Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Nobel mükafatı laureatının azərbaycanlı tələbəsi

 

Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Günel Hüseynova ilə söhbət 

Günel Hüseynova 1983-cü ildə Goranboy rayonunda anadan olub. 1990-2000-ci illərdə Xırdalan şəhər  2 nömrəli tam  orta məktəbdə təhsil alıb.  Orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olub.  2004-cü ildə ATU-nun bakalavr,  2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.  2006-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında aspirant olaraq "Şəkərli diabet xəstələrində diabetin ağırlaşma dərəcəsi ilə iltihab markerləri arasında əlaqə" mövzusunda elmi tədqiqat işi aparıb.  Bu sahə üzrə Azərbaycan, rus və ingilis dillərində məqalələri dərc olunub.  Aspirantura illərində tibbi genetikaya daha çox marağı yarandığı üçün 2010-cu ildə Böyük Britaniyanın Qlazqo Universitetində tibbi genetika üzrə ikinci magistr təhsili almağa qərar verib.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində   Böyük Britaniyanın Kembric Universitetinin genetika kafedrasında doktorant olaraq "İrsi beyin xəstəliklərində rol oynayan yeni genlərin müəyyənləşdirilməsi" mövzusunda elmi tədqiqat aparır.  

-Orta məktəb illərində uğurlarınız. İlk müəllimlərinizi necə xatırlayırsınız?

- Orta məktəbdə təhsil aldığım müddətdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika olimpiadasının qalibi olmuşam.  Dəfələrlə inşa yazı müsabiqələrində, riyaziyyat və kimya üzrə yarışmalarda tutduğum yerlərə görə tərifnamələr almışam. Qazandığım akademik uğurlara görə XI sinifdə məni "İlin şagirdi" elan edərək buraxılış imtahanlarından azad etmişdilər.  Xırdalan şəhər 2 nömrəli tam orta məktəb  və oranın bütün müəllimləri  mənim üçün çox dəyərlidir. Müəllimlərim mənə hər zaman sevgi ilə yanaşır və daim uğur qazanmağa həvəsləndirirdilər.  İndiyə qədər yadımdadır, ibtidai sinif müəllimim Aləmzar müəllim məni "sinfimin gözü" adlandırırdı.  Sinif rəhbərim Qətibə xanım və  mənə dərs  demiş digər müəllimlərim  xoş xatirələrlə  yada saldığım insanlardır. Ümumiyyətlə,  düşünürəm ki, şagirdlərin uğur qazanmağında orta məktəb müəllimlərinin göstərdiyi sevgi və qayğı çox önəmlidir.

-Sizdə genetikaya  maraq  necə yarandı?

- Genetikaya ilk marağım aspirantura dövründə  iştirak etdiyim beynəlxalq konfranslarda yarandı. Genetika genlər, irsiyyət və Yer kürəsində yaşayan minlərlə canlı orqanizmlər arasındakı fərqliliyi öyrənən bir elm sahəsidir.  Hazırda tibb və biologiya sahəsində çox sürətlə inkişaf edən istiqamətlərdən biri də məhz genetikadır. Ona görə, düşünürəm ki, bu sahədə fəaliyyət göstərmək üçün çox doğru bir zamandır.

-Xaricdə təhsil almağa necə qərar verdiniz? Valideynləriniz xaricdə  təhsil almaq istəyinizi dəstəklədimi? 

- Hər hansı bir sahədə mütəxəssis olmaq istəyirsənsə,  həmin sahənin daha çox inkişaf etdiyi,  bu sahənin "vətəni" hesab olunan ölkəyə  getməlisən,  bu sahədə dərin biliyə malik insanlardan dərs almalısan.  Kembric Universiteti həyat elmləri sahəsində aparılan elmi tədqiqatların keyfiyyətinə görə dünyada ən öndə gedən mərkəzlərdən biridir. Sadəcə onu demək kifayətdir ki, hər bir canlı orqanizmin genetik materialı olan DNT də məhz Kembric Universitetində çalışan Ceyms Vatson və Fransis Krik tərəfindən 1953-cü ildə kəşf olunmuşdur. Ona görə heç də təəccüblü deyil ki, genetika sahəsində bilik qazanmaq üçün məhz Kembric Universitetini seçmişəm. Kembric Universitetində Nobelçi alimlərdən dərs almaq xoşbəxtlikdir.    Valideynlərim xaricdə təhsil almaq istəyimi əvvəlcə narahatçılıqla  qarşıladılar, ancaq təhsilə çox önəm verdikləri üçün mənə böyük dayaq oldular. Buna görə onlara çox minnətdaram. Ailəmdən başqa ATU-nun biokimya kafedrasının  müdiri, professor  Arif Əfəndiyev, universitetin müəllimlərindən  Şahin Bayramov, Gülnarə Əzizova, əczaçılıq iqtisadiyyatı  və  təşkili  kafedrasından Nizami Naibov və kitabxananın  baş redaktoru  Nigar Rəsulova və məndən əvvəl xaricdə təhsil almış dostlarım mənə çox böyük dəstək oldular.

-Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesini necə  qiymətləndirirsiniz? 

- Düşünürəm ki, tələbələrin seçimi prosesi çox obyektiv keçir.  Mənimlə birlikdə proqrama qəbul olan tələbələr qəbul imtahanlarında 600-700 bal yığmış və ya olimpiadalarda yüksək yer tutmuş tələbələr idi. Ona görə prosesin obyektivliyinə şübhəm yoxdur. Onu da qeyd edim ki, artıq 4 ildir ki, dövlət təqaüdü alıram və bu 4 ildə Dövlət Proqramında çox böyük irəliləyişlərin şahidi olmuşam.  Məsələn, əvvəllər hər il yay aylarında Təhsil Nazirliyinə gedib növbəti il üçün sənəd vermək mənim üçün çətinlik yaradırdı, laboratoriyada elmi tədqiqatımı dayandırıb getməli olurdum. Hazırda proqramla bağlı bütün proseslər elektron şəkildə həyata keçirilir.  Nazirliyin işçiləri də təqaüdçülərin suallarını istər elektron poçt vasitəsilə,  istərsə də sosial şəbəkələrdə, facebook-da çox tez bir zamanda cavablandırırlar. Hesab edirəm ki, ümumilikdə təhsilə diqqətin artırılması baxımından doğru yoldayıq, təbii ki, bu prosesin bəhrəsini görmək üçün daha dayanıqlı bir təhsil strukturu qurmalıyıq.

- Ümumiyyətlə, təhsilimizdə gedən son proseslərə münasibətiniz?

 - Son zamanlarda Azərbaycan təhsilində təqdirəlayiq bir çox dəyişikliklər baş vermişdir.  Ötən ilin oktyabrında cənab Prezident  İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu baxımdan çox dəyərli bir addımdır.  Dövlət Proqramı çərçivəsində istedadlı gənclərimizin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi  ölkəmizin gələcəyinə,  təhsil sistemimizin rəqabət qabiliyyətinin gücləndirilməsinə  hesablanmış strateji xətdir.  Bu sahədə Təhsil Nazirliyinin apardığı işlər təqdirəlayiqdir.  

-Tələbə həyatınız necə  keçir? Orada ən çox  nə  və  kim üçün darıxırsınız?

- Tələbə həyatım müxtəlifliklərlə zəngindir. Genetika kafedrasında doktor və magistr tələbələrin nümayəndəsi olaraq kafedra iclaslarında iştirak edir, tələbələrin fikir və təkliflərini kafedra tələbə komitəsinə çatdırıram. Tez-tez ictimai və biznes layihələrə qoşulur, elm festivallarında iştirak edirəm. Bundan başqa, dalğıclıq ilə də məşğul oluram. Böyük Britaniyaya adaptasiya çətin olmadı,   çünki burada insanlar bütün millətlərə çox mehribanlıqla yanaşır, öz evindəki kimi hiss edirsən özünü. Ən çox ailəm və dostlarım üçün, xüsusilə də anam Sahilə xanım və 9 yaşlı bacım qızı Rəşidə üçün çox darıxıram.

- Universitetdə müəllim-tələbə münasibətləri necə qurulub?   Akademik heyətlə əlaqələriniz varmı?

- Kembricdə müəllim-tələbə münasibətləri azad düşüncəyə əsaslanır. Müəllimlər tələbələrə sadəcə istiqamət verir, onlara hansısa məlumatı əzbərlətməyə deyil, analitik düşüncə tərzini inkişaf etdirməyə çalışırlar. Məhz bu azad və analitik düşüncə nəticəsində Kembric Universiteti çoxlu sayda Nobel mükafatı  laureatları  yetişdirmişdir. Akademik heyətlə çox sıx əlaqələrim var. Kafedranın magistr və doktorant tələbələrinin nümayəndəsi olaraq kafedra iclaslarında, yeni tələbələrlə müsahibələrin təşkil olunmasında iştirak edir, kafedranın fəaliyyətini təbliğ edən ictimai tədbirlərə qoşuluram.

- Dünyanın məşhur elm-təhsil mərkəzi barədə. Hazırda hansı tədqiqatlarla məşğul olursunuz? Hansı uğurlarınızı qeyd edə bilərsiniz?

- Kembric Universiteti Böyük Britaniyada ən qədim universitetlərdən biridir. Əsası 1209-cu idə qoyulmuşdur. Hazırda 31 kollec və 100 akademik kafedradan ibarətdir. Kafedramızda dünyanın bir çox ölkələrindən tələbələr və elmi tədqiqatçılar vardır. İlk dəfə DNT-nin kəşfinə görə Nobel mükafatı almış Ceyms Vatson və Fransis Krik, insulinin formulunu və "Sanger DNT" analizi metodunu kəşf etdiyinə görə iki dəfə Nobel laureatı olmuş Frederik Sanger də daxil olmaqla 90 Nobel laureatı məhz bu universitetdə təhsil almış və ya çalışmışdır. Mənim elmi tədqiqatım bəzi irsi beyin xəstəliklərində rol oynayan yeni genləri araşdırmaqdır. Sevinclə deyə bilərəm ki, 3 il fasiləsiz elmi tədqiqatdan sonra 8 yeni gen müəyyənləşdirmişik və hazırda bu genlər üzərində daha ətraflı tədqiqatlar aparırıq. Düşünürəm ki,  gələcəkdə genetika həyatımızın hər bir sahəsinə sirayət edəcək. Məsələn, bir insanın DNT-si haqqında məlumat ona hansı dərmanın təyin edilməsində də istifadə edilə bilər, hava limanında həmin insanın kimliyinin yoxlanılmasında da. Yaxud genetik dəyişikliklər edilmiş bitkilər və digər qida məhsulları kütləvi istifadəyə verilə bilər. Məsələn, artıq Amerikada antioksidantlarla zəngin olan bənövşəyi pomidor şirəsi istifadəyə verilib. Bu baxımdan, genetika sahəsində fəaliyyət göstərməyi çox maraqlı hesab edirəm.

- Kembricdə tələbələr üçün hansı geniş imkanlar var?

- Məncə, xaricdə təhsilin ən böyük üstünlüyü sərbəst və analitik düşünməyi öyrənmək və geniş dünyagörüşü qazanmaqdır. Məsələn, Kembric Universitetinin verdiyi doktor dərəcəsi istər elmi-tədqiqat mərkəzləri, istər banklar, istərsə ictimai təşkilatlar tərəfindən eyni dərəcədə qiymətləndirilir. Çünki tələbələr burada təhsil zamanı hər hansı bir elm sahəsində bilikdən başqa menecment, analiz, idarəetmə, liderlik, kommunikasiya, effektiv zaman bölgüsü kimi dəyərli bacarıqlar da qazanır və sonra bu bacarıqları istər elm, istərsə də digər sahələrdə tətbiq edə bilirlər. Doktoranturada imtahanlar yoxdur. Doktorantlar ancaq elmi tədqiqatla məşğul olur. Ancaq magistraturada oxuduğum dövrdə imtahan sessiyası həqiqətən də çox intensiv olurdu.

- Böyük Britaniya təhsilində də hansısa  xarakterik islahatlar gedirmi?

- Elmi tədqiqat sahəsində daha çox kollaborativ layihələrə üstünlük verilir. Məsələn, eyni layihə üzərində çox müxtəlif sahələrdən olan mütəxəssislərin çalışması qrantların qazanılmasında mühüm əhəmiyyət kəsb edir.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

- Çox müsbət baxıram. Xaricdə təhsil və beynəlxalq bir mühitdə yaşamaq həqiqətən də dünyagörüşümə müsbət təsir göstərib.  Dünyanın aparıcı  universitetlərində təhsil almaq,  nüfuzlu alimlərin yanında tədqiqatlar aparmaq böyük bir elm məktəbi keçməkdir.

- Genetika ölkəmiz üçün nə dərəcədə aktualdır?   

- Yaxın gələcəkdə istər tibb sahəsində,  istərsə də həyatımızın digər sahələrində genetik məlumatın çox böyük rolu olacaqdır. Bir çox ölkələr artıq bu məlumatın həm texnoloji, həm də iqtisadi baxımdan nə qədər dəyərli olduğunu başa düşərək bu sahədə dövlət səviyyəli layihələr həyata keçirir. Misal olaraq, hazırda Böyük Britaniyada 50 milyon dollarlıq büdcəsi olan "Min genom layihəsi" və  Avropa Birliyindən 30 milyon avro vəsait almış "Hematopoetik epigenom" layihələri həyata keçirilir. Ümid edirəm ki, mənim və digər tələbələrin bu sahədə aldığı yüksək səviyyəli təhsil sahəsində ölkəmizdə də yaxın gələcəkdə böyük layihələr həyata keçirə biləcəyik.

- Azərbaycan diasporası ilə əlaqələriniz.  Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi?

- Azərbaycan diasporası ilə çox sıx əlaqələrim var.  Bir çox cəmiyyətlərin üzvüyəm və Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin, Kem-bric Azərbaycan Cəmiyyəti, Azərbaycan Evi, Anqlo-Azərbaycan Cəmiyyəti, Mərkəzi Asiya Forumu, Avropa-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi tədbirlərində fəal iştirak edirəm. Tez-tez Kembricdə olan azərbaycanlı elmi tədqiqatçılar və tələbələr ilə də görüşüb fikirlərimizi paylaşırıq. Görüşdüyüm bütün əcnəbi insanlara Azərbaycanın tarixi və mədəniyyəti haqqında danışıram. Eyni zamanda daim öz elmi fəaliyyətim və davranışımla digər millətlərə azərbaycanlıların çox çalışqan, ağıllı və insanlara hörmətlə yanaşan bir millət olduğunu göstərməyə çalışıram.

-  Gələcək planlarınız?

- Çox istərdim ki, yaxın gələcəkdə genetik layihələr dövlət strategiyasına daxil edilsin və mən də Kembricdə öyrəndiyim bilik və bacarıqları həmin layihələrdə tətbiq edərək ölkəmizdə genetika sahəsinin inkişafında ilk pionerlərdən biri olum.

- Biz də sizə elmi tədqiqatlarınızda, araşdırmalarınızda Azərbaycan elmi naminə yeni-yeni uğurlar arzulayırıq.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov