evdə - yer üzündə əhalinin sayı getdikcə artmaqdadır. Bu qədər artım fonunda insanların ekoloji biliyini və ekoloji mədəniyyətinin artması çox vacibdir. İnsana təbiətin təsiri gücləndikcə ekoloji problemlər də qlobal xarakter alır. İnsanın təbiətə çoxcəhətli təsiri nəticəsində insanın ekoloji mədəniyyəti-geniş ekoloji etikası da formalaşır.

Ekoloji problemlərin artıq bir ölkə çərçivəsindən çıxıb dünyanın probleminə çevrildiyini şagirdlərə çatdıraraq deyirəm ki, atmosferin, torpağın və hidrosferin antropogen yolla çirklənməsi bəşəriyyəti çoxdandır ki, narahat edir. Çox vaxt insan təbii proseslərə öz təsirinin mənfi nəticəsini qabaqcadan görüb, dərk edə bilmir. Nəticəsi isə çox acınacaqlı olur. Və prosesləri geri döndərmək mümkün olmur. Belə ki, DDT-nin (kimyəvi zəhərli maddə) kəşfi buna misal ola bilər. Vaxtı ilə bu kəşf üçün Nobel mükafatı verilmişdir. Bu maddəni kənd təsərrüfatı zərərvericilərinə qarşı çox uğurla tətbiq edərkən onun insan, bitki və heyvan orqanizmləri üçün çox təhlükəli olduğu aydınlaşdı. Buna görə də DDT-dən istifadə etmək qadağan edildi. Amma artıq gec idi, təbiətin DDT ilə zəhərlənməsi maksimum həddə çatmışdı.

Kənd təsərrüfatında pestisidlər adlanan maddələr  geniş tətbiq edilir. İnsanlar hər gün qida ilə bir neçə qram pestisid qəbul edir, bu da orqanizm üçün çox təhlükəlidir. İnsanın ekoloji biliyi və ekoloji mədəniyyəti yüksək səviyyədə olmalıdır.

Dünyanı təhdid edən ekoloji problemlərdən danışarkən "Ozon dəlikləri"  haqqında da məlumat verirəm. Şagirdlərə çatdırıram ki, hazırda reallığa çevrilmiş ekoloji təhlükədən biri də Antarktida üzərində əmələ gələn "Ozon dəlikləri"dir. Ozon təqəbəsi-ozon ekranı canlı orqanizmlərə məhvedici təsir göstərən kosmik şüaları və günəşin qısadalğalı ultrabənövşəyi şüalarını dəf edir. Ultrabənövşəyi şüalar kiçik dozada canlı orqanizmlərin inkişafı üçün lazımdır. Hazırda ozon ekranının nazilməsi və deşilməsi orta hesabla artıq 3%-ə çatıb. Sübüt edilmişdir ki, ozonun 1% azalması dəri xərçənginin əmələ gəlməsinə səbəb olur. Bəs ozon təbəqəsinin belə zədələnməsinin səbəbi nədir? Müəyyən edilib ki, bunun səbəbi xlorlaşmış və flüorlaşmış karbohidratların (XFK), bəzi sənaye qazlarının atmosferə tullanmasıdır. İnsana həyat verən, onu öz qoynuna alan və onu qidalandıran təbiətin problemləri bununla qurtarmır. Vernadskinin noosfer (ağıllı təbəqə) adlandırdığı torpağa insanın təsiri həmişə ağıllı olmayıb. Xüsusilə biosferin enerji balansının insan fəaliyyəti ilə dəyişməsi daha təhlükəli xarakter alıb. Karbon qazının getdikcə artması  enerji balansını istiliyin artması istiqamətində dəyişir. Son illərdə planetin orta temperaturu 0.5oC yüksəlmişdir. Bu hadisə "istixana" effekti adlanır. Yer üzərində istiliyin artması qütb buzlarının əriməsinə və okean səviyyəsinin qalxmasına səbəb olur.  Bu təhlükəni biz artıq Xəzər dənizi misalında hiss edirik. Xəzər dənizinin  səviyyəsi xeyli qalxmış, Abşeron yarımadasında, Lənkəran, Astara zonasında xeyli kənd təsərrüfatı torpaqları suyun altında qalmışdır. Lakin  Xəzərin faciəsi bununla bitmir. Xəzər dənizi sənaye və məişət tullantıları ilə xeyli çirklənmişdir. Dənizin ən çox çirklənən hissəsi Bakı buxtası və Neft daşları zonasıdır. Bol sulu Araz və Kür çayları da xeyli çirklənmiş və su balansı dəyişmişdir. Araz çayı Ermənistan ərazisindən keçərkən Oxçu çayı vasitəsi ilə Ermənistanın sənaye tullantıları ilə çirkləndirilir. Kür çayına Gürcüstandan həm çirkab suları, həm də sənaye tullantıları axıdılır. Hər iki çayın suları isə Xəzər dənizinə tökülür.

Şagirdlərə çatdırıram ki, ekoloji fəlakət meşələrdən də yan keçməyib. Təbiətin ağ ciyərləri olan meşələrin məhv edilməsi oksigenin azalmasına, torpağın eroziyasına, bulaqların qurumasına və qurunt sularının yuxarı qalxmasına səbəb olur, torpaqlar bataqlıqlaşır, küləklər boş sahələrdə cövlan edir. Bu baxımdan Azərbaycana kifayət qədər ağır zərbə dəyir. 1988-ci ildən davam edən Qarabağ faciəsi gözəl Şuşamızın tarixi Topxana meşəsinin qırılması ilə başlandı. Relikt və endemik bitki olan Xarı bülbül çiçəyi Qarabağın incisi olan Şuşanın Cıdır düzündə bitir. Xarı bülbül indi erməni cəlladlarının tapdağı altında əzilir.

Şagirdlərlə bu mövzuda yeri gəldikcə aparılan söhbətlər, verilən məlumatlar onlarda ekoloji şüurun formalaşmasına müsbət təsir göstərir. Ümumiyyətlə, bir müəllim kimi bu qənaətdəyəm ki, planetimizin ekologiyası ilə bağlı hər kəs məsuliyyət hiss etməli, hər kəsdə ekoloji bilik, ekoloji mədəniyyət, vətənpərvərlik və gələcək nəsillər qarşısında cavabdehlik hissi olmalıdır.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov