Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Bakı Slavyan Universitetində "Bir günlük Xəlifə"

 

Böyütmək üçün seçinBakı Slavyan Universiteti yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirir ki, bunlardan biri də "Bir günlük Xəlifə" özünüidarəetmə günüdür. Xatırladaq ki, bu layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq BSU-da 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Belə ki, məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr bir günlük universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra "Kölgə kabineti" tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.

Ötən illərdən fərqli olaraq bu il "Xəlifə günü" dekabrın 15-nə təsadüf edib. Öncəliklə "xəlifə"lərin iş günü ali təhsil ocağının foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymaqla başlayıb. Sonra "xəlifə"lər, BSU, BDU və ADU-nun beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin iştirakı ilə"Beynəlxalq münasibətlərin tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi" mövzusunda "dəyirmi masa" keçiriblər.

Növbəti tədbir ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzində  baş tutub. Türkiyə səfirliyinin müşaviri Abdülqaffar Büyükfırat tələbələrlə görüşüb. Görüş çərçivəsində "Bir millət, iki dövlət" adlı qısametrajlı film nümayiş olunub.

Xəlifə günü Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko BSU-nun Ukrayna Tədris - Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb. Tədbirdə tələbələrdən ibarət "Slavyanoçka" rəqs qrupu müxtəlif rəqs nümunələri ilə çıxış edib.

Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi, xanım Branislava Vaqnerova ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadiyyatı, mədəniyyət və incəsənəti haqqında maraqlı söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso Maria Muchoya həsr olunmuş təqdimat keçirilib.

Xəlifə günü çərçivəsində -  jurnalistika və Azərbaycan filologiyasında təhsil alan tələbələr üçün tanınmış jurnalist Etibar Babayevin ustad dərsi olub.

Belarus Dili və Mədəniyyəti Mərkəzində Belarus Respublikasının Azərbaycandakı konsulu Alek Aleksandroviç tələbələrlə görüşüb. Görüşdə "Belarus ədəbiyyatının inkişafı" adlı təqdimat olub.

Filologiya fakültəsində yazıçı Natella Osmanlı "Ədəbiyyat qadınların gözü ilə" mövzusunda tələbələrə "açıq dərs" keçib. Həmçinin həmin fakültənin III kurs tələbələrinə cərrah Qail Qasımovun tibbi biliklər fənnindən mühazirəsi təşkil olunub.

Magistratura şöbəsində qonaq olan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və tanınmış kulturoloq, professor Fuad Məmmədovla "Pulla alına bilməyən dəyərlər" mövzusunda disput-klubda görüş keçirilib. "Bədən dilimiz nədən bəhs edir" psixoloji seminarında jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva magistrant və tələbələrlə maraqlı diskussiyalar aparıblar.

Xəlifə günü Oksford Universitetində təhsil alan azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü yaddaqalan olub. Söhbət zamanı müxtəlif fikirlər irəli sürülüb, tələbələrin fəaliyyətlərini genişləndirə bilmələri üçün məsləhətlər verilib.

Tələbələrin "xəlifəlik" etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə gün ərzində vəzifələrini məharətlə yerinə yetirməyə çalışıb. 

BSU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov