Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının beynəlxalq nüfuzu və maddi-texniki bazası bu mötəbər yarışın yüksək səviyyədə keçirilməsinə təminat verir 

Niyazi Rəhimov, "Azərbaycan müəllimi"
[email protected]

Böyütmək üçün seçinAzərbaycan  son illər ərzində bir çox beynəlxalq müsabiqə və yarışlara ev sahibliyi edib. Bu cür mötəbər yarışlardan biri,  məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası ölkəmizdə 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək. 47-ci Beynəlxalq Kimya Olimpiadasının əsas məqsədi dünya gənclərinin kimya elmlərinə marağını artırmaqdır. Olimpiadanın təşkilat komitəsinin sədri MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır.

MDU-nun Bakı filialında Olimpiadanın keçirilməsi barədə qərar 2012-ci ilin iyulunda Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının İdarəetmə Komitəsi tərəfindən qəbul edilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra  Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququnu əldə edən ikinci ölkədir. Qeyd edək ki, bu qərar MDU-nun Bakı filialının nüfuzunu və beynəlxalq səviyyədə tanınmasını nümayiş etdirir.

Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda keçirilməsi əhəmiyyətli bir hadisədir. Tədbirdə 80-ə yaxın ölkənin milli komandaları və 250-ə qədər alimlər, kimyaçı-mütəxəssislər və müəllimlərin iştirakı nəzərdə tutulub. Olimpiadanın müxtəlif  ölkələrdən olan iştirakçıları Azərbaycan haqqında informasiya əldə edə biləcəklər. Bundan başqa,  olimpiada Azərbaycan təhsilinin, elminin inkişafında mühüm rol oynayacaq.

Beynəlxalq Kimya Olimpiadasının tarixinə nəzər saldıqda görürük ki, olimpiada ilk dəfə 1968-ci ildə keçmiş Çexoslovakiya Sosialist Respublikasında keçirilib. Həmin ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən olimpiada sonuncu olaraq 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində təşkil olunub. Sonra 46-cı Beynəlxalq Kimya Olimpiadasının bayrağı oradan Azərbaycana - MDU-nun Bakı filialına gətirilib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov "Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları"nın təsdiq olunması barədə əmr imzalayıb. Qaydalara görə seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarət olacaq. Qalib şagirdlərdən ibarət komanda yaradılacaq və həmin komanda olimpiadada respublikamızı təmsil edəcək. Seçim turlarında qalib olan şagirdlərdən ibarət komanda MDU-nun Bakı filialının professor-müəllim heyəti tərəfindən olimpiadaya hazırlıq mərhələsi keçəcək.

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli 2621 saylı "M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin təşkil edilməsi" haqqında Sərəncamı ilə yaradılmışdır. Filialda ilk tələbə qəbulu 2008-ci ilin yayında həyata keçirilib. Həmin dövrdə tələbə qəbulu üç fakültə üzrə aparılırdı və bu üç fakültədən biri də kimya fakültəsi idi.

Azərbaycan həmişə kimya, xüsusilə neft-kimya elminin yüksək səviyyədə inkişafı  ilə məşhur olmuşdur və bu gün Moskva Dövlət Universitetinin Bakı filialı kimya elmi üzrə bir sıra mütəxəssislər hazırlayır. Universitetin məzunları dövlət müəssisələrində və özəl şirkətlərdə uğurla çalışırlar. MDU-nun Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayevanın diqqəti sayəsində 6 il ərzində kimya fakültəsi sürətlə inkişaf etmişdir.

Nəzərə çatdıraq ki, artıq universitetdə olimpiadanın təşkilatı ilə bağlı hazırlıqlar görülür: katalayzerin ilk nömrəsi, olimpiadanın saytı (icho2015.msu.az), bütün iştirakçılar üçün proqramlar, eləcə də olimpiadanın nəzəri və təcrübi hissələrini keçirmək üçün  lazımi auditoriyalar və laboratoriyalar hazırlanıb.

Böyük bir kampusla əhatə olunan ali təhsil ocağında olimpiadanın keçirilməsi üçün hər bir şərait mövcuddur - müasir avadanlıq, yəni müxtəlif laboratoriyalar: qeyri-üzvi kimya (2 laboratoriya), analitik kimya (2 laboratoriya), üzvi kimya, fiziki kimya, kolloid kimyası, yüksək molekullu birləşmələr (2 laboratoriya), kimya texnologiyası (2 laboratoriya) və radiokimya tədris laboratoriyaları. Bundan başqa kimya fakültəsi informatika, kimyanın saylı metodları, proqramlaşdırmanın əsasları, elm və təhsildə kompüter texnologiyaları (magistr proqramı üzrə) dərslərinin keçirildiyi kompüter otağına və kimya sahəsi üçün vacib olan, I və II kurslarda tədris olunan fizika elminin daha dərindən öyrənilməsi məqsədilə fizpraktikum laboratoriyasına da malikdir.

Filialın avadanlıq baxımından yüksək peşəkarlıqla təchizatı tələbələrə nəinki uğurlu təhsil verməyə, həmçinin kimyanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi araşdırmalar aparmağa imkan yaradır.

Aşağıda laboratoriya işləri aparmaq üçün istifadə olunan əsas avadanlıqların qısa xarakteristikası verilmişdir.

Algilent 7890A Qaz xromatoqrafı HP-5 tərpənməz maye fazalı kapilyar kalonkalarla (temperatur qradienti mümkündür, qaz-daşıyıcı - azot generatorundan azot).

Avadanlıq qeyri-qütbi və az qütblü uçucu birləşmələrin (məsələn, torpaq və suda mövcud olan neft məhsullarının təyin edilməsi) ayrılması və müəyyənləşdirilməsi üçün istifadə olunur. Maye xromatoqraf avadanlıqları, "Akvilon" firmasının yüksək təzyiqli nasosundan, "XimAvtomatika" firmasının spektrofotometrik və amperometrik dedektorlarından, xromatoqraf mənbələrindən istifadə etmək üçün "Multixrom" sistemindən ibarətdir, kalonkalar isə  "Diasorb C16" firmasının sorbentləriylə doldurulmuşdur.  Avadanlıq izokratik rejimdə YEMX-un dövri-faza variantı üçün işləməyə qadirdir. Məsələn, fenol, ksenol, poliaromatik karbohidrogenlər, amin, aromatik turşuların, farmoseptik preparatların  vitamin, profen, b-blokatorlar və s. torpaq və suda olan pestisidlər kimi müxtəlif əsas komponentləri və qarışıqları müəyyən etmək və ayırmaq üçün istifadə olunur. Bundan əlavə, bu avadanlığın köməyilə yüksək effektli maye xromatoqrafları üçün sorbentlərin öyrənilməsində də istifadə edilir.

JenwayPFP7 alovlu fotometr qələvi və qələvi-metal atom və ionlarının intensiv şüalanmalarını ölçməyə imkan yaradır. Avadanlığın vəzifəsi təbii və mineral suların, bioloji mayelərin və s. analizini aparmaqdır. Həssaslığın ölçüsü mkq/ml-dir.

Registə etməyən LekiSS1207 spektrometri və registrə edən UNİCOUV-2804 spektrometri su, torpaq, minerallar, metal ərintilərini və s. ölçmək üçün hazırlanıb. Bərk faza nümunələri, kimyəvi elementlərin çıxarılması, ayrılması və konsentrasiyası açıldıqdan sonra ayrı-ayrı komponentləri müəyyən etmək, turşu-qələvi balansının, tarazlıq kompleks reaksiyalar, hasilatı və sorbsiya tarazlıqla öyrənilməsi mümkündür. Həssaslıq ölçüsü - mkq/ml-dir.

Spectrofluorometer Fluorat-02-Panorama həyəcanlanma spektrlərinin (udma) və maddələrin UB-da lüminessensiya və  görünən spektr regionlarda, eləcə də qeyri-üzvi və üzvi çirkləndiricilərin su, hava, torpaq, sənaye materialları, ərzaq mallarında konsentrasiyasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur.

Spektroskan Maks-GF2E dalğa dispersiyalırentgenoflürosent spekrometri bərk (monolit və tozabənzər) və maye nümunələrini, həmçinin kimyəvi elementlərin konsentrasiyasını, eyni vaxtda çoxelementli təbii və sənaye obyektlərinin (ərintilər, filizlər, torpaq, mineral, neft, yağ və suların) kəmiyyət və keyfiyyət analizini aparmaq üçün istifadə olunur.

Voltamperometrik AVA-3 analizatoru intensiv  voltamperometr üsulu ilə su şəraitində bir sıra kütləvi kation və anionların (məsələn, kadmium, qurğuşun, mis, sink, selenium, arsen və s.)  konsentrasiyasını ölçmək üçün nəzərdə tutulmuşdur.

Bu üsul yüksək təmiz maddələrin çirklənmə dərəcəsini ölçməyə imkan yaradır. Hazırda bu üsulun köməyi ilə obyektlərdə olan ağır metalların və toksik maddələrin  miqdarını öyrənmək, vitamin, farmaseptik prepatatları, pestisidlər kimi üzvi birləşmələri təyin etmək mümkündür. Qeyd etdiyimiz üsul elektrokimyəvi, başqa prinsip üzrə işləyən analitik üsulların arasında ən həssasıdır və bu üsul yalnız neytron-aktivizasiya analizinin həssaslığı ilə müqayisə oluna bilər.

Müasir avadanlıqlarla kolloid kimyası laboratoriyası da təchiz olunmuşdur ki, bu da vacib sənaye məsələlərini həll etməyə imkan yaradır.

PocketDyne BP2100 və EasyDyne (KRUSS, Almaniya) - maye/qaz, maye1/ maye2 səthi gərginliyi ölçmək üçün nəzərdə tutulub.

EasyDrop (KRUUS, Almaniya) - müxtəlif maye və bərk maddələrin künc dərəcələrini ölçmək üçün.

DİN/İSO VİSCOSİMETER 550 fırlanma viskozimetri (Thermo HAAKE, Almaniya) - nəzarət olunan deformasiya sistemində işləyən silindr-silindr hesablama sistemində reoloji xassələri ölçmək üçün istifadə olunur. Aparat deformasiyanın sürəti ilə gərginliyin irəliləməsi arasında asılılığı ayırd etməyə imkan yaradır. Təcrübə obyekti kimi özüllü nyuton mayeləri, qeyri-nyuton mayeləri və zəif quruluşa malik (helium, koaqulyasiyalı strukturlar) sistemlər istifadə oluna bilər.

Qranulların möhkəmliyini ölçən İPQ-1 aparatı nümunələri havada və adsorbik-aktiv mühitdə əzmək üçün lazım olan gücü təyin etməyə imkan yaradır.

Filialın avadanlıq təchizatının qüruru termokameralı İnstron - 5960 universal parçalama aparatıdır.

Aparat polimer və kompozisiyalı materialların mexaniki xassələrini öyrənmək üçün yüksək molekullu birləşmələr və kimya texnologiyasi laboratoriyalarında IV kurs tələbələrinə tədris olunur. Hazırda müxtəlif kimya laboratoriyalarında, eləcə də sənayedə böyük həcmdə kimyəvi materiallar hazırlanır. Lakin onlardan avtomobil və təyyarələr üçün möhkəm və uzunömürlü, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab və ya qablaşdırmalara uyğun olmasını necə ayırd etmək olar? Bu suala cavab vermək üçün materialın möhkəmlik, deformasiya, plastiklik, termodözümlülük kimi kompleks mexaniki xassələrini dəyərləndirmək lazımdır.

Sınaqlar öncədən təyin edilmiş müəyyən sürətlə nümunələrin parçalanması və dinamometrik ölçü cihazı ilə müxtəlif temperaturlarda deformasiyası və gərginliyinin ölçməsindən ibarətdir. Alınan məlumat rəqəmsal və ya qrafik formada birbaşa kompüterə ötürülür. Operator üçün avadanlığın iş prinsipi çox sadədir və nəticələrin hesablanması tamamilə kompüterləşdirilmişdir.

Göründüyü kimi, ali təhsil ocağının maddi-texniki bazası, kadr potensialı bu mötəbər yarışın Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov