Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Bərdə məktəblərinin məzunları Prezident təqaüdçülərinin sayına görə respublikada üçüncüdür

 

Son illər respublikamızda regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində aparılan quruculuq işləri bölgələrdə təhsilin inkişafına müsbət təsir  edir. Bunların nəticəsidir ki, TQDK-nın keçirdiyi qəbul imtahanlarında regionlardan olan məzunlar da fərqlənirlər.  TQDK rəsmi olaraq ali məktəblərə builki qəbulun nəticələri, xüsusilə Prezident təqaüdçülərinin say tərkibi, şəhər və rayonlar üzrə onların sıralanması barədə mətbuata açıqlama vermişdir. Komitədən bildirmişlər ki, bu siyahıda 30 şəhər və rayonun məktəbləri yer alıb. Bakı və Sumqayıt şəhərlərindən sonra Bərdə rayonu siyahıda 3-cü yerdədir.

Bununla əlaqədar nəinki Bərdədə, eləcə də respublikamızda yaxşı tanınan akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi xüsusi qeyd etmək olar. Bu məktəbin cəmi 10 yaşı olmasına baxmayaraq, artıq iki dəfə ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 8 nəfər müəllimi müxtəlif vaxtlarda "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Ötən il rayon üzrə Prezident təqaüdünə layiq görülən məzunların üç nəfəri məhz bu qabaqcıl təhsil ocağının yetirməsidir. Bundan başqa 2013-2014-cü tədris ilində həmin məktəbi bitirən məzunların 93 faizi (68 nəfəri) ölkənin müxtəlif  ali məktəblərinin tələbəsi adını qazanıb.

Bir faktı da qeyd edək ki,  bu il ali məktəblərə qəbul üçün sənəd verən akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunlarından 3 nəfəri yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Maraqlı budur ki, Prezident təqaüdünə layiq görülənlərin hər üçü bir sinfin şagirdləridir.

Rayonun qazanılmış uğurlarında bir sıra digər məktəblərin, o cümlədən şəhər 1, 2, 3, 4, 8 nömrəli, eləcə də Yeni Daşkənd, Qaradəmirçi, Muğanlı, Yeni Əyricə, Gərənə, Xanqaraqoyunlu və s. kənd məktəblərinin də payı vardır.          Ümumiyyətlə, ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 1460 nəfər məzundan 728 nəfəri sənədlərini müxtəlif təhsil ocaqlarına verib. Onlardan 344 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 41 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Daha bir xarakterik fakt isə məzunlardan 21 nəfəri hərbi təmayüllü ixtisasları seçib. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov