Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №19

 

Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi
QAYDALARI

 

Azərbaycan Respublikası təhsil nazirinin
12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmri ilə təsdiq edilib
 

1. Ümumi müddəalar 

1.1. "Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları" (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

1.3. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.

1.4. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.

1.5. Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər. 

2. Fənn olimpiadalarının təşkili 

2.1. Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə Yerli və Respublika təşkilat komitələri və hər fənni əhatə etməklə apelyasiya komissiyaları yaradılır.

2.2. Təşkilat komitələri fənn olimpiadalarının bu Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görürlər.

2.3. Yerli təşkilat komitəsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin, Respublika təşkilat komitəsi isə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə yaradılır.

2.4. Yerli təşkilat komitəsinin tərkibi rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müvafiq məsul işçiləri, qabaqcıl müəllimlər, valideynlərin nümayəndələrindən ibarət olur. Yerli təşkilat komitəsi 5 (beş) nəfərdən ibarət olmaqla yaradılır. Yerli təşkilat komitəsinin sədri rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri olur.

2.5. Yerli təşkilat komitələrinin vəzifələri:

2.5.1. İstedadlı şagirdlərin aşkara çıxarılması və onlarla fənn olimpiadalarına hazırlıq işlərinin aparılmasını, rayon (şəhər) səviyyəsində dərs ili boyu müxtəlif müsabiqələr, test yoxlamaları və digər formalarda bilik yarışları keçirilməsini təmin edir;

2.5.2. Olimpiadaların rayon (şəhər) mərhələsinin keçirilməsi məqsədilə iştirakçılar üçün sual kitabçalarını və cavab kartlarını müsabiqə günü təmin edir;

2.5.3. Rayon (şəhər) mərhələsinin cavab kartlarını yoxlanılması üçün Respublika təşkilat komitəsinə göndərir.

2.6. Respublika təşkilat komitəsi Təhsil Nazirliyinin məsul əməkdaşlarından ibarət tərkibdə formalaşır. Respublika təşkilat komitəsinin səlahiyyət müddəti 1 (bir) il, tərkibi isə 7 (yeddi) nəfərdən ibarət olmaqla Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılır. Respublika təşkilat komitəsinə təhsil nazirinin müavini sədrlik edir.

2.7. Olimpiadaların yekun nəticələrindən narazı qalmış şagirdlərin yazı işlərinə yenidən baxılması üçün Respublika təşkilat komitəsi tərəfindən hər fənn üzrə 3 (üç) nəfər mütəxəssisdən ibarət apelyasiya komissiyası yaradılır.

2.8. Respublika təşkilat komitəsinin vəzifələri:

2.8.1. Rayon (şəhər) və respublika mərhələlərinin suallarının tərtib edilməsi, şagirdlərin yazı işlərinin yoxlanılması məqsədi ilə fənlər üzrə respublika münsiflər heyətlərinin tərkibinə namizədləri müəyyənləşdirib təhsil nazirinə təqdim edir və onların səmərəli fəaliyyəti üçün lazımi şərait yaradır. Münsiflər heyətinin səlahiyyət müddəti 1 (bir) il, tərkibi isə hər bir fənn üzrə 5 (beş) nəfərdən ibarət olmaqla təhsil nazirinin əmri ilə təsdiqlənir;

2.8.2. Olimpiadanın respublika mərhələsində hazırlıq işlərinin vaxtında başa çatdırılmasını təmin edir, olimpiadaların şəffaf, ədalətli və aşkarlıq prinsiplərinə uyğun keçirilməsi üçün tədbirlər görür;

2.8.3. Olimpiada qaliblərinin rəğbətləndirilməsi üçün təkliflər hazırlayır və mükafatlandırılmasını təşkil edir;

2.8.4. Olimpiadaların son nəticələrini ümumiləşdirərək təhlil edir və yekun hesabatı hazırlayır;

2.8.5. Fənn olimpiadalarının təşkili və keçirilməsi prosedurunun təkmilləşdirilməsi barədə təkliflər verir.  

3. Fənn olimpiadalarının keçirilməsi 

3.0.1. Ümumi təhsil müəssisələrində fənn olimpiadalarına hazırlıq dərs ili ərzində aparılır, müntəzəm olaraq sınaq yoxlamaları, monitorinqlər keçirilir və bu proseslərdə fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibi müəyyənləşdirilir.

3.0.2. Fənn olimpiadaları 2 (iki) mərhələdən - rayon (şəhər) və respublika mərhələlərindən ibarətdir. Respublika mərhələsi öz növbəsində iki turdan - yarımfinal və finaldan ibarət olmaqla keçirilir.

3.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi

3.1.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvar ayının 2-ci bazar günü təşkil edilir.

3.1.2. Bu mərhələdə suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formatında hazırlanır.

3.1.3. Rayon (şəhər) mərhələsində şagirdlərə fənlərdən və siniflərdən asılı olaraq 30-50 sual təqdim edilir və imtahan üçün 3 (üç) saat vaxt ayrılır.

3.1.4 Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin şagirdləri rayon (şəhər) mərhələsində ərazi üzrə yerləşdikləri rayonda (şəhərdə) iştirak edirlər.

3.1.5. Ümumi təhsil müəssisələrinin, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin direktorları rayon (şəhər) mərhələsində iştirak edəcək şagirdlərin adlı siyahısını dekabr ayının 20-dək müvafiq Yerli təşkilat komitəsinə təqdim edirlər. Bu turda iştirakçıların sayına məhdudiyyət qoyulmur.

3.1.6. Yerli təşkilat komitəsi rayon (şəhər) turunun cavab kartlarını ən geci imtahan keçirilən tarixdən 1 (bir) gün sonra Respublika Təşkilat Komitəsinə çatdırılmasını təmin edir.

3.2. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu

3.2.1. Respublika mərhələsinin yarımfinal turu mart ayının 2-ci bazar günü Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələrindən seçilir.

3.2.2. Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60%-nə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir.

3.2.3. Respublika təşkilat komitəsi olimpiadaların rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısını rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir ay əvvəl bildirir.

3.2.4. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır.

3.2.5. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 (üç) saat vaxt ayrılır.

3.2.6. Respublika təşkilat komitəsi yarımfinal turunun cavab kartlarının oxunmasını, qiymətləndirilməsini və nəticələrin Yerli təşkilat komitələrinə çatdırılmasını təmin edir.

3.3. Fənn olimpiadalarının respublika mərhələsinin final turu

3.3.1. Respublika mərhələsinin final turu aprel ayının 2-ci bazar günü keçirilir.

3.3.2. Respublika mərhələsinin final turu iki yaş qrupu üzrə keçirilir:

- Aşağı yaş qrupu ( IX siniflər və aşağı)

- Yuxarı yaş qrupu (X-XI siniflər)

3.3.3. Respublika mərhələsinin final turunda iştirak edəcək şagirdlər yarımfinal turunun nəticələrinə əsasən Respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70%-nə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir.

3.3.4. Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır.

3.3.5. Respublika mərhələsinin final turunda şagirdlərə fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla  ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 (üç)-4 (dörd) saat vaxt ayrılır.

3.3.6. Respublika mərhələsinin final turunun nəticələri imtahan başa çatdıqdan 10 gün sonra elan edilir.

3.3.7. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən edilir. Nəticələrindən narazı qalmış iştirakçılar öz işlərinə yenidən baxılması üçün Respublika təşkilat komitəsinə müraciət edirlər. Belə müraciətlərə apelyasiya komissiyası yenidən baxır və onların verdiyi yekun rəy Respublika təşkilat komitəsi tərəfindən nəzərə alınır.  

4. Olimpiada iştirakçılarının mükafatlandırılması 

4.1. Olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri Yerli təşkilat komitələri, final turunun qalibləri isə Respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr və pul mükafatı ilə təltif olunurlar.

4.2. Fənn olimpiadalarının təşkili və keçirilməsində iştirak edən münsiflər heyəti üzvləri, habelə qalib şagirdlərin müəllimləri müvafiq qaydada mükafatlandırılırlar.  

5. Fənn olimpiadalarının maliyyələşdirilməsi 

5.1. Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi, habelə respublika mərhələsi iştirakçılarının ezamiyyə xərcləri yerli təhsil orqanları tərəfindən ödənilir.

5.2. Olimpiadaların respublika mərhələsinin təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar bütün xərclər Təhsil Nazirliyi tərəfindən ödənilir.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov