Təhsil
naziri Mikayıl Cabbarov "Rossotrudniçestvo" agentliyinin
başçısının müavini Larisa Yefremova ilə görüşüb.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AzərTAc-ın
müxbirinə bildiriblər ki, görüşdə təhsil sahəsində
ikitərəfli münasibətlər müzakirə edilib. Azərbaycanlı
tələbələrin Rusiyanın ali məktəblərinə daxil olması və
təhsil alması şərtləri də nəzərdən keçirilib.
Görüşdə Rusiya Federasiyası Hökumətinin ayırdığı dövlət
təqaüdləri kvotaları çərçivəsində Rusiyanın ali təhsil
ocaqlarında təhsil almaq istəyənlərin seçiminin bəzi
aspektlərinə toxunulub. Tərəflər abituriyentlərin
olimpiadaların nəticələrinə əsasən seçilməsini
perspektivli istiqamətlərdən biri sayıblar. Məsələn, "Rossotrudniçestvo"
agentliyinin Rusiya Təhsil və Elm Agentliyi və Aparıcı
Texniki Ali Məktəblər Konsorsiumu ilə birgə
təşkilatçılığı ilə bir sıra ölkələrdə "Rusiyada oxumaq
zamanıdır!" olimpiadası keçirilir.
Seçim meyarlarını işləyib hazırlamaq, habelə "Rossotrudniçestvo"
ilə Azərbaycan Təhsil Nazirliyi arasında qarşılıqlı
anlaşma haqqında Memorandum hazırlamaq məqsədi ilə
Rusiya və Azərbaycan mütəxəssislərindən ibarət birgə
işçi qrupu yaratmaq təklif edilib.
Görüşün yekunlarına əsasən müvafiq iş protokolu
imzalanıb.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri
Vladimir Doroxin, Azərbaycan Respublikasının Rusiyadakı
səfiri Polad Bülbüloğlu və "Rossotrudniçestvo"
agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Valentin Denisov iştirak ediblər. |