2014-cü ildə təhsil sahəsində aparılan islahatlar
nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək
nailiyyətlər üçün etibarlı zəmin yaradıb. Bütün bunlarla
bağlı millət vəkillərinin, tanınmış ziyalıların və
təhsil ekspertlərinin fikirləri maraq doğurur.
Vahid
Əhmədov,
Milli Məclisin üzvü
- "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın qəbulundan sonra bir-birinin
ardınca müxtəlif layihələr həyata keçirilib. Bu sırada
orta təhsildə vəziyyəti yaxşılaşdırmaq istiqamətində
görülən işləri xüsusilə təqdir edirəm. Müəllimlərin
attestasiyası ilə bağlı işləri yüksək dəyərləndirirəm.
Dağ kəndlərində müəllim çatışmazlığının aradan
qaldırılması ilə bağlı baş verən yeniliklər məni çox
sevindirdi. Bu işlər artıq öz bəhrəsini verməkdədir.
Bu il həyata keçirilən əhəmiyyətli işlərdən biri də
təhsilin idarə edilməsi sistemində struktur
dəyişikliklərinin aparılmasıdır. Hesab edirəm ki, belə
davam etsə, biz təhsildə müasir idarəetmə metodlarının
səmərəli tətbiqinə nail olacağıq.
Ali təhsil müəssisələrində tələbələrin köçürülməsi
işində qayda-qanun yaradılması da alqışlanası hadisədir.
Bununla, təhsilimizin keyfiyyətini aşağı salan qanunsuz
köçürmələrə son qoyulub.
Ümumiyyətlə, hesab edirəm ki, 2014-cü ildə təhsilimizin
gələcək inkişafı üçün çox yaxşı baza yaradılıb.
Əjdər
Ağayev,
Azərbaycan Təhsil Şurasının sədri
- Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar və
silsilə tədbirlər təlim keyfiyyətinin yüksəldilməsinə,
müəllimlərin, məktəblərin iş fəaliyyətinin
səmərəliliyinin artırılmasına xidmət edir. 2014-cü ildə
ölkəmizdə təhsil quruculuğu sahəsində mühüm işlər
görülüb.
Təhsildə həyata keçirilən hər bir işin önündə, şübhə
yoxdur ki, müəllim dayanır. O şagird xoşbəxtdir ki,
yaxşı müəllimdən dərs alıb. Təlimin keyfiyyətinin
yüksəldilməsinin ən mühüm amillərindən biri pedaqoji
kadrdır. Bu baxımdan Təhsil Nazirliyinin müəllimlərin
peşəkarlığının artırılmasına, tədris ocaqlarının
idarəedilməsi işinin təkmilləşdirilməsinə təkan verən
islahatları xüsusilə qeyd olunmalıdır.
Təqdirəlayiq haldır ki, müasir texnologiyaların
tətbiqinin genişləndirilməsi ilə yanaşı, şagirdlərin
milli-vətənpərlik tərbiyəsinə, mənəvi hazırlığına da
yüksək qiymət verilir. Müəllim texnologiyaları təlim
prosesinə elə tətbiq etməlidir ki, şagirdlərdə həyati
bacarıqlar formalaşdıra və şagirdləri inkişaf etdirə
bilsin. Təkcə intellektual baxımdan deyil, eyni zamanda
şagirdinin mənəvi inkişafına, onun bir insan olaraq
kamilləşməsinə nail ola bilsin. Məncə, kamil və savadlı,
hazırlıqlı vətəndaş yetişdirməyin əsasında bu amillər
dayanır.
Ümumi təhsil məktəblərində tədris olunan "Qarabağın
tarixi" adlı fakültativ kurs və Heydər Əliyev
mərkəzlərində keçirilmiş "Müstəqil Azərbaycan tarixi"
mövzusunda əlavə dərslər bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Həmçinin, Təhsil Nazirliyinin elan etdiyi
"Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram
əsərləri" müsabiqə və şagirdlərdə mütaliə
mədəniyyətinin, oxuya motivasiyanın yüksəldilməsi
məqsədilə reallaşdırılan layihə məktəblilərə mənəvi
zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər,
idraki keyfiyyətlər aşılayır, onların bir şəxsiyyət kimi
formalaşmasına müsbət təsir göstərir.
Zahid
Oruc,
Milli Məclisin üzvü
- Bu yaxınlarda parlamentdə çıxışı zamanı təhsil naziri
Mikayıl Cabbarov təhsil islahatlarından ətraflı danışdı.
Dərslik islahatlarından tutmuş müəllimlərin cəmiyyətdəki
mövqeyi, onların sosial təminatı, müəllim əməyinə
diferensial yanaşma, eyni zamanda beynəlxalq təhsil
sistemləri ilə yaxından tanışlıq, Avropa standartlarına
uyğunlaşma, islahatların sosial təsirini hesablamaqla
uyğun zaman çərçivəsində aparılması və s. ilə bağlı
mühüm işlər ortaya qoyulub. Bütün bunlar cəmiyyətdə
təhsilimizin gələcəyi ilə bağlı nikbin fikirlər
formalaşdırır.
Etiraf etmək lazımdır ki, təhsildə hər hansı problem
böyük bir topluma birbaşa təsir edir. Bütün məzunlara
attestatların verilməsi, vahid test sisteminin
yaradılması istiqamətində atılan addımlar, yeni
proqramların tərtibatı, müəllimlərin ilkin sınaq
qiymətləndirilməsi göstərir ki, təhsil sistemində
görüləcək böyük işlərin zəmini yaradılıb, müvafiq
strategiya və planlar var. Ən əsası Təhsil Nazirliyi
islahatların mərhələlərlə reallaşdırılmasında
israrlıdır. Bütün bunlar Azərbaycanın təhsil uğurlarını
artıracaq. Təhsildəki uğurlarımız bizim həm də
səhiyyəmizə, hərbi quruculuğumuza, sosial müdafiəmizə,
bütövlükdə, dövlət idarəçiliyimizə təsir göstərən ən
mühüm amildir. Ümidvaram ki, Azərbaycan cəmiyyətindən
də olan dəstək bu sahədə əhəmiyyətli addımları davamlı
edəcək.
Hamlet
İsaxanlı,
Xəzər Universitetinin təsisçisi
- Mənim Təhsil Nazirliyinin fəaliyyətində ən çox xoşuma
gələn hal açıqlıq və konkretlikdir. İstənilən məsələni
nazirliklə müzakirəyə çıxarmaq və konkret nəticə əldə
etmək mümkündür. Nazirliyin bu iş üslubu çox
təqdirəlayiqdir.
Bu il Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri
arasında "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" çərçivəsində səmərəli
müzakirələr aparılıb. Bu sənəd təhsilimizin gələcək
inkişafı üçün qeyri-adi dərəcədə mühüm sənəddir. Yaxşı
haldır ki, Dövlət Strategiyasıçərçivəsində görülən işlər
geniş ictimaiyyətlə müzakirə olunur.
Şübhəsiz ki, belə böyük sənəddə göstərilənləri bir ildə
həyata keçirmək mümkün deyil. 2014-cü il Dövlət
Strategiyasındakı genişmiqyaslı tədbirlərin reallaşması
üçün mühüm hazırlıq dövrü kimi qiymətləndirilə bilər.
Məsələn, strategiyada universitetlərin kampuslarının
yaradılması kimi çox mühüm məsələ var. Bu istiqamətdə
müzakirələr gedir və biz gözləyirik ki, növbəti ildə
bununla bağlı konkret addımlar atılacaq.
Bolonya prosesi, təhsil standartları, proqramları, ali
məktəblərin müstəqilliyi ilə bağlı Təhsil Nazirliyinin
keçirdiyi təqdimatlar, müzakirələr təhsil ictimaiyyəti
üçün çox faydalı olub.
Nazirliyin müəllimlərin və idarəedənlərin peşəkarlığının
artırılması istiqamətində təlimlər keçirməsini xüsusi
qeyd edərdim. Dünyanın ən iri şirkətləri belə işə
götürdükləri insanların peşəkarlıq qabiliyyətini
artırmaq üçün mütəmadi təlimlər təşkil edir. Ali
məktəblərin də bu işə cəlb edilməsi təlimin keyfiyyətini
yüksəldib. Ümumiyyətlə, təlimlər ömürboyu təhsil
komponentinin vacib elementidir.
Təhsil Nazirliyinin digər bir uğuru - elektron təhsil
resurslarının yaradılması və genişləndirilməsi çox
əhəmiyyətli layihədir. Burada orta məktəblər üçün
olduqca faydalı resurslar toplanıb, elektron dərsliklər
yığılıb. Ümumiyyətlə, hesab edirəm ki, Təhsil Nazirliyi
dərslik sahəsində də müsbət dəyişikliklərin əldə
edilməsi istiqamətində çox səmərəli işlərə başlayıb. İlk
növbədə, dərslik monopoliyasının aradan qalxmasını
gözləyirik. İnkişaf etmiş ölkələrdə çoxsaylı alternativ
dərsliklər, əlavə vəsaitlər olur, müəllimlər onlardan
geniş istifadə edirlər. Elektron təhsil resursları da
belə mənbələrin yaranmasında atılan əhəmiyyətli
addımlardan biridir.
Ali təhsildə doktoranturanın inkişaf etdirilməsi
istiqamətində aparılan müzakirələr bu sahədə
yeniliklərin olacağına bizi ümidləndirir. Biz, bir ali
təhsil müəssisəsi olaraq, bu sahədə Təhsil Nazirliyi ilə
əməkdaşlıq edirik. Hesab edirik ki, doktorantura
təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi
mexanizminin hazırlanması vacibdir.
Ümumiyyətlə, hesab edirəm ki, 2014-cü il təhsil
sahəsində faydalı olub və daha ciddi nailiyyətlər üçün
əsaslı zəmin yaradılıb.
Şahlar
Əsgərov,
təhsil eksperti
- Hesab edirəm ki, təhsildə ən yadda qalan və ən zəruri
məsələ "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın qəbul olunmasıdır. Bu
sənədin qəbulu təhsilimizin yoluna kifayət qədər işıq
saçır və eyni zamanda fəaliyyət meydanını
müəyyənləşdirir. İkinci vacib məqam buraxılış
imtahanından sonra məzunların hamısına attestatın
verilməsidir. Bir halda ki, gənc məktəbi bitirib, ona
qiymətləri göstərmək şərti ilə attestat vermək lazımdır.
Digər bir yaddaqalan hadisə müxtəlif səbəblərdən ali
məktəblərdən kənarlaşdırılmış tələbələrin təhsilə
qayıtmasına imkan verən yeni qaydaların tətbiqi oldu.
Hansısa səhv və ya təsadüf üzündən ali məktəbdən
qovularaq təhsilini başa vurmayan tələbələrə şans
verilməsi çox müdrik və dövlətin yürütdüyü humanist
siyasəti dəstəkləyən addımdır. Eyni zamanda gənclər üçün
stimul mənbəyidir.
Ali məktəblərdə SABAH qruplarının yaradılması da olduqca
vacib hadisədir. İstedadlı, bilikli gənclərin eyni
qruplarda bir araya gələrək xüsusi proqramların tətbiqi,
ölkənin tanınmış müəllimlərinin tədrisi ilə onlara dərin
biliklərin verilməsi bir növ ali təhsil sistemində mayak
rolunu oynayacaq.
Bu il Bakı məktəblərində çalışan müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi
onların keyfiyyət göstəricilərinin
müəyyənləşdirilməsində mühüm rol oynadı.
Uğurlu işlərdən biri də müəllimlərin dərs yükünün
artırılmasıdır. Əvvəllər 1 müəllimə 8 şagird düşürdü, bu
gün isə bu nisbət 1:12-yədir. Aydın məsələdir ki, bu da
təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.
Müəllimlərin və direktorların işə qəbul olunması,
elektron kitabxanaların yaradılması və digər məqamları
da qeyd etsək, düşünürəm ki, bu 1 il ərzində kifayət
qədər yaddaqalan işlər görülübdür.
Orta məktəblərdə dərs ili müddətinin artırılması
təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək bir
addımdır. Təhsil Nazirliyinin şagirdlərin bir günə düşən
dərs yükünün azaldılması ilə bağlı gördüyü işləri təqdir
edirəm.
Məlahət
Mürşüdlü,
Azad Müəllimlər Birliyinin sədri
- Müəllimlərin sınaq qiymətləndirilməsini onların
peşəkarlıq səviyyəsinin yoxlanılması kimi dəyərləndirmək
daha düzgün olardı. Bu qiymətləndirmə məktəblərimizdə
çalışan müəllimlərin ixtisaslarına uyğunluğunu,
öyrədənlərin metodiki-pedaqoji yanaşma tərzini
müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, müəllimlər davamlı olaraq öz üzərlərində
çalışmaq üçün müsbət mənada motivasiya olundular. Artıq
öz zəif cəhətini bilən müəllim yeniliyi və müasir
yanaşmaları mənimsəməyə daha çox meyl edəcək, üzərinə
düşən vəzifələrə daha məsuliyyətlə yanaşmağa çalışacaq.
Hazırda Təhsil Nazirliyi tərəfindən təlim-tərbiyə işinin
məzmununun yeniləşməsi, təlim keyfiyyətinin yüksəlməsi,
təlimdə və qiymətləndirmədə yeni metodların,
texnologiyaların tətbiqi, müəllimin peşə hazırlığı
səviyyəsinin artırılması, idarəetmə strukturunun
təkmilləşdirilməsi, yeni nəzarət sisteminin yaradılması
və digər məsələləri özündə ehtiva edən məktəbəqədər, tam
orta, peşə, ali təhsil üzrə proqramların həyata
keçirilməsini də xüsusi qeyd etmək lazımdır.
Vidadi
Bağırov,
təhsil eksperti
- Hər ilin sonunda bu və ya digər tərəfdən geriyə
boylanılır, görülən işlərə, əldə edilən uğurlara bir
nəzər salınır və sanki gələcəyin, görüləcək işlərin yolu
cızılır.
2014 -cü ilə nəzər salanda, ümumən ölkəmizin inkişafında
öz izini qoyan bu ildə təhsilimizdə də uğurlu addımların
atıldığını görürəm. Bunların hamısını sadalaya bilməsəm
də, müəyyən məqamlar, daha doğrusu, mənim nəzərimdə daha
uğurlu hesab etdiyim bir-iki məsələni vurğulamaq
istərdim.
Təhsil deyəndə, ilk olaraq, gözlərimizin önünə uğurlu
müəllim - şagird əməkdaşlığı gəlir. Odur ki,
müəllimlərin keyfiyyəti nə qədər yaxşılaşarsa, təhsilin
keyfiyyəti də o qədər yüksələr. Bu baxımdan yüksək balla
müəllimliyi seçən tələbələrə təqaüdlərin verilməsini və
Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirilməsinin
keçirilməsini yola saldığımız ildə təhsilimizin ən
uğurlu addımlarından hesab edirəm.
Təhsil sisteminin qarşısında duran ən aktual məsələlərin
həlli baxımından "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata
keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət
Strategiyasında hər bir şəxs üçün bərabər, keyfiyyətli
təhsil imkanlarının yaradılması, insan resurslarının və
infrastrukturun inkişaf etdirilməsi məsələlərinə geniş
yer verilməsi xüsusi olaraq qeyd edilməlidir.
Etibar
Əliyev,
"XXI əsr" Təhsil Mərkəzinin sədri
- 2014-cü ili Azərbaycan təhsili üçün uğurlu il sayıram.
Bunu təhsilimizin gələcək inkişafına xdmət edən bir neçə
mühüm qərarın qəbul olunması ilə izah edərdim.
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə
İnformatika üzrə Olimpiada Mərkəzinin açılması, kənd
məktəblərində ciddi ehtiyac olan kimya, fizika,
biologiya və coğrafiya fənləri üzrə işə qəbul
olunanların sayında ciddi artım, məktəb direktorları və
məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün
müasir peşə standartları əsasında təlimlərin təşkil
olunması, ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil
məktəblərində çalışan müəllimlərin sınaq
qiymətləndirilməsinin həyata keçirilməsi, elektron
dərslik portalının istifadəyə verilməsi və digər müvafiq
tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Bundan başqa, Təhsil Nazirliyi ilə vətəndaş cəmiyyətinin
nümayəndələri arasında səmimi əməkdaşlıq
münasibətlərinin qurulması, inanıram ki, təhsilin
inkişafına öz töhfəsini verəcəkdir. Bütün bunlarla
yanaşı, ötən illərlə müqayisədə son dövrlər təhsil
mühitində demokratikləşmə, hesabatlılıq və şəffaflığın
artırılması ilə bağlı ciddi addımlar atılmaqdadır.
2014-cü ildə təhsil sahəsində aparılan islahatları,
təhlilləri, monitorinqləri və səmərəli dialoqları da
təhsilin keyfiyyətinin artırılmasına xidmət göstərən
fəaliyyət kimi qiymətləndirmək olar.
Osman
Gündüz,
İKT eksperti
- "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda təhsil texnologiyalarının
tətbiqi ilə bağlı əhəmiyyətli müddəalar əks olunub. Bir
neçə gün öncə Təhsil Nazirliyi müxtəlif portallardan
ibarət elektron tədris resurslarının təqdimatını
keçirdi. Bu resurslar təhsilin həm sosial tərəflərini,
həm təhsilalanların biliyinin artırılmasını, həm də
xarici mənbələrə çıxışın asanlaşdırılmasını əhatə edir.
Burada bir məsələni xüsusi qeyd etmək istərdim. Təhsil
Nazirliyi təhsil resurslarının kütləviləşdirilməsi
məsələsini həll etdi. İndiyədək təhsil sistemimizdə
istifadə olunan istər yazılı, istərsə də elektron
resurslar yalnız müəllifinin və ya sahibinin icazəsi ilə
yayıla bilirdi. Təhsil Nazirliyi bu hüququ öz əlinə
almağa nail oldu, yəni, nazirliyin sifarişi ilə
hazırlanan bütün resurslar üzərində mülkiyyət hüququ
artıq nazirliyin öz əlindədir. Bu isə o deməkdir ki,
bundan sonra bütün təhsil resurslarını internetə
yerləşdirmək, hər bir istifadəçiyə pulsuz təqdim etmək,
yaymaq imkanı yaranıb. Təqdim olunan elektron təhsil
resursları da bu qəbildən olan ilk işdir. Bu, böyük
hadisədir.
Təhsil sistemində aparılan struktur islahatları,
idarəetmə sistemində baş verən dəyişikliklər,
təkrarlanan strukturların ləğvi də müsbət
qiymətləndirilməlidir. Hesab edirəm ki, müəyyən
müddətdən sonra bunun effekti görünəcək.
Nabatəli
Qulamoğlu,
təhsil eksperti
- Azərbaycan təhsilində yeni ab-hava hiss olunur. Təhsil
Nazirliyi çox böyük çətinliklərlə müəyyən nailiyyətlər
əldə edir.
Hesab edirəm ki, bu yeniliklər Azərbaycan təhsilinə
xidmət edir, onun gələcəyinə və islahatlar aparmaq işinə
bir vəsilədir. Ümid edirəm ki, bu proses nazirlik
tərəfindən uğurla davam etdiriləcək.
Təhsil Nazirliyinin fəaliyyətində ən çox nəzərəçarpan
istiqamətlərdən biri korrupsiyaya qarşı mübarizə
tendensiyasıdır. Demək olar ki, nazirliyin bütün
işlərində, verilən əmrlərdə korrupsiyaya qarşı mübarizə
ruhu açıq-aydın görünür. Gözləyirəm ki, nazirlik bu
xoşagəlməz halla mübarizədən qalib çıxacaq, istədiyi
nəticələrə nail olacaq.
Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan
müəllimlərinin sınaq qiymətləndirilməsinin keçirilməsini
onların təkmilləşdirilməsi istiqamətində atılan bir
addım kimi dəyərləndirə bilərik.
|