Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Xarici xəbərlər

 

Rusiya prezidenti Federal Məclisə təkliflər verib 

Rusiya prezidenti Vladimir Putin  Federal  Məclisə  illik müraciətində  ölkədə təhsilin vəziyyətinə də toxunub.  "Uçitelskaya qazeta"nın yazdığına görə,  prezident müraciətində istedadlı şagirdlərin və tələbələrin dəstəklənməsi zəruriliyinə diqqət çəkib.  V.Putin  müəllimlik fəaliyyəti adı  ilə imitasiya olunması hallarının yolverilməzliyini qeyd edib.  Onun sözlərinə görə, konkret məktəbin, universitetin nüfuzu bütün ölkənin  nüfuzu barədə rəy yaradır. Şagirdlərin  biliklərinin keyfiyyətinə görə  bütün  məsuliyyət müəllimlərin üzərinə düşür.  Hər şeyə rəğmən bu məsuliyyət artmaqda davam edəcək.

Prezident  məktəbdənkənar  əlavə  təhsilin  hər  hansı  formada məhdudlaşdırılmasının yolverilməzliyini xüsusi qeyd edərək əlavə təhsilin əlyetərliyinin genişləndirilməsi üçün təşkilati və maliyyə mexanizmlərinin işlənib hazırlanmasının  vacibliyini bildirib. "Texniki, bədii, musiqi yaradıcılığı mərkəzləri - bunlar şəxsiyyətin ahəngdar inkişafı üçün böyük resursdur.  Hökumət  və bölgələrdən  bu problemi həll etməyi,  bununla əlaqədar maliyyə və təşkilati mexanizmləri təklif  etməyi  xahiş edirəm. Ən başlıcası odur ki, uşaqların və valideynlərin məktəb bazasında və ya  bələdiyyə nəzdindəki yaradıcılıq mərkəzində əlavə təhsil almaq üçün seçimi olmalıdır.  Bunun üçün uşaqlarla  həqiqətən istedadlı müəllimlər  işləməlidir", -deyə Vladimir Putin bildirib.  Dövlət başçısı ali məktəblərə  qəbul olan məktəb məzunları üçün 20 min rubl həcmində 5 min prezident qrantının təsis olunmasını təklif edib. Qrantlar bütün təhsil müddəti ərzində tələbələrə ödənməlidir.  Məktəblərdə şagird sıxlığı məsələsinə toxunan prezident  bu problemin həlli üçün  təhsil müəssisələrində əlavə 4, 5 milyon yerin açılması vacibliyini bildirib. Prezident  rusiyalı məmurları məktəblərin yükünün azaldılması və uşaq bağçalarına növbələrin aradan qaldırılması üçün kompleks tədbirlər hazırlamağa, sağlamlıq imkanları məhdud vətəndaşların təhsil almasının əlyetərliyinə diqqət göstərilməsinə çağırıb.

Dövlət başçısı peşə təhsili, mühəndis kadrların hazırlanması məsələsinə toxunaraq  qeyd edib ki,  bu gün gələcək mühəndislər çoxdandır real istehsalat bazasından, öz sahələrində  qabaqcıl tədqiqatlardan və ixtiralardan geridə  qalan universitetlərdə oxuyurlar.  Onun sözlərinə görə,  2020-ci ildə Rusiya kolleclərinin yarısı dünya standartları səviyyəsinə qalxmalıdır. Kolleclər 50 ən çox tələbat duyulan perspektiv ixtisaslar üzrə peşə hazırlığını ən yaxşı dünya  standartları və qabaqcıl texnologiyalara uyğun aparmalıdır. Mühəndis hazırlığı  sənaye müəssisələri ilə bağlı olan ali məktəblərdə təşkil olunmalıdır.

V.Putin müraciətində məktəblilərin  buraxılış inşa yazılarına toxunub və qeyd edib ki, inşa yazıları biliklərin obyektiv qiymətləndirilməsinə doğru bir addımdır.


 İnkişaf etməkdə olan ölkələrin universitetlərinin reytinqi açıqlanıb 

Böyük Britaniyanın "Times Higher Education" dərgisi inkişaf etmiş iqtisadiyyata malik  olan ölkələrin ali məktəblərinin 2014-cü il üzrə reytinq cədvəlini tərtib edib. "Thomson Reuters"  agentliyinin təhlilçiləri tərəfindən hazırlanmış reytinq  "Times Higher Education World University Rankings "in dünyanın ən yaxşı universitetlərinin qiymətləndirilməsi üçün istifadə etdiyi kriteriyalara əsaslanır.  Universitetlər qiymətləndirilərkən tədris, tədqiqat, biliklərin ötürülməsi və beynəlxalq perspektivlər  gözdən keçirilib.   Tədqiqat 22 ölkədə  (Braziliya, Rusiya, Hindistan, Çin, Çili, Kolumbiya, Cənubi Afrika Respublikası, Çexiya Respublikası, Misir, Macarıstan, İndoneziya, Malayziya, Meksika, Mərakeş, Pakistan, Peru, Filippin, Polşa, Tayvan, Tailand, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri) aparılıb.  Cədvəldə 18 dövlətin ali məktəbi yer alıb. Cədvəldə üstünlük Çinə məxsusdur.  Artıq 2 ildir ki, reytinq sıralamasına liderlik edən Çinin top-100-lükdə təmsil olunan universitetlərinin sayı ötən ildəki 23-dən 29-a çatıb.  Hindistan 11 ali məktəblə reytinqdə təmsil olunur.  CAR reytinqdə 5 ali məktəblə yer alıb. Bu ölkənin Keyptaun Universiteti 4-cü sırada qərarlaşıb. İlk dəfə olaraq reytinqdə  Çili, Çin,  Hindistan, Malayziya, Pakistan və Türkiyə yer alıb. M.V.Lomonosov adına MDU reytinqdə 10-cu yerdədir. Ən yaxşı 100 ali məktəb arasında Türkiyədən 7 universitet yer alıb. Boğaziçi Universiteti sıralamada 5-ci yerdədir.


Qazaxıstanda Sorbonn Universitetinin filialı açılıb 

Qazaxıstanda Fransanın Paris şəhər Sorbonn Universitetinin (PRES Sorbonne Paris Cite) filialının açılışı olub.   "Qazaxıstan - Sorbonn" İnstitutu  Sorbonn Universitetinin dünyada ikinci, Mərkəzi Asiyada yeganə elm-təhsil mərkəzidir.  Abay adına Milli Pedaqoji Universitetin bazasında yaradılan "Qazaxıstan - Sorbonn" İnstitutunun açılışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Fransa dövlət başçısı Fransua Olland iştirak ediblər.  Açılış mərasimindəki çıxışında prezident N.Nazarbayev bəyan edib ki,  dünya təhsil məkanına cəlb olunmadan Qazaxıstan innovasiyalara və biliklərə əsaslanan yeni iqtisadiyyat qura bilməz. "Təhsil bizim ölkədə qeyd-şərtsiz inkişaf prioritetidir.  Ölkəmizdə dünya səviyyəli universitetin filialının açılması o deməkdir ki, biz düzgün yoldayıq",-deyə N.Nazarbayev bildirib. Öz növbəsində Fransa prezidenti F.Olland əmin olduğunu bildirib ki,  bu təhsil ocağının məzunları Qazaxıstanın innovativ inkişafında mühüm xidmətlər göstərəcəklər. "Qazaxıstan - Sorbonn" İnstitutunda tədris Bolonya prosesinin  tələblərinə uyğun təşkil olunub.  Təhsil ocağında məşğələlər qazax və fransız professorlar tərəfindən aparılır.


İspaniyada qırx beş min müəllimə ehtiyac var 

İşsizlik, vaxtından əvvəl təqaüdə çıxma  və digər faktorlar İspaniyada müəllim heyətinin tərkibinin qocalmasına səbəb olub.  Vəziyyəti nizama salmaq və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESD) tələblərinə cavab vermək üçün İspaniya  30 yaşından aşağı 45000 müəllim qəbul etməyə hazırlaşır.  Tədqiqatlara əsasən, işləyən müəllimlərin orta yaş səviyyəsi sürətlə artmaqdadır, 2012-2013-cü tədris ilində 30 yaşa qədər gənc müəllimlərin sayı 2005-2006-cı  tədris ili ilə müqayisədə 38 faiz azalıb. OESD-nin kriteriyalarına uyğun olaraq gənc və yaşlı müəllimlər arasında nisbəti tənzimləmək üçün 44448 müəllimə ehtiyac var.

"Hazırda bir çox müəllimlər təqaüdə çıxıb, onların yerinə isə heç kəs gəlməyib, bu isə kadrların çatışmazlığı problemini kəskinləşdirir. Bundan  başqa, daha 147000 müəllim, yəni hazırda işləyən müəllimlərin təxminən 35 faizi  yaxın on ildə istefaya gedəcək,"-deyə  OESD-nin məruzəsində qeyd olunur.  


Finlandiyada əcnəbi tələbələr üçün pullu təhsil təxirə salınıb 

Finlandiya hökuməti əcnəbi tələbələr üçün təhsil haqlarının  tətbiq olunması barədə qərarı  hələlik təxirə salıb. Məsələ ölkənin Təhsil Nazirliyinin müzakirəsinə qaytarılıb.  Qeyd edək  ki, Finlandiyanın Təhsil Nazirliyi  Avropa  Birliyinə və  Avropa  İqtisad Zonasına daxil olmayan  ölkələrdən olan əcnəbilər üçün  təhsil haqlarının tətbiq olunması  barədə təkliflə çıxış edib. Ali məktəblərdə  təhsil haqlarının  minimal səviyyəsi illik 4000 avro təşkil edir.  Ali  təhsil müəssisələrinin bir qismi əcnəbi tələbələr üçün pullu təhsilin tətbiq olunmasını dəstəkləyir. Tələbə və gənclər təşkilatları isə  bu təklifə  qətiyyətlə etiraz edirlər.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov