Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik yubileyi keçirildi

 

Böyütmək üçün seçinDekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ölkəmizin ilk orta ixtisas təhsili müəssisələrindən biri, fəaliyyət göstərdiyi illərdə Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələr vermiş Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik yubileyi qeyd olunub.

Yubiley mərasiminə dəvət olunmuş qonaqlar, kollecin müəllim və tələbə kollektivlərinin üzvləri öncə Fəxri Xiyabana gələrək xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub.

Təhsil Nazirliyi rəsmilərinin, müxtəlif dövlət və hökumət qurumları təmsilçilərinin, Milli Məclis üzvlərinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçilərinin, təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri yubiley mərasimi bu təhsil ocağının ilk müəllimlərindən olmuş görkəmli təhsil, elm və mədəniyyət xadimlərinin, habelə ulu öndər Heydər Əliyevin təhsilin əhəmiyyəti, kollecin fəaliyyəti ilə bağlı fikirlərinin səslənməsi ilə açılıb. Kollecin tələbələri yubilyar təhsil ocağının himnini ifa ediblər. Sonra Azərbaycan Dövlət Pedaqoji  Kollecinin 95 illik fəaliyyət yolundan bəhs edən "Xalq Cümhuriyyətinin yadigarı" sənədli filmi nümayiş olunub.

Yubiley mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin təbrikini kollektivə çatdırıb. Təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı təbrik məktubunda kollecin xalqımızın maariflənməsi, məktəblərin ixtisaslı pedaqoji kadrlarla təmin olunması, Azərbaycanın fəxri sayılan bir çox ziyalıların yetişməsindəki böyük rolu və tarixi xidmətləri yüksək qiymətləndirilir, kollecin bu gün ölkədə aparılan təhsil islahatlarında fəal iştirak etməsi, illərlə yaranmış mütərəqqi ənənələri qoruyub saxlaması və inkişaf etdirməsi qeyd olunur.

Çıxışında yubileylə əlaqədar təhsil nazirinin əmri ilə kollecin təhsil uğurları ilə fərqlənən bir qrup müəlliminin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və nazirliyin fəxri fərmanları ilə təltif olunduğunu bildirən nazir müavini mükafatları təltifolunanlara təqdim edib.

Sonra kollecin IV kurs tələbəsi Aygün Kərimli doğma tədris ocağına həsr etdiyi şeirini söyləyib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli, əməkdar müəllim Nurlana Əliyeva kollecin keçdiyi şərəfli tarixi yol, bugünkü fəaliyyəti və qazanılan uğurlarla bağlı geniş məruzə edib. Böyütmək üçün seçin

Yubiley mərasimində təbrik çıxışları olub. Milli Məclis sədrinin müavini Bahar Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova və başqaları şərəfli yubiley münasibətilə kollecin müəllim və tələbə kollektivini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Təbrik çıxışlarında kollecin açılmasında Azərbaycan Demokratik Cümhuriyyətinin rolu, bu təhsil ocağının yarandığı dövrdən bəri ölkənin orta ixtisas təhsili müəssisələri arasında həmişə öncül mövqedə olması, təhsilimizə on minlərlə yüksək hazırlıqlı müəllim kadrları verməsi, həmişə innovativ ideyalar və təşəbbüslər mərkəzi kimi tanınması xüsusi qeyd olunub, dövlətimizin başçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan söz açılıb. Çıxış edənlər uzun illərdir ki, bu şöhrətli təhsil müəssisəsinə rəhbərlik edən Nurlana Əliyevanın  böyük təşkilatçılıq bacarığını, yüksək insani keyfiyyətlərini, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını yüksək dəyərləndiriblər.

Mərasimdə ölkənin müxtəlif təhsil müəssisələrindən yubilyara ünvanlanmış təbrik teleqramları diqqətə çatdırılıb. 

Yusif ƏLİYEV, foto Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov